Şirvan Milli Parkı ceyran oğrularını ifşa etdi

sirvan-milli-parki-ceyran-ogrularini-ifsa-etdi
Oxunma sayı: 2850

Ötən gün Salyan rayon Polis Şöbəsi əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyani sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.

Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

Məlumat üçün bildiririk ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübəhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.

Nazirlik qeyd edib ki, mühafizə yegerlərinin milli parklara işə götürülməsi zamanı yaxın ərazidə yaşamaları ilk növbədə nəzərə alınır və bu səbəbdən də onların tam olaraq ciddi yoxlanılması həyata keçirilmir. Bu da belə xoşagəlməz nəticələrə səbəb olur.