“İndi belə kişi var?..” - Elza Kərim

indi-bele-kisi-var-
Oxunma sayı: 10034

Mərhum şair Əli Kərimin həyat yoldaşı Elza Kərim ilə müsahibənin ikinci hissəsini təqdim edirik:

Müsahibənin birinci hissəsi BURADA

ELZA KƏRİM: Bir hadisə danışım sənə. Bir dəfə avtobusda anası, mən və Əli gedirik, Əli də 800 manat qonorar alıb verib mənə. Pulu çıxartdılar çantamdan. Avtobusdan düşəndə başladım ağlamağa, bu da qabaq tərəfdən düşüb bizə sarı gəlir. Dedi nolub, dedim bayaq verdiyin pulu oğurladılar çantamdan. Dedi ürəyim düşdü, elə bildim uşaqlara nəsə olub, narahat olma radiodan alacağım var. Dünyanı dərk edən adam idi deyə, dünya malında, maşında, evdə gözü yox idi. Tələbə vaxtı təqaüdlə Moskvada keçirirmiş yayı, atası faytonçu idi deyə evlərinə gəlməyə pulu olmurmuş. O çətinliyin qarşısında əlinə pul düşəndə cıra bilirmiş. Onu Əli edirdi, amma mən edə bilməzdim. Onun ürəyi böyük idi. Bir də o vaxt belə şeyləri düşünmürdüm, elə bilirdim Əli Kərim həmişə yaşayacaq, qazanacaq, dolanacaq. 11 il bir yerdə yaşamışıq, 3 uşağımız olub. Heç başımız açıldı ki, dar günü düşünək, həyata elə aludə olmuşduq ki...

FƏRİD HÜSEYN: Əli Kərimə qədər doqquz bacı-qardaşı olsa da heç biri qalmır. Deyilənə görə bəzən bacı-qardaşlarının ikisi bir gündə ölürmüş. Bircə bacısı Əminə sağ qalır. Adətən, belə tək böyüyən oğlan uşaqlarında eqoistlik olur, belələri bölüşməyi, paylaşmağı sevmirlər. Əli Kərimdə belə xüsusiyyətlər vardımı?

ELZA KƏRİM: Yox, nə eqoistlik... Ürəyi açıq idi. Bir dilənçi görsəydi pul verib, sonra yarım saat söhbət edirdi onla. Əli üçün vəzifə, rütbə anlayışı yox idi, onun üçün hamı insan idi. O bizlərdən deyildi, oğul. Qeyri-adi idi. Evə gəlib mənə irad tuturdu ki, ev niyə belə səliqəlidi, uşaqları havaya aparmamısan? İndi belə kişi var?

Kasıb idik də, pulumuz az idi, o az pulumuza gedib özümə pal-paltar alsaydım, deməzdi ki, sabah bəs nə yeyəcəyik, əksinə sevinərdi. Övladlarımın heç biri içmirlər, papiros da çəkmirlər, amma qadın sevməkdə Əliyə tay ola bilməzlər. Əli qəşəng oğlan idi, qızlar ona yüzlərlə məktub yazırdılar, açmırdı, gətirib verirdi mənə ki, oxuyarsan. Uşaqları çox sevirdi. Deyirdi mən ata - anayam. Ölümündən əvvəl kiçik oğlumuz Orxanı süddən kəsmişdim, uşaq ağlayırdı. Bir də gördüm Əli də ağlayır ki, uşağı süddən kəsmə... Belə ata idi o...

FƏRİD HÜSEYN: Əli Kərim ağırlıq qaldırarmış, maraqlı rəsm əsərləri çəkərmiş, muğam oxuduğu vaxtlar da olub. Rəsul Rzanın “Gedər bu gözəllik sənədə qalmazı”nı zarafatla dəyişib “Gedər bu çirkinlik bizə də qalmaz” deyə zümzümə edərmiş. Dost məclislərinin də başı olmağından çox yazılıb. Hansı tərəfdən baxsan bu maraqlı adamın şeirlərinin bunca nisgilli, ağrılı olması nə ilə bağlıdı?

ELZA KƏRİM: Bir dəfə oxuyurmuş, anam elə bilib radioda mahnı verirlər, girib otağa, Əli utandığından dayanıb. Anam deyirdi bilsəydim girməzdim otağa, çox gözəl oxuyurdu Həmişə deyirdi uşaqların toyuna Xan Şuşunskini çağıracam. Mən də deyirdim ki. Xan indi modda deyil axı, deyirdi ki, sizə kim lazımdı onu çağıracam, özümə Xanı. Rəsul Rzanın şeirini dəyişib dilinin altında mızıldanardı çox vaxt.

Onun şeirləri kədərli ola bilər, ancaq o ən ağrılı vaxtlarında da bir insan ona yaxınlaşsaydı, başlayacaqdı üzü gülməyə. İnsanlarla münasibətdə üzünü belə turşutmazdı. Həmişə nikbin olardı. Qaldı ki, yaradıcılığındakı nisgilə, şeir o demək deyil ki, bayram olmalıdır. Ən yaxşı şeir həyatın dərinliyini, ağrılarını göstərəndi. Başqalarının dərdini göstərən şeir əsl şeirdi. Əli Kərim də əsl şeir yazırdı, ona görə də şeirlərində sən deyən ağrı, nisgil var...

FƏRİD HÜSEYN: Əli Kərimin sizin və övladlarının bir şəxsiyyət kimi yetişməyinizdə nə kimi rolu olub?

ELZA KƏRİM: Mən ailə quranda 19, Əlinin 27 yaşı var idi. Həyatda hansı üstün keyfiyyətlərim varsa, hamısı Əli Kərimdən gəlmədi. Mən Əlidən sonra elə yaşadım ki, heç kəsin bizə yazığı gəlməsin. Bax Əlinin övladlarına. Hərəsi hörmətli bir adamdı, alimdi. Əlidən öyrəndiyim ən yüksək keyfiyyət onun ailəsinin adını qorumaq, başını uca etmək idi. Onu da şükür ki, bacardığım qədər etdim. Övladları da belə etdilər. Əgər mən bir Məmmədhəsənə ərə getsəydim, indi nə mən, nə də övladlarım belə olmazdı. Biz ondan həyata ciddi münasibət və gözütoxluq öyrəndik. Savadım vardı, amma dünya görüşümü o formalaşdırdı. Əlidən sonrakı beş ildə atam, qaynanam öldü, mən tək qaldım, amma özümü güclü hiss edirdim. O güc məndə Əlini dərk etməkdən yaranmışdı.

FƏRİD HÜSEYN: Zaman-zaman belə söhbətlər gəzir ki, Əli Kərim bir qədər evdən bezgin idi, söz-söhbətlər olurdu, ailədən yarımamışdı və s. Bu danışılanların real əsası var, yoxsa elə bihudə sözlərdi, “çənə zənguləsidi”?

ELZA KƏRİM: Əli namuslu kişiydi, ailəsindən olanını əsirgəməzdi. Mənə göstər görüm hansı ailədə söz söhbət yoxdu? Bu sözləri də şişirdənlər var, onlar bizi istəməyənlərdi. Əli bir dəfə məni vurmayıb, söyməyib. Sadəcə cavan olmuşam, o da şair adam idi, hanısa yubileydən, tədbirdən gec gəlib ərköyünlük eləmişəm. Sonralar heyifsləndim ki, kaş hər gün Əli gec gələ, amma gələ... İndi Hətta Əli ilə özümü bədbəxt hesab elədiyim günümün də həsrətini çəkirəm.

FƏRİD HÜSEYN: Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan məktublaşmalarınızda da bəzən münasibətlərinizin kəskinləşdiyi görünür. Məktublardan birində sizin küsüb getməyinizlə bağlı Əli Kərimin bezginliyi aşkardı, deməli, sizə yazır ki, gəl görüşüb danışaq, telefonda tale həll eləmək olmaz: “Sən mənimlə oturub söhbət etmək istəmədiyin üçün iki çıxış yolundan biri qalır: AYRILMAQ YOLU. Heç olmasa bu yolda sən mənə əziyyət vermə. Qəti qərarın varsa, məsələni tezləşdirməkdə mənə kömək et. Razılıq qeydini və pasportları elə indicə mənə ver. Mən daha dözə bilmirəm. Qoy nə olur, tez olsun”.

Belə məqamlarda, yəni ayrılmaq həddinə çatanda hansı güc sizi ayrılmamağa, yenidən eyni tavanın altında yaşmağa sövq edirdi?

ELZA KƏRİM: Atam, anam qoymurdu ayrılmağa. Anam deyirdi ki, sən heç güzgüdə özünə baxmısan? Gör nə gündəsən? O cür oğlana getmisən, bizim evdə sənə yer yoxdu. Həm də uşaqlarımız vardı, bir-birimizə istəyimiz vardı. Hər xırda davadan ötəri ayrılmaq olmaz. Amma cavan vaxtı adam hər dalaşanda elə bilir ayrılacaq... Ərköyünlük edirdim...

FƏRİD HÜSEYN: “Qayıt” şeiri sizin nişanlı olduğunuz, valideynlərinizlə birgə Şuşaya istirahətə getdiyiniz vaxtlarda yazılıb. Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki məktubun tarixindən də həmin vaxt olduğu aydın görünür. Amma çoxu elə bilir ki, 1966-cı ildə, küsülü vaxtlarınızda, siz acıq edib evdən gedəndə yazılıb. İnsanlarda formalaşan bu səhv qənaətin kökündə nə dayanır?

ELZA KƏRİM: Münasibətlərimizin kəskinləşən vaxtı yazdığı çoxlu şeirlər var, amma “Qayıt”ı şeir biz nişanlı olan vaxtda qələmə alıb, darıxıb yazıb və o məktubda da qeyd edib. O qədər məsələni səhv qavrayırlar ki insanlar, bu nədir ki... Həqiqət isə həqiqətliyində qalır...

FƏRİD HÜSEYN: Saçlarınız ağarıb. Bu yaşa çatdıqca yəqin təsəvvürləriniz də dəyişir, heç Əli Kərimi öz qocalığınıza uyğun yaşda təsəvvür edə bilirsiniz?

ELZA KƏRİM: Yox, Əli həmişə cavan qaldı yaddaşımda... Mən qocaldım... Bir məsələni də deyim: Əli nə vaxt yuxuma girirdisə rəhmətlik oğlum Orxanı soruşurdu. Elə hey, Orxan, Orxan. Elə ki, Orxanda xəstəlik tapıldı, o gündən Əli yuxuma girmir. Görəsən, o dünyadan bu dünyanı görürlər? Orxandan sonra Əli də getdi...

FƏRİD HÜSEYN: Əli Kərimin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan epikriz məlumatında ölümünə səbəb ürək trombu göstərilir. İçmirdisə bəs son üç ilin içində Əli Kərimin səhhəti niyə o dərəcədə kəskin pisləşib, belə bir xəstəlik onu ölüm həddinə çatdırıb, hansı əsəbdən, sıxıntıdan?

ELZA KƏRİM: O illərdə ölümlə bağlı saysız-hesabsız şeirlər yazdı. Bəlkə də o şeirləri içindən qaynadıb çıxarmaq onu o cür ölümə apardı. İndi başa düşürəm, onda qanmırdım. 1969-cu il iyun ayının 3-ü idi, gəldib gördüm “Vəsiyyət” şeirin yazıb, əlyazma stolun üstündə idi. Yazı masası səliqəsiz olardı Əlinin, mən sahmana salardım. Yazı masasını sahmana salanda o şeir düşdü əlimə, götürüb aparıb Cabir Novruzun həyat yoldaşı Safuraya oxudum, məəttəl qaldı. Bir azdan Əli gəldi. Dedim o nə şeirdi yazmısan? Ölümdən yazma. Qışqırdı üstümə, dedi əlyazmalarıma niyə əl dəyirsən. Sən demə, istəmirmiş onun öləcəyini biləm. Öldüyü gün xəstəxanaya apara bilmirdik e... deyirdi ki, Orxanı qoyub getmək istəmirəm, gecə mənsiz yatmayacaq... Öldü, gözlərini mən örtdüm, mənim şəklim getdi onun gözlərində... Əli Kərim ölüm haqda şeirlər yazanda hamı elə bilirmiş ki, o xəstədir. Öləndən sonra qəzetlər yazırdılar ki, Əli Kərim uzun sürən xəstəlikdən sonra öldü (gözləri dolur)...

FƏRİD HÜSEYN: Ölüm ayağında o vaxtki qonşunuz Elbrus Əhmədə deyib son sözünü: “Dostlara deyin canlarının qədrini bilsinlər...”. Bəs Əli Kərimə “canının qədrini bil” deyən dostları vardı, ümumiyyətlə, onun qəsdən içidirlərmiş söz-söhbəti nə dərəcədə ağlabatandır?

ELZA KƏRİM: Anam xəstəxanaya gələndə yolda Elbrusu görüb demişdi. O da Tofiq Bayrama, Məmməd Araza deyib. Əli öləndə nə görsəm yaxşıdı: Məmməd Araz ağlaya-ağlaya saçın yolurdu. Əlini xərəyə də qoymadılar, sağlam adam kimi qucaqlarında apardılar.

Əlinin dostları da içirdilər, Əli tək içmirdi ki. Əli inanmırdı axı ölə bilər. O ağıllı adam idi, kim onu aldadıb aparıb içirdə bilərdi, əgər canında olmasaydı. Sadəcə bir az qoruya bilərdilər, qorumadılar. Amma Altay Məmmədov qoruyurdu...

FƏRİD HÜSEYN: Ənvər Əlibəyli ilə qonşuluqda yaşamısız, xoş münasibətləriniz olub. Ənvər Əlibəylinin vəfatından sonra onun həyat yoldaşı Şövkət xanım sizi qoşa görüb pis olmasın, ərli günlərini xatırlamasın deyə, Əli Kərim evdən ya sizdən əvvəl, ya sonra çıxıb sizi haradasa gözləyərmiş. Əli Kərimdən sonra birgə, qoşa insanları görəndə o günləri xatırlayırdınızmı?

ELZA KƏRİM: Ənvər Əlibəyli teleradiosunun komitəsinin sədri idi, bizim binada çoxlu yaradıcı adam yaşayırdı, rəhmətlik Ənvər müəllim deyirdi ki, bu binada bir nəfər şair, yaradıcı adam var o da Əli Kərimdi. Əli Kərimi həmişə xatırlamışam, bu gün də xatırlayıram. Hamının yanında da, özümlə tək olanda da...

PAŞA ƏLİOĞLU: Ənvər Əlibəylinin ailəsinə Əli Kərimin bu cür münasibəti, əslində, maraqlı faktdır. Bilirsiniz nə mənada? Tarixilik baxımdan. İnsanlar arasındakı münasibətlərin necə dəyişdiyini, dünənlə bu günün müqayisəsində o hadisə olduqca dəqiq göstərir. İndi elə şey düşünmək bəlkə də heç kəsin ağlına gəlməz, yaxud çoxlarına mənasız görünər.

FƏRİD HÜSEYN: Əli Kərimin övladları yaxşı yerlərdə çalışsalar da, atalarının təbliği ilə məşğul olmadılar. Bu düşüncəni onlara siz təlqin etmisiniz, ya öz canlarında olub?

ELZA KƏRİM: Yox, onlar danışmamağı Əlidən öyrəniblər. Əli Kərim Allahın ona verdiyi istedadla necə həyatda azad yaşamışdı, ölümündən sonra da eləcə azad yaşayır... Minnətsiz... Zamanın imtahanı ağırdı. Füzuli deyirdi ki, “Salam verdim rüşvət deyildir deyə almadılar”. Salamı alınmayan Füzulinin bu gün Bakının ortasında heykəli var. Zaman Əli Kərimin də qiymətini verəcək. İstedad həmişə gec qavranılıb. 80 yaşım var, bu gün-sabah öləcəm. Sadəcə mən istəyirdim görəm, amma qismət olmadı.

PAŞA ƏLİOĞLU: Mən klassik ədəbiyyatın tədqiqi ilə məşğulam. O qədər klassik var ki, haqqında yazılmayıb, yaxud onlardan təzədən yazılmalıdı. Ona qalsa onlara da qiymətin almamış demək olar. Əsas odu ki, Əli Kərimin irsi ortadadır. Kim necə öyrənəcək, nə vaxt öyrənəcək bu sonranın işidir. Bir də başqa meyar oxucusu olmaqdı, kiminsə yubileyin təntənəli keçirə bilərlər, amma həmin adamın oxucusu olmaya da bilər. Əli Kəriminsə oxucusu var.

Məsələn, bu gün televiziyalarda müharibədə həlak olanlar haqda belə bir söz işlədirlər: “Şəhidlik zirvəsi”nə ucaldı. O ifadəni ilk dəfə atam Nəsimi haqqında yazdığı şeirdə işlədib: “Şəhidliyin zirvəsi”. Çoxları bilmir ki, Əli Kərimin şeirindən gəlib dilimizə. Belə məqamlarda yaşayır şairin sözü, şeiri. Yenə deyirəm, mən atama hansısa sosial qayğı göstərilib-göstərilməməyindən heç vaxt narahat olmamışam. Əsas irsinin ortada olmasıdı. İtməyib, batmayıb, oxunur. Əli Kərimin əsərlərində, “Heykəl və heykəlin qardaşı” poemasında, “Şəhidliyin zirəsi”, “Aut”, “Məkr və məhəbbət qalası” şeirlərində danışılan proses, əhvalat bitmir, davam edir... O proses həm də onun şeirlərinin ömrüdü... Bitmir, yaşayır... Ona görə də Əli Kərimin biz tərəfdən xüsusi təbliğata ehtiyacı yoxdu.

Fərid Hüseyn

Xüsusi olaraq “Qafqazinfo” üçün