“O “düşmən” bu gün də Əliyə mane olur”

o-dusmen-bu-gun-de-eliye-mane-olur
Oxunma sayı: 8355

“Nolsun, anam da şeir yazmır”. Əli Kərimin sadə sözlərindəndir, çox güman, adi günlərin birində dilinə gəlib. Ədəbi mühit içində olduqca, bəzən qurdlu günləri, bəzi çürük adamları gördükcə, başa düşürsən ki, Əli Kərimin həmin sözləri deməkdə qəsdi bu imiş: “Əsas yaxşı insan olmaqdı”.

Əli Kərimin ömür boyu bir yerdə işləyib: İndiki “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri vəzifəsində. Ölümündən bir neçə il əvvəl o kiçik vəzifədə də bezdiriblər, ərizəsini yazmalı olub. Karyera pillələrini dırmanmayıb.

Əli Kərimin “Ürək güzgüsü” adlı pyesində İxtiyar adlı qəhrəmanı şöbə müdiri vəzifəsindən sıravi elmi işçiliyə salınmasıyla bağlı bir nəfər ona sual verir: “Sizi sıxışdırırlar?” İxtiyar belə cavab verir: “Sıxışdırıb qurtarıblar, sıravi elmi işçidən o tərəfə yer olmadığı üçün əlacsız bir halda mübarizəni dayandırıblar”.

Əli Kərimlə də mübarizəni bu cür dayandırmışdılar, ən aşağı vəzifədə çalışıb həmişə, sonra da işsizlik... Fəqət onun qurtaran divarından, dirəndiyi dalandan sonra nəhayətsizliyə açılan bir istedad ərazisi var ki, o yeri Əli Kərimin əlindən heç kəs, heç zaman ala bilmədi… O ərazi daxilində Əli Kərimlə mübarizə üsulu dünən də yox idi, bu gün də yoxdu, sabahlarda da olmayacaq... Az ömrünü Əli Kərim mənasız, oxucusuz yaradıcılığa yox, qalıcı, yaşarı əsərlərə həsr etdi… 24 yaşında yazdığı “İki sevgi” şeirindən də görünür ki, yaradıcılığının ilk illərindən elə Seçilmiş əsərlərini yazıb…

Əli Kərimin həyat yoldaşı Elza xanımla söhbət etdik... Şairin oğlu, klassik ədəbiyyatımızın fədakar tədqiqatçısı, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Əlioğlu da evdə idi və maraqlı fikirləri ilə hərdən söhbətimizə o da qoşulurdu:

FƏRİD HÜSEYN:

Elza xanım, bildiyim qədəri uzun illər əvvəl bir tibb işçisi ilə sizin belə bir sərt dialoqunuz olub. Sizdən kinayəylə soruşub ki, - Əli içirmiş. Düzdürmü? - Siz də ona sual vermisiniz ki: - Sən Məhəmməd Füzulini sevirsənmi? – O tibb işçisi – sevirəm deyib. Belə bir acıqlı cavab vermisiniz: - “Bilirsənmi onun neçə arvadı, neçə uşağı varmış? Bilirsənmi, o içirmiş, ya içmirmiş? Sənə şairin şeiri lazımdır, yoxsa? Mən Əli Kərimə xalqımın oğlu kimi baxıram, qiymətləndirirəm. Sonra uşaqlarımın atası kimi. Daha sonra həyat yoldaşım kimi. Necə istəyirsən, elə də başa düş…” Sualım budur ki, niyə yaşadığı illərdə, hətta ölümündən sonra da Əli Kərimin içki içməyini bunca qabardıblar, onun nakam ömrü ilə yanaşı “içirdi, çox içirdi” ifadəsini guya yanğıyla deyə-deyə araq aşiqi obrazını da yaradırdılar. Nə idi buna səbəb?

ELZA KƏRİM: Hə, həmin hadisə yazıçılar poliklinikasında olub. Yazıçı-şairlərin də arvadları da dayanmışdı orda. Həmin həkimin də firon vaxtlarıdı. O vaxt da mebel tapılmırdı, onlar mebel, almışdılar, hamı onlara yaltaqlanırdı. Bizim bəzi insanlarda moddu axı imkanlı adamlara yaltaqlanmaq. O gün kiçik oğlum Orxanı həkimə aparmışdım. Keçəndə həkim həmin sözü mənə dedi. Sən sualında dediklərini onda dedim ona. Əlavə bir də onu dedim ki, Əli Kərimin içməyi mənə aiddi, şeirləri sənə. Sən Əli Kərimin içməyindən danışa bilməzsən, şeirlərindən danışa bilərsən. Pis cavab vermişəm, oğul?

FƏRİD HÜSEYN: Yağlı cavab vermisiniz...

ELZA KƏRİM: İndi sualına əhatəli cavab verim. Əli Kərimin ölümündən 47 il keçir. Əli Kərimi hələ də qısqanırlar. Hətta onu sevənlərin arasında da qısqananlar həmişə olub. Oğulları ağıllıdır deyə hətta onu övladlarına da qısqanırlar. Əli Kərimi sevənlər çoxdur, ancaq əlində ixtiyar, imkan olanlar heç vaxt onu yada salmadılar. Bu ölkədə yazıçıların qızlarından, oğlanlarından, üzr istəyirəm, məşuqələrindən sonra da Əli Kərimə ev növbəsi çatmadı. Dövlətə müraciət edəndə hamısı oğlu, qızı üçün ağız açdı. Bir dəfə qocaman, əlində də ixtiyar olan bir yazıçı mənə dedi ki, mən oğlum, qızım üçün bu gün ağız açmasam, necə olacaq, öləcəm, qalacaqlar ortalıqda. Tutalım bir şairin həyat yoldaşına təqaüd kəsirlər, birinə ev verirlər, onda Əli Kərimə yada düşmür. Bilkənd Universitetinin professoru, Riyaziyyat Olimpiadasının rəhbəri oğlum Azər deyir ki, ana, sən Azərbaycanda olmasan gəlmərəm bura, atama qiymət verilmədi.

Sən təsəvvür edə bilirsən ki, Azərbaycanda heç vaxt Əli Kərimə yubiley keçirilməyib? Əli Kərim öldü, ev uçotu vardı. O vaxt Altay Məmmədov da ev növbəsindəydi, ona verilməliydi ev, ona dedilər ki, sənə düşmür ev, çünki Gəncədə yaşayırsan, orda mənzilin var. O da gəlib bizə dedi ki, növbəmi verirəm sizə, gedin alın ev. Getdim müraciət etdim. Mənə o vaxtki sədrin adı ilə katiblərdən biri çatdırdı ki, Əli ölüb, növbəsi də batıb. Halbuki həmin yazıçı Əli Kərim öləndə teleqram göndərmişdi, yazırdı ki, Əli Kərim qeyri-adi istedaddı.

Əli Kərimi həmişə ikinci planda saxlamaq üçün onlara əlinin içki içməyini bayraq etmək lazım idi. Əli Kərim tək içirdi? Onunla içənlərə niyə alkaş adı vermirdilər? Bir çox şairlərin həyat yoldaşlarına ərlərinə görə təqaüdlər kəsilib, mən yada düşməmişəm. Allah oğlanlarımın canın sağ eləsin. Mən bunu ehtiyacdan demirəm, sadəcə Əli Kərim heç vaxtı yada düşmədiyinə görə dilimə gətirirəm. Əli Kərimin birinci düşməni onun istedadı idi. O “düşmən” bu gün də Əliyə mane olur. Onun şeirimizdəki yerini kiçiltməklə, kimlərisə böyük görünməyə çalışırlar.

PAŞA ƏLİOĞLU: Anam narazılıq edir, amma məncə, narahat olmağa dəyməz. Çünki əsas bədii irsdir. İrsi çap olunubsa, deməli, əsas iş görülüb. Atamın irsi isə vaxtın imtahanından keçib, çünki ölümündən az qala 50 il sonra da heç bir təbliğat maşınının gücü olmadan oxunur, sevilir. İstəsələr təhlil, tədqiq etsinlər, istəməsələr də yox. Onsuz da hərə bir gün dünyadan köçəcək. Uzun müddət yaşayıb xeyli yazıb tarixdə qalmayan adamları daha çox bədbəxt hesab etmək olar. Öz peşəsində istedadlı olmayıb, uzun müddət yaşayıb-yaradan adamları mən daha talesiz sayıram, nəinki Əli Kərimi. Əli Kərimə bədbəxt adam demək olmaz. Çünki iki cild gələcəkdə də oxunacaq kitabı qalıb.

FƏRİD HÜSEYN: Əli Kərimin vəfatından 16 il sonra “Yazıçı” nəşriyyatında Feyzi Mustafayevin “Dinmə, ey kədər” adlı bir kitabı çap olunub. O kitabın əvvəl cümlələrindən biri belədi ki: “Mən bu kitabı imzam tanınsın deyə yazmıram, onun ömrünün bir saniyəsi də unudulmaması üçün yazıram”. Əli Kərimin sevildiyi bir dövrdə müəllif niyə belə yazırdı, doğurdanmı şairin vəfatından sonra onu unutdurmaq, yaddaşlardan silinməsinə, ikinci dərəcəli bir şair kimi görünməsinə çalışanlar var idi?

ELZA KƏRİM: Hələ bir dəfə də Əli Kərimdən ötrü dövlətə müraciət etməyiblər. Hamısı danışanda sevgiylə danışırlar. Bunu bilin, Əli Kərimi bir şair kimi həmişə itirməyə çalışıblar... Alınmayıb. Bilirsən niyə? Əli Kərimi dildə yox, ürəkdə sevən adamlar olub həmişə. Məsələn, sən adını çəkdiyin Feyzi Mustafayev Sovet dövründə o kitabı yazıb. Bu günə qədərə nə qədər cavan şairlər Əli Kərimin davamçısı olduğunu deyib. Azərbaycan ədəbiyyatında Əli Kərim qədər heç kəsə şeir həsr olunmayıb. Bax, Cavanşir Yusifli Əli Kərim haqda iki kitab yazıb, son puluna çap elətdirib onları. Cavanşirin nəyi var ki, sənin-mənim kimi ortadan da aşağı dolanan adamdı. Amma sevgisi var Əli Kərimə. Yaxud da Altay Məmmədov “Tanıdığım Əli Kərim” kitabını qələmə alıb. Hansımızı belə təmənnasız sevirlər? Ölümündən sonra - Sovet dövründə çıxan kitablarına yaxşı qonorar yazırdılar, sağ olsunlar. Başqasına 3 manat yazanda, Əli Kərimə beş manat qonorar yazan oğlanlar var idi. Atam icazə vermirdi o pulları xərcləməyə, qoyurduq banka. Oğlum Paşaya da, Azərə də elə ev aldım. Özümə söz vermişdim ki, Əli zirzəmidə yaşadı, ancaq oğlanları zirzəmidə yaşamayacaq. Toyların da atalılardan yaxşı elədim.

FƏRİD HÜSEYN: 60-cı illərin ortalarında M.F.Axundov adına mükafat təsis ediblərmiş, Əli Kərimə vermək istəyiblər, bir nasir qırğın salaraq mükafatı özü almaq istəyib, axırı onun əlindən cana yığılıb mükafatı ləğv elətdiriblər.

Yusif Səmədoğluna dövlət yeni ev verəndə onun köhnə evinin sizə verilməsini istəmisiniz, bununla bağlı AYB-yə müraciət etmisiniz, yenə də həmin nasir həyat şəraitinin yaxşılaşdırılması adı ilə həmin evi alıb. Bu hadisələri “Nə xoşbəxt imişəm” adlı xatirə kitabınızda ad çəkmədən yazmısınız. Ancaq bilmək olur həmin adamlar kimlərdir. “Yusif müəllimin köhnə evini sonradan kimə verilib” sualını araşdırmaqla asanca bilmək olur həmin nasirin adını. Yaxud Altay Məmmədovun ev almaq növbəsi vaxtı AYB-nin sədrinin kimliyi də, az əvvəl haqqında danışdığınız yazıçının kim olduğunu aydın edir. Belədirsə ad çəkməməkdə qəsdiniz nədir bəs?

ELZA KƏRİM: Əliyə edilən böyük pislikləri həmişə mahiyyəti xırda olan adamlar edib. Əli sağ olanda bilirsən belə şeylərə münasibəti necəydi? Deyirdi ki, Puşkinin dövründə ondan daha çox hörmət edilən, imkanlı Derjavin olub. Amma Puşkin yazdıqlarına bax, Derjavininkilərə bax. Məsələ bundadır... Nəvəmin, Paşanın oğlunun adı Əlidir. Ona deyirəm ki, oğul, biz görmədik, ancaq sən Əli Kərimin qiymətini almasını görəcəksən. Əli Kərimin ağlına bax e, o vaxt hamı partiyaya üzv olmuşdu, o isə yox. Gör nə ağıllı adam imiş. Əlinin sağlığında onun adına Amerikadan jurnallar gəlirdi, deyirdi ki, gərək bu jurnalları mən KQB-yə verəm, amma vermirəm. Hələ də bilmirəm ki, Əli Kərimə niyə jurnal göndərirdilər.

PAŞA ƏLİOĞLU: O jurnal Sovet vaxtı bir sıra şair-yazıçılara göndərirdilər ki, dünyadan xəbərləri olsun, Sovet İmperiyasından kənarda nələrin baş verdiyini anlasınlar. Şair-yazıçıların çoxu qorxularından həmin jurnalları aparıb verirdilər lazımı orqanlara, Əli Kərim isə oxuyurdu.

FƏRİD HÜSEYN: Elza xanım, bayaq Əli Kərimin heç bir partiyaya üzv olmadığını dediniz, yaddaşıma onunla bağlı oxuduğum bir əhvalat düşdü. Bir dəfə Məmməd İsmayıl Əli Kərimə rast gəlib deyir: “Ay Əli, sən də partiyanı, dövləti tərifləyən şeirlər yaz, güzəranın yaxşı olsun, ev-eşik yiyəsi ol. Əli Kərim ona belə cavab verir: Düz deyirsən, əgər ömür 1000 il olsaydı, bəlkə də etmək olardı, amma əlli illik ömür üçün sən deyənləri edə bilmərəm. Bu hadisəni elə-belə xatırlamadım, o vaxt partiyaya üzv olmaq bir sıra işləri asanlaşdırır, növbələri “pozurdu”. Bilmək istəyirəm ki, çətin günlərdə, çoxları firavan dolananda, mənzil alanda Əli Kərimə zəmanə adamı olmağın “gərəkliliyini” deyirdinizmi?

ELZA KƏRİM: Yox, qətiyyən, mən Əliyə deyə bilərdim ki, elə eləmə, belə elə? Yaxud hanısısa partiyaya üzv ol? Yaşca da xeyli ondan balaca idim, mən nə bilirdim ki, ona elə məsləhət verəydim. Heç vaxt ona elə bir söz deməmişəm. O mənim üçün böyük bir meyar idi, zirvə idi. Ondan həmişə öyrənirdim, onu öyrədə bilməzdim. Onu təsiri ilə Remarkın, Heminqueyin əsərlərini oxuyurdum. Ona yeganə dediyim söz içməməsi idi, o da məni eşitmirdi.

PAŞA ƏLİOĞLU: O artıq Moskvada Ədəbiyyat İnstitutunu bitirib yaradıcı şəxsiyyət kimi ölkəyə qayıtmışdı. Moskvada da yaradıcı mühitlər fərqli idi: Biri var Mayakovski tərəf, biri də var Pasternak tərəf. Əli Kərim Pasternak tərəfin təsiri ilə formalaşmışdı və düşünürdü ki, əslində, partiya lazımlı bir şey deyil. Bakıya qayıdanda da Əli Kərim ətrafındakıların çoxu onun təsirinə düşürdü, nəinki onu təsir altına salalar. Pasternakı Nobel mükafatı aldığına görə sevmirdilər, öləndə nekroloqunda onu adi bir qurumun üzvü kimi təqdim edirdilər və Əli Kərim bundan hiddətlənirdi ki, bu boyda allahsızlıq olmaz axı, bu böyük istedaddı. Dünyanın o başında istedadlı bir şairin şeirləri əlinə düşəndə oxuyub bəyənirdisə, onunla fəxr edirdi. Poeziya onun üçün bu dərəcədə əziz idi. O, dövrün çərçivələrinə sığan adam deyildi.

ELZA KƏRİM: Çünki gözü tox idi istedaddan. O vaxtki yaradıcı adamlar var idi ha, Əli onların əksərinin əsərlərini oxumurdu. Bir neçə səhifə oxuyandan sonra qatlayıb çoxun qırağa qoyub dünya ədəbiyyatını mütaliə edirdi. Onun təsiriylə o qədər dünya ədəbiyyatı oxuyurduq ki, elə bilirdik Azərbaycan da bir xarici ölkədi, yaşayırıq.

PAŞA ƏLİOĞLU: O vaxt komandaların içində Almaniya Federativ Respublikasına azarkeşlik etməyin üstündə bizi qınayırdılar. Mən də deyirdim ki, onlara azarkeşlik etməyi niyə faşistlik kimi qəbul edilsin ki? Əli Kərimdən keçmişdi o xasiyyət bizə, o da kapitalist ölkələrinə normal yanaşırdı. Azad insan idi. “Sovet İnsanı” ifadəsindən xoşu gəlmirdi, onun üçün ancaq İnsan anlayışı var idi.

FƏRİD HÜSEYN: Altay Məmmədovun yazdığı “Tanıdığım Əli Kərim” kitabı uzun illər əvvəl yazılsa da 4 il əvvəl çap olunub. Əli Kərimi sevənlər arasında bir adam yox idi ki, o kitabı çap etdirməyə kömək edə?

PAŞA ƏLİOĞLU: Fərid, icazə ver o suala mən cavab verim. Çünki elə məqamlar var ki, onları açıq demək lazımdı. Altay müəllimin ölümündən sonra əlyazmasını oğlu gətirdi mənə, yığdırdım, redaktə elədim, gücüm buna çatdı. Altay müəllimin oğlu Elcanla birgə nəşr etdirdik. Nə Elcanda, nə də məndə elə bir üz yoxdu ki, kiməsə belə şeylərdən ötrü ağız açaq. Nəşr xərclərini Elcan boynuna götürdü, çapa hazırlamağı mən. O kitab çoxdan yazılsa da, uzun müddət maddi vəsait olmadığına görə çap edilməyib. Qaldı ki, sənin sualının əsas tərəfinə, bayaq Elza xanım doğru dedi, sırf iş görmək, kömək etmək məqamı yetişəndə hamı çəkilir qırağa. O kitabın bəzi hissələrini Altay müəllim sağ ikən mənə vermişdi, “Ulduz” jurnalında çap elətdirmişdik. Onda “Ulduz”un redaktoru Ələkbər Salahzadə idi.

ELZA KƏRİM: Ələkbər Salahzadə də Əli Kərimin yetişdirdiyi cavanlardan idi də. Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə, Vaqif İbrahim və s. saatlarla gəlib otururdular bizdə. Əli onlarla məşğul olurdu, dinləyirdi, vaxt ayırırdı, kitablardan danışırdı, suallarına cavab verirdi. Əli çox xarakterli adam idi, gəncləri çox istəyirdi. Bir dəfə Camal Yusifzadə haqda “İntellekt və poeziya” adlı bir məqalə yazmışdı, oxuyub dedim ki, sən bu cavan oğlanı elə tərifləmisən elə bil səndən də yaxşı yazır. Sərt-sərt üzümə baxıb dedi ki, o nə sözdü danışırsan, məndən cavan məndən daha yaxşı yazmalı deyil? Həyat davam edir, bizdən sonra gələnlər bizdən yaxşı olmalıdırlar da.

FƏRİD HÜSEYN: Əli Kərim “Azərbaycan” jurnalından Cəlal Məmmədovla aralarındakı münaqişəyə görə çıxıb. İşdən ərizə yazmasına səbəb nə olub?

ELZA KƏRİM: O vaxt, Cəlal Məmmədov “Azərbaycan” jurnalının baş redaktoru idi. Jurnalın forzasında bir aşığın yöndəmsiz bir şeirini veribmiş Cəlal müəllim. Əli də poeziya şöbəsinə baxırmış, hirslənib ki, bu nə şeirdi axı əvvəldə verirsən? Beləcə sözləri çəp gəlmişdi, Əli ərizəsini yazıb işdən çıxmışdı.

FƏRİD HÜSEYN: Sizin xatirələrinizdən oxudum ki, ömür boyu maddi sıxıntılar çəksə də pulun qədrin bilən adam olmayıb. Moskvada oxuyanda əlinə pul keçəndə əskinasın bir-ikisini cırıb atırmış ki, sən məni çox incitmisən. Bilmək istəyirəm cibinin bərəkəti olmaması, sonuncu pulunu kitablara, məclislərə verən, qonorarını dostlarına paylayan bir adama “heç belə olmaz, dar günü, sabah fikirləş” deyirdinizmi?

Ardı var...

Fərid Hüseyn

Xüsusi olaraq “Qafqazinfo” üçün

İkinci hissə BURADA