ABŞ və Demokratiya Mifi

abs-ve-demokratiya-mifi
Oxunma sayı: 1483

Nadir Qocabəyli

II YAZI

Əvvəli burada

ABŞ-dakı partiya sisteminin vahid mərkəzdən idarə olunması siyasi həyatdan alınmış ayrı-ayrı örnəklərdə daha aydın görünür. 2000-ci il seçkilərini yada salaq. Albert Qor rəsmi açıqlamalara görə, ölkə üzrə kiçik Corc Buşdan daha çox səs toplamışdı, ancaq bir neçə min səsə görə, Florida ştatında məğlub elan olundu. Etirazlar, kütləvi çıxışlar başladı, xüsusilə də, sözügedən ştatda. Ancaq Qor mübarizədən çəkinərək, məğlub olduğunu etiraf etdi, halbuki qubernatoru respublikaçılar partiyası namizədinin doğma qardaşı Ceb Buş olan Florida ştatında seçki zamanı kobud qanun pozuntularının baş verməsi haqda məlumatlar vardı və seçkilər həmin qubernatorun təyin etdiyi şəxsin rəhbərliyi ilə respublikaçılar partiyası fəallarının, eyni zamanda, Buş ailəsinə yaxın insanların iştirakı ilə keçirilmişdi. Bizdə belə şeylər olanda ABŞ-dan və Avropadan təşrif buyuran emissarlar bunu ciddi qanun pozuntusu sayır, demokratiyanın pozulduğunu bəyan edirlər, amma öz gözlərindəki tiri görmək istəmirlər.

Eyni hal 2004-cü ildə də təkrarlandı, ancaq bu dəfə Ohayo ştatında. Bu dəfə məğlub elan olunan Con Kerri uduzduğunu dinməz-söyləməz qəbul etdi. Hərçənd, seçki ərəfəsində keçirilən bütün sorğular, hətta səsvermə başa çatdıqdan sonra elan olunan exit-poll nəticələri onun xeyrinə idi.

Bu cür faktları bəzi ekspertlər və kütləvi informasiya vasitələri “yüksək siyasi mədəniyyət” göstəricisi kimi təqdim etməyə çalışırlar. Bu bəlkə də, bir tərəfdən doğrudur, ancaq digər tərəfdən, bu, ölkədə hətta aparıcı siyasi fiqurların belə, şəxsiyyətdən məhrum edilmiş marionetlər, güclü siyasi aparatın vincikləri olması anlamına gəlir. Bu, ABŞ-dakı siyasi sistemin fundomental özəlliyini göstərən ciddi faktdır: şəxsiyyət heç nəyi həll etmir, ondan heç nə asılı deyil və hər şey ölkənin real hakimi olan qüdrətli “gözəgörünməz” elitanın əlindədir.

Bu idarə üsulu ABŞ-da təkcə siyasi partiyalar sistemində deyil, seçki sistemində də mövcuddur. Gəlin, ABŞ prezidentinin formal olaraq xalq tərəfindən seçilmədiyini xatırlayaq. Onu ayrı-ayrı ştatlardan olan təmsilçilər seçir. Bu təmsilçilər mənsub olduqları ştatlarda keçirilən seçkilərin nəticələrinə uyğun səs verməli olsalar da, ümumxalq səsverməsi nəzəri cəhətdən yenə də həlledici olmur. Həm də təkcə nəzəri cəhətdən deyil, praktiki baxımdan da. Az öncə qeyd etdiyim kimi, 2000-ci ildə Albert Qor daha çox səs toplasa da, qalib Buş elan olunmuşdu.

Ancaq bu da əsas məsələ deyil. Gəlin hər iki partiyadan namizədlərin irəli sürülməsi zamanı seçki prosesinin necə keçdiyinə nəzər yetirək. Bu, hər seçkidən-seçkiyə dəyişdirilən çox qəribə bir prosedurdur. Partiya, daha doğrusu, onun rəhbər orqanları praymeriz deyilən partiyadaxili seçkilərin qrafik və şərtlərini tərtib edirlər. Lakin həmin bu praymerizlər elə mürəkkəb, hətta dolaşıq sxem üzrə keçirilir ki, çox zaman siyasi şərhçilər belə bundan başa aça bilmirlər. Buna ən gözəl misal 2008-ci ilin prezident seçkiləri zamanı demokratların keçirdiyi praymerizdir. Təkcə sıravi vətəndaşlar deyil, informasiya agentlikləri də bu yarışda kimin liderlik etdiyindən, partiya nümayəndələrinin çoxunun kimi dəstəklədiyindən baş aça bilmədilər. Ən qəribəsi isə budur ki, bütün ekzotik sxemlər, müxtəlif kateqoriyalı nümayəndələr, praymerizlərin ayrı-ayrı ştatlarda fərqli üsullarla keçirilməsi və digər məsələlərlə yanaşı, hər bir ştatda partiyadaxili seçkilərin üç tipi mövcuddur: 1. caucus; 2. nümayəndələrin alınan proporsional səslər üzrə bölüşdürülməsi ilə nəticələnən seçkilər; 3. qalibə geniş səlahiyyətlər verən seçkilər. Caucus – ştatın partiya fəallarının öz yığıncağında namizədlərə birbaşa səs verilməsidir. Lakin “caucus”ların nəticələri çox zaman "popular vote” ların (partiya fəallarının deyil, qeydə alınmış seçicilərin səsverməsi) nəticələri ilə üst-üstə düşmür. Təbii ki, əgər bu səsvermələr keçirilirsə. Çünki partiya rəhbərlərinin təyin etdiyi praymerizlərin tarixinin dəyişdirilməsi müəyyən ştatlarda bu seçkilərin ləğv olunmasına gətirib çıxarır ki, bu da prosesi daha da dolaşığa salır. Bütün bunlar partiya rəhbərlərinə mümkün nəticələri “tənzimləmək” və müəyyən səbəblərdən yaramayan namizədi istənilən mərhələdə sıradan çıxarmaq üçün olduqca geniş imkanlar yaradır.

Bəs bu “idarəolunan xaos” nəyə xidmət edir? Əlbəttə, gələcək prezidenti yaxşı təşkilatlanmış və nəzarət olunan partiya elitasının mürəkkəb “ələk” mexanizmindən keçirən başlıca məqsədə. Bu, seçilmiş prezidentin elitanın nəzarətindən heç vaxt çıxmayacağına və ona qarşı getməyəcəyinə ən mühüm (ancaq yeganə deyil) təminatdır.

(ardı var...)