“Qafqazinfo”nun məlumatına görə, Asəf Quliyev 2010-cu ilin iyulunda əmək müqaviləsi uzadılmadığından Az.TV-də işdən çıxarılıb. Bunu qanunsuz sayıb məhkəməyə müraciət edən jurnalist ölkədaxili məhkəmələrin qərarlarından narazı qalıb. Jurnalist hesab edir ki, milli məhkəmələrin qərarları onun Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə təşkil edib.
Jurnalistlərin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) hüquqçuları müdafiə ediblər. Hüquqçular hesab edirlər ki, ölkə məhkəmələri A.Quliyevin iddiası üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı (maddə 10) hüququna müdaxilə ediblər. Avropa Məhkəməsindən jurnalistin hüquqlarının pozulmasının tanınması, onun işlə bağlı çəkdiyi xərclərin, habelə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.
Avropa Məhkəməsinə təqdim olunan şikayətdə bildirilir ki, A. Quliyev 2006-cı ildən Az.TV-də “Uşaq, gənclik və hərbi-vətənpərvərlik” proqramları baş redaksiyasında redaktor vəzifəsində çalışıb. 2005-ci ildə yenidən qurulmasından və cənab Arif Alışanovun sədr təyin olunmasından sonra Az.TV-də bütün əvvəlki işçilər işdən azad ediliblər. Həmin dövrdən Az.TV-də işçilərlə münasibətlərin müvəqqəti qısamüddətli əmək müqaviləsi əsasında qurulması praktikası tətbiq olunmağa başlayıb. Belə müqavilələr 2 və ya 3 ay müddəti üçün bağlanır. Hamı üçün eyni məzmunda olan bu müqavilələrə əsasən müqavilənin müddəti bitdikdən sonra Az.TV həmin işçilərlə əməkdaşlığı davam etdirib-etdirməməkdə tam sərbəstdir. Az.TV rəhbərliyi heç bir səbəb göstərmədən 2 və ya 3 aydan sonra işçi ilə əməkdaşlığı davam etdirməməyə qərar verə, onunla yeni müqavilə bağlamaya bilər. Beləliklə, Az.TV-də çalışan bütün jurnalistlərin başı üzərində davamlı olaraq hər 2 və ya 3 aydan bir işini hər hansı bir ciddi əsas olmadan itirmək qorxusu asılıb. Bu dolaşıq daxili idarəetmə sistemi Az.TV rəhbərliyinə özünün bəyəndiyi “sözəbaxan” jurnalistəri həvəsləndirmək, onlara daha çox tapşırıq və qonorar vermək, “sözəbaxmayanları” isə qonorarsız qoymaqla cəzalandırmaq imkanı verib. Jurnalistin Avropa Məhkəməsinə təqdim edilən şikayətində Az.TV-də tətbiq olunan bu idarəetmə sistemi dövlətin tam nəzarətində olan yayım qurumunun doğru və balanslı xəbərləməsini şübhə altına alan, jurnalistlərin həm əmək, həm də ifadə azadlığı hüquqlarını pozan hal kimi qiymənləndirilir.