ABŞ və Demokratiya Mifi

abs-ve-demokratiya-mifi
Oxunma sayı: 1693

Nadir Qocabəyli

ABŞ bütün dünyada demokratiyanın qalası sayılır, əslində isə bu, XX yüzilin ən böyük miflərindəndir. Bu mifin dünya əhalisinin beyninə yeridilməsi, yayılması, mütləq şəkildə təsdiqini tapması üçün külli-miqdarda vəsait, ilk növbədə üzərində Amerika prezidentlərinin əksi olan xeyli “kağız” xərclənib. Yeri gəlmişkən, bu kağızlar məhz demokratiya mifinə, eyni zamanda “demokratik bombardmanlara” qoyulan əla investisiyadır. Ancaq onu da qeyd etmək lazımdır ki, “dollar” adlanan pul dünyanın əsas ehtiyat valyutasına çevrildiyi üçün ilk növbədə “demokratik mifə” borcludur.

Ancaq bu ayrıca bir mövzu olduğundan qayıdaq demokratiyanın özünə. Gəlin “demokratiya” sözünün özündən başlayaq. Məlum olduğu kimi, bu söz iki hissədən ibarətdir və yunan dilindən tərcümədə “xalq hakimiyyəti” anlamına gəlir. Yəni demokratik quruluş hakimiyyətin xalq tərəfindən idarə olunduğu siyasi sistemdir. Gəlin baxaq görək, “demokratiyanın beşiyi” sayılan ABŞ əhalisinin əksəriyyətinin əlində real hakimiyyət varmı?

Əvvəlcə “real hakimiyyətin” özünün nə demək olduğunu müəyyənləşdirməyə çalışaq. Müxtəlif siyasi və fəlsəfi izahatları, terminləri kənara qoyub bu anlayışa ən sadə tərif verək: “real hakimiyyət” xalqın, əhalinin böyük bir hissəsinin heç olmasa hərdən (amma yaxşı olar ki, tez-tez) ölkədəki strateji qərarların qəbulu prosesinə, başqa sözlə desək, ölkənin, dövlətin taleyinə real təsir göstərməsidir.

Elə isə, bütün dünyaya demokratiya örnəyi olmaq istəyən Amerikanın öz xalqı, sıravi amerikalıların çoxu ABŞ-ın qəbul etdiyi strateji qərarlara həlledici, ya da heç olmasa ciddi təsir göstərə bilirmi? Əgər bilirsə, bu nə dərəcədə intensiv xarakter daşıyır? Birləşmiş Ştatların bütün tarixi, xüsusilə də son 150 (sərt ikipartiyalı sistemə keçiddən sonrakı dövr) ilin təcrübəsi göstərir ki, bu təsir ancaq nadir və istisna hallarda müşahidə olunur.

Oxucu soruşa bilər: bəs demokratik siyasi sistem, hakimlərin və şeriflərin də seçkisi daxil olmaqla bütün səviyyələrdə keçirilən seçkilər, mətbuat və fikir azadlığı necə olsun? Axı bütün bunlar mövcuddur. Bəli, bütün bunlar formal, hətta real olaraq var, ancaq bu faktın özü belə Amerika xalqının strateji qərarların qəbulu prosesinə nə vaxtsa və hazırda real təsir göstərdiyi nəticəsinə gəlməyə heç bir əsas vermir.

Əslində burada heç bir paradoks yoxdur. Gəlin, ABŞ siyasi sisteminə və onun fəliyyətinə qısaca nəzər salaq. Belə bir analizdən sonra gəldiyim başıca nəticə ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarında mükəmməl təşkil olunmuş oliqokratiya mövcuddur; onlar bu sistemin fasadını və utopik mahiyyətini dünyada hamıdan yaxşı maskalaya biliblər.

Oliqokratiya, ya da oliqarxiya hakimiyyətin azlığın, azsaylı qrupun, sinfin, təbəqənin əlində olmasıdır. Birləşmiş Ştatlarda da məhz bu idarə üsulu hökm sürür. Yeri gəlmişkən, bu bütün dünyada belədir. Bu ölkənin elitası dünya tarixinin ən yaxşı təşkil olunmuş qruplarındandır və on illərdir ki, ölkəni ardıcıl olaraq monopolistcəsinə, varislik əsasında idarə edir. Həm də bu elita çoxdandır ki, mahiyyətcə “plutokratikdir”, yəni loru desək, “pul kisələrinin” hakimiyyətinə əsaslanır.
Amerikanın partiya sisteminə də ötəri baxmaqda yarar var. Məlumdur ki, bu sistem iki ənənəvi əsas partiyadan ibarətdir: respublikaçılar və demokratlar. Digər partiyalar isə, demək olar, heç bir rola malik deyillər. Yəni ən azından federal səviyyədə qəbul olunan mühüm qərarlara heç bir təsirləri yoxdur. Üçüncü nüfuzlu siyasi partiyanın yaradılmasına edilən bütün cəhdlər hər zaman iflasa uğrayıb. Amma belə cəhdlər bir neçə dəfə olub. Siyasi elita, isteblişment hakimiyyət monopoliyasına doğru istənilən meylin qarşısını sərt şəkildə alaraq, “dualist” sistemi israrla qoruyur. ABŞ-dakı ikipartiyalı sistem oliqokratiyanın ən parlaq nümunəsdir, burada ölkəni idarə edənlər süni surətdə iki hissəyə bölünərək siyasi məkana nəzarət edir və “kənardan” heç kəsi buraxmırlar.

(ardı var...)