TQDK imtahan suallarını yayan şəxsi məhkəməyə verib

tqdk-imtahan-suallarini-yayan-sexsi-mehkemeye-verib
Oxunma sayı: 2026

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ildə keçirilmiş magistratura imtahanının suallarını yayan şəxsi məhkəməyə verib.

Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, TQDK tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır. 06 mart 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. O, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.

Əvvəlki illərdə keçirilən magistraturaya səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edib ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olub. Bundan başqa Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarının qanunsuz yayılması müəllif hüquqlarının pozulmasına səbəb olub.

Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” Jurnalı Redaksiyası R. Şərifova qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iclasında cavabdeh R. Şərifov izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək.

Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixdəki iclasında MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə:

“İddiaçılar Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “ Abituriyent” Jurnalı Redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması cavabdeh Şərifov Rəşadət Rəşid oğluna qadağan edilməsi;

İddiaçı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 ( iki min beş yüz ) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ödənilməsi;

İddiaçı “Abituriyent” Jurnalı Redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 ( iki min beş yüz) manat məbləğində pul tutularaq “ Abituriyent” Jurnalı Redaksiyasına ödənilməsi;

Məhkəmə qətnaməsinin cavabdeh Şərifov Rəşadət Rəşid oğlunun ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapıb”.