Fuad Qəhrəmanlı prokurorluqda şahid qismində dindirilir - Yenilənib

fuad-qehremanli-prokurorluqda-sahid-qisminde-dindirilir
Oxunma sayı: 4275

AXCP sədrinin müavini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət - çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur.

 

***

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub. O, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov F. Qəhrəmanlının şahid qismində dindirilməsi faktını təsdiqləyib.

***

AXCP sədri Əli Kərimli “Facebook hesabında F. Qəhrəmanlıya qarşı cinayət işi qaldırıldığını söyləyib:

“Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik” . 

 ***

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.

APA-nın məlumatına görə, F. Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə gətirilib.