“Rəqsanə ərinin gah burnunu, gah əlini paylaşır...” - Elvin Elxan

reqsane-erinin-gah-burnunu-gah-elini-paylasir
Oxunma sayı: 8456

“Maqazin Klubu” olaraq bu dəfə də gündəmin əsas mövzularından birinə toxunmuşuq. Mən – Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan bir araya gəlib məşhurların sosial media həyatını müzakirə etdik.

Pərviz:

- Hər həftə “Facebook” və ya “İnstaqram”da tanınmışlarla bağlı mütləq bir qalmaqal olur. Ya səhv anlaşılma, ya yerində deyilməyən söz, ya da izləyicilərin təhqirləri... Bir müddət əvvəl müğənni Səidə Sultanla bağlı belə bir şey baş verdi.

Elvin:

- Bu məsələrə Səidənin tərəfindəyəm. O, haqsızlıq görəndə çox emosional olur.

Zəhra:

- Bir neçə il əvvəl Səidə Sultanla nənəsi arasında efirdə qalmaqal yaşanmışdı. Səidə həmin vaxt efirdə çox əsəbiləşmişdi. O gün də İnstaqramda ona görə onu tənqid edənlərə çox sərt cavab verdi.

Pərviz:

- Nə qədər əsəbiləşsələr də, məşhurlar adi insanlardan fərqli olaraq nəyisə yazanda, deyəndə iki dəfə fikirləşməlidirlər.

"İnstaqram məşhurların bazarına çevirilib"

Elvin:

- Bizdə məşhurların ən çox istifadə etdiyi sosial şəbəkə İnstaqramdır. Ən çox izlənilənlər də məlumdur: Sevil və Sevinc Səfərova bacıları, Zaur-Günay cütlüyü, Röya, Günay İbrahimli... Bunlar yarım milyondan çox insanın izlədikləri məşhurlardır. Amma indi İnstaqram bu məşhurların bir növ həm gəlir mənbələrinə, həm də mətbuat xidmətinə çevrilib.

Pərviz:

- Bu, bütün dünyada belədir. Məşhurlar indi sözlərini televiziyada, ya mətbuatda deməkdənsə İnstaqramda yazırlar. Həm də bu, onların fanatlarla arasındakı məsafəni qısaldır. Bunun da müsbət və mənfi tərəfləri var.

Zəhra:

- Geyim, makiyaj, ayaqqabı, saç – hər birini reklam edib pulsuz istifadə edirlər. Bu da izləyiciləri qıcıqlandırır ki, hər şeyi pulsuz edirlər, amma toya filan qiymətə gedirlər.

Pərviz:

- Razı deyiləm. Hətta Cennifer Lopez hansısa markanın geyimini İnstaqramda geyinib reklam edir. Hətta təkcə tanınmışlar deyil, İnstaqram fenomeninə çevrilən adi insanlar var ki, bu reklamlar sayəsində pul qazanırlar. Bizimkilərin isə bunu ifrat dərəcəyə çatdırması özlərinin ziyanınadır.

"Hər şey pulsuzdur, amma toya 4-6 minə gedirlər"

Elvin:

- Bu, müğənniləri qeyri-ciddi simaya çevirir. Saç düzümləri, geyimləri, makiyajları pulsuzdur. Gözəllik salonları deyir ki, gəl, səni bəzəyim, adımı İnstaqramda paylaş. Hətta səsyazmaları, bəzən də mahnıları pulsuzdur. Gənc bəstəkarlar tanınmaq üçün filan müğənniyə mahnı göndərirlər. Onlar da xoşuna gəldisə, oxuyurlar. Azərbaycanda çəkilən bəzi kliplər də hədiyyə çəkilir. Deməli, hər şey pulsuz başa gəlirsə, müğənni niyə toya 4-6 min istəyir?

Zəhra:

- Vergilər Nazirliyi də nəsə tələb edəndə deyirlər ki, “bizim hər şeyimiz pulla başa gəlir, onu nəzərə almırlar”. Hətta axır vaxtlar getdikləri restoranları, yedikləri yeməkləri belə reklam edirlər.

Pərviz:

- Məşhur simadırlar deyə, bunlara reklam təkliflərinin gəlməsi normaldır. Amma sizin dediyiniz kimi, bu qədər ucuzluğa getmək ayıbdır. Hətta Röya da bundan istifadə edir.

Zəhra:

- Bu günlərdə çox tanınmış bir müğənni fast-food məkanlarından birindən reklam paylaşımı etmişdi. 15-20 manatlıq hesab verməmək üçün bu reklama getmək doğru deyil.

Elvin:

- Məsələn, aparıcı Vüsalə Əlizadə təbii şirə markalarından birinin reklam simasıdır. Müqavilə əsasında sosial şəbəkədə reklam edir. Bu, normaldır. Amma filan müğənni təsadüfən pizza yeyir və həmin məkanda buna deyirlər ki, reklam elə, hesabınızı almayaq. Bu, dəhşətli dərəcədə biabırçılıqdır.

Pərviz:

- Bundan nə qədər müğənni istifadə edir? Restoranlar, brendlər bütün müğənnilərə belə təkliflər edirlər?

Elvin:

- Hər biri. Hələ yenicə məşhur olan müğənnilər də hər şeyi pulsuz edirlər.

Zəhra:

- Yetər ki, sosial şəbəkədə aktiv olsunlar.

Elvin:

- Məsələn, Samiraldo səhifəsində reklam işinə ciddi yanaşır.

"Təhqir yazanlar cəzalandırılmalıdır"

Sosial şəbəkələrin ən böyük problemlərindən biri də istifadəçilərin yersiz şəkildə paylaşımların altında təhqir yazmalarıdır.

Pərviz:

- Bir çox hallarda günah izləyicidə və oxucuda olur. Hər şey qaydasında olsa, yenə də saçına, makiyajına, yazdığı cümləsinə, geyiminə söz atacaq. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılır ki, təhqirlərin qarşısını almaq üçün hansısa qanun layihəsi təklif edilsin.

Düşünürəm ki, nizamlanmanın olması yaxşıdır, amma sərt bir qanunun qoyulacağına qarşıyam. Ötən illərdə Röya onu tənqid edən bir izləyicisini tapmışdı, görüşmüşdü, hədə-qorxu gəlmişdi. Amma bunu qeyri-qanuni yolla etmişdi. Bu məsələnin daha normal bir həlli olmalı, presedent yaranmalıdır.

Elvin:

- Bunu ilk dəfə bu günlərdə Mətanət Əsədova etdi. Onu təhqir edən şəxsi həbs etdirdi. Maraqlıdır ki, niyə məhz filan müğənni təhqir edilir, o biri yox?

Pərviz:

- Hardasa razıyam, amma qalmaqaldan, söz-söhbətdən, açıq-saçıqlıqdan uzaq olan, nümunəvi ailəsi olan Samiraya da sərt tənqidlər yazan var.

Elvin:

- Digərləri ilə nisbətdə çox az yazırlar. Ona görə də müğənnidən də asılıdır. Müğənnilər bir şeyə görə tənqid edilirlərsə, yenə də həmin şeyi qabardırlar. Məsələn, Günay İbrahimli keçən dəfə dodaqlarına görə tənqid edildi ki, silikondur. Amma Günay səhər yenə dodaqlarının ön planda olduğu foto paylaşdı.

Bu, düşünülmədən atılan səhv addımdır. Ya da Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə dedi ki, kişilər mənə çılpaq fotolarını atır. Hamı da yazdı ki, niyə sənə atırlar, mənə yox? Nəsrin o səs-küydən sonra getdi ABŞ-da bikinidə çəkilmiş fotosunu paylaşdı.

"Səmra acığa şortikini qısaltdı..."

Zəhra:

- Nəsrin onunla bildirdi ki, yazılan tənqidlər vecimə deyil. Tanınmışların ən böyük səhvi onlara təhqir yazanlara təhqirlə cavab vermələridir. Müğənniyə, aktrisaya, xalqın qarşısına çıxan birisinə yaraşmaz ki, izləyicinin ailəsini, nəslini söysün, namusuna, qeyrətinə söz desin. Bizə də nəsə yazılanda əsəbiləşirik, insan hər cür reaksiya verir. Amma tanınmışlar bu barədə təmkinli davranmalıdırlar, düşünməlidirlər.

Pərviz:

- Ya da Səmra Rəhimovanı yada salaq. Şortikdə və dekolteləri tənqid olunduqca o daha çox sinəsini göstərməyə, şortikini qısaltmağa, açıq-saçıq geyinməyə davam etdi. Bu da bir cavabdır.

Zəhra:

- Tanınmışların övladlarına toxunmaq, onlar haqqında necə gəldi yazmaq isə qəbul olunmazdır. Bunu da şərhlərdə görürük.

"Məşhurların övladlarına elə qarğışlar yazırlar ki..."

Pərviz:

- Türkiyədə də belə hallar olur. Hər iki ölkənin insanlarının əksəriyyəti eyni düşüncədədirlər. Beren Saatın hələ doğulmamış övladına, Bergüzar Korelin oğluna elə qarğışlar yazdılar ki, hər iki ulduz İnstaqramdan uzaqlaşaraq ancaq vacib anlarda paylaşım etməyə başladılar.

Zəhra:

- Bəzi məşhurlarımız daha doğrusunu edirlər, ümumiyyətlə, yazılanlara əhəmiyyət vermirlər, oxumurlar.

Pərviz:

- Buna öyrəşməlidirlər. Çünki məşhurluğun səfasını çəkirlərsə, cəfasına da hazır olmalıdırlar. Ulduz olmaq asan deyil.

Elvin:

- Ən doğrusunu Röya edir, oğlu ilə fotosunu paylaşanda şərh bölməsini bağlayır.

Bəzi məşhurlar sosial mediada izləyicilərlə çox rahat təmas qururlar. Həmin tanınmışları yada salırıq.

Elvin:

- Bu mövzuda Roza Zərgərli seçilir. Hansısa mövzuyla bağlı “Facebook”da geniş müzakirə açır, hər bir şərhə də cavab yazır. Natavan Həbibi də izləyicilərlə söhbət edir, onlara cavab yazır.

Zəhra:

- Tolik də cavab yazır, diqqətsiz davranmır.

Pərviz:

- Amma Faiq Ağayev tam fərqli səviyyədə edir bunu. Həm sosial məsələlərdə reaksiya bildirir, aktivdir. Gündəlik olaraq çoxlu paylaşım edir, izləyiciləri ilə demək olar ki, dost kimi davranır, onların səhifəsində hətta şərh yazır. Bir də Nura Suri öz mövqeyi olan azsaylı məşhurlardandır. Hər bir şey haqda reaksiyasını bildirir.

Elvin:

- Razıyam. Hətta sosial məsələlərdə Nuradan öyrənmək istəyənlər var. Məsələn, bu yaxınlarda Tolik “Azərişıq”la bağlı paylaşım etdi. Amma diqqət edəndə görürük ki, Tolik problemin həlli üçün “Azərişıq”a zəng vurmadan, maraqlanmadan nəsə yazmışdı. Bu, kütləyə işləmək üçün atılan addımdır.

Zəhra:

- Murad Arif də "facebook"da fəaldır. Tez-tez mədəni məsələlərlə bağlı problemlərə toxunur.

"Müğənnilər bu savadla notu necə öyrənirlər?"

Jurnalistlərin, eləcə də oxucuların ən çox əziyyət çəkdiyi nüanslardan biri də tanınmışların sosial şəbəkələrdə yazdıqlarını oxumaqdır.

Elvin:

- İnstaqram məşhurların savad səviyyəsinin də göstəricisidir.

Zəhra:

- Efirə çıxanda “mənəm-mənəm” deyirlər, amma bir cümləni doğru-düzgün yaza bilmirlər. Nə qədər qrammatik səhv olar? Hərflər qarışıq, hamısı “Caps Lock”la yazılır. Oxumaq o qədər çətin olur ki... Tanınmış biri niyə hər sözü ləhcəylə yazsın?

Elvin:

- Hərf səhvlərindən əlavə fikirlərini düzgün ifadə edə bilmirlər. Dolaşıq, cümlənin axırı ilə əvvəli düz gəlmir.

Pərviz:

- Bu, əslində, onların danışığında da hiss olunur.

Elvin:

- Sonra da çıxıb deyirlər ki, “Əslində, belə demək istəməmişdim”. Mənə maraqlıdır ki, bunlar cümlə yaza bilmirlərsə, notu necə öyrənib oxuyurlar, mahnının sözlərini necə əzbərləyirlər?

Zəhra:

- Biz jurnalistlər onların yazdıqlarını olduğu kimi yazsaq, heç kim heç nə başa düşə bilməz.

Sosial şəbəkələrdə baş verən ən böyük qalmaqalları yada salırıq

Zəhra:

- Ən böyük qalmaqal Elşad Xose ilə bağlı olmuşdu. Cəbhədə avqust hadisələri zamanı Nabranda konsert verməyə getmişdi. Hətta onu tənqid edənlərə də sərt cavab vermişdi. O vaxt digər tanınmışlar da onu qınamışdı, telekanallarda ona qadağa qoyulmuşdu.

Elvin:

- Sosial şəbəkələrdə məşhurlar bir səhvlə gözdən düşmək təhlükəsi yaşayırlar. Məsələn, Eldar Qasımov da həssas bir məqamda, bu ilin aprelində cəbhədə baş verən hadisələr zamanı paylaşım etdi ki, “Mən sülh adamıyam”. Əslində, ayrı vaxt onun dedikləri çox normal şeylərdir. Amma həmin məqamda səhv idi.

Pərviz:

- Sosial şəbəkələrdə özünü ciddi şəkildə nüfuzdan salanlardan biri də idmançı Kamil Zeynallıdır. Hər kəsi hədələyir, “razborka”ya çağırır. Bunlar hamısı ucuz şoudur.

"11 yaşlı uşağa təhqir yazarlar?"

Zəhra:

- Yenə də deyirəm ki, uşaqlar toxunulmazdır. Amma müğənnilər də hər “uşağınız çirkindir” yazanla mübahisəyə girişirlər. Tənqidləri boş verməli, təhqirləri isə qanuni yolla həll etməlidirlər.

Elvin:

- Bizim insanlarda eqo yüksəkdir. Nəinki təhqiri, heç tənqidi də sevmirik. Tərif üçün ürəyimiz gedir. Amma şərh yazanlar çox vaxt hədlərini aşırlar. Bəzi müğənnilər var ki, İnstaqramda övladları üçün ayrıca səhifə açıblar. İstifadəçilər həmin səhifələri də tapıb uşaqlara ağızlarına gələni yazırlar. Məsələn, Nigar Camal paylaşım edəndə onun qızının səhifəsini də tapıb 11 yaşlı uşağın səhifəsinə nələr yazırlar. Məncə, bu insanlar psixi pozuntusu olanlardır.

Zəhra:

- Saytlarımızın səhifələri də buna nümunədir. Baxırsan ki, hansı müğənni haqda xəbərə şərhlər yazılıb. Gənc qızlardır, tərbiyədən, mədəniyyətdən danışırlar, amma yazdıqları bir qıza yaraşmayan sözlərdir.

Pərviz:

- Maraqlıdır ki, təkcə yerli müğənnilər haqda yox, Cennifer Lopez, Madonna haqda xəbərlərdə də mədəniyyətdən, müsəlmanlıqdan danışırlar, bütün qaradərili insanları təhqir edirlər. Məncə, bu, cəmiyyətin təhsil səviyyəsinin getdikcə düşməsi ilə də bağlıdır. Eyni zamanda sosial problemlər də onları aqressivləşdirir.

Zəhra:

- Son zamanlar Rəqsanə gündəmə gəlmək üçün İnstaqramdan istifadə edir. Kədərli, romantik qeydlər paylaşır ki, şəxsi həyatı ilə bağlı yazılsın. Hansısa sayt da yazanda, çıxıb açıqlama verir. Son günlər isə nə paylaşdığına heç kim əhəmiyytə vermir. Hətta eşitdiyimə görə, bu ərəfələrdə onun maddi çətinlikləri və böyük problemləri olub.

Elvin:

- Rəqsanə ərinin gah burnun, gah əlin, gah da ayağın paylaşır. Elə bil ki, "puzzle"dır. Onları birləşdirib şəkil düzəltmək olar.

Zəhra:

- O gün də internetdən götürülmüş bir foto paylaşıb, özü kimi təqdim edib. Saytlar da onu “Rəqsanənin yataq fotosu” kimi veriblər.

Elvin:

- Rəqsanə bu üsuldan çox istifadə edir. Çimərlikdə ayaq fotosu, şlyapalı foto filan – bunların hamısı hazır fotolardır.

Pərviz:

- Sosial şəbəkədəki ən gülməli və böyük qalmaqallardan biri Vasif Məhərrəmli ilə bağlı olmuşdu.

Zəhra:

- Vasifin “Ay çuşka...” məsələsi artıq lətifəyə dönüb.

Sosial şəbəkələrdə aktiv olmayan məşhurları da sadalayırıq: Manana, Aysel Teymurzadə, Zülfiyyə Xanbabayeva

"Saxta üsullarla izləyici sayı artırırlar"

Elvin:

- Sosial şəbəkələr bir şeyi də göstərdi ki, məşhurları nə qədər adam izləyir və dinləyir. Məsələn, Faiq Ağayevi cəmi 78 min adam izləyir. Bəlkə də bu cəmiyyətimizin zövq səviyyəsini göstərir.

Pərviz:

- İzləyici sayı bir şeyi göstərmir. Məsələn, Sevil və Sevinc bacıları qədər tənqid olunan ulduz yoxdur, amma ən çox onlar izlənilirlər. Deməli, insanlar keyfiyyət üçün deyil, bəlkə də elə tənqid eləmək üçün izləyir.

Zəhra:

- Amma reytinq məsələsi də keyfiyyətə baxmır.

Elvin:

- Pis ya yaxşı, deməli bu insanlara maraq var. Eləcə də, Aygün Kazımovada da cəmi 430 mindir.

Pərviz:

- Əgər İnstaqram Aygün Kazımovanın, Faiq Ağayevin karyeralarının yaradıcılıqlarının ən məşhur vaxtlarında olsaydı, ilk pillələrdə şübhəsiz onlar olardı. Bu, nəsillərin dəyişimi ilə əlaqədardır. Məsələn, şübhəsiz Türkiyənin bir nömrəsi Tarkandır, amma nə mahnılarının izlənmə sayında, nə də sosial şəbəkələrdə liderlər sırasında deyil. Eləcə də Madonna. Sosial şəbəkələr 15-20 il əvvəl olsaydı, o zaman mənzərə tam fərqli olardı.

Elvin:

- Bir də İnstaqramda heç kimi izləməmək xəstəliyi var. Sanki heç kimi izləməmək bir özəllikdir. Zaur və Günay cütlüyünü 750 mindən çox insan izləyir, özləri isə sadəcə bir nəfəri izləyirlər.

Zəhra:

- Amma bəzi müğənnilər adi insanları, jurnalistləri, brendləri, saytları da izləyirlər. Bu, daha təbii görüntüdür.

Elvin:

- “Bayağı” deyilən müğənnilər bu mövzuda da çoxlarını üstələyir. Hətta estrada müğənniləri ifa tərzlərini də onlara oxşatmağa başlayıblar.

Pərviz:

- Bəs, sizcə, say məsələsində nə qədər təbiilik var?

Elvin:

- 700-800 min izləyicidən 200-300 mini yalançı profillər, ya da proqramla artırılmışdır. Bu, onların video paylaşımında özünü göstərir. O qədər izləyicisi olan məşhurun videosunu niyə cəmi 20-30 min adam izləsin? Eləcə də YouTube-da... Bu dəqiqə sosial şəbəkələrdə Üzeyir, Talıb Tale digərlərindən daha məşhurdur.

Pərviz:

- Bu dəqiqə sosial şəbəkədə auditoriyanın səviyyəsi çox aşağıdır. İllər əvvəl “Facebook” olmayanda forumlarda müzakirələr olunurdu. O qədər səviyyəli formada tənqidlər yazılırdı ki...

Zəhra:

- İndi isə görürsən ki, ağsaqqal adamdır, amma yazdıqlarına baxırsan, adam utanır.

Son həftələr şou aləmində baş verən hadisələri yada salırıq. Aygün Kazımovanın efirdə ağlaması, bir qədər sonra Röyanın radionun canlı efirində ağlaması...

Eləcə də ən çox müzakirə olunan mövzulardan biri də "O səs Türkiyə"də iştirak edən azərbaycanlılardır.

Azərbaycanlılar "O ses Türkiye"yə niyə gedirlər? 

Elvin:

- Çox adam deyir ki, Azərbaycanda müsabiqə yoxdur ki, bizimkilər Türkiyəyə axın edir? Amma keçən il bizdə “Səs Azərbaycan” keçirildi. Çox əla səslər vardı. Türkiyədəki səslərin isə çoxunu bəyənmirəm.

Pərviz:

- Razıyam, sadəcə Türkiyədə münsiflər artıq çox sərbəstdirlər. Hətta bütün “Voice”lər arasında ən səmimi münsiflərdir. Mən bizimkilərin ora getməsinə heç də axın deməzdim. Acun İlıcalı “O səs Türkiyə”ni beynəlxalq yarışmaya çevirmək istəyir. Ora Almaniya, İtaliya, Ukrayna, Afrika ölkələrindən gələn olur. 10 minlərlə iştirakçının arasında 15-20 azərbaycanlının olması axın deyil.

Zəhra:

- Deyirlər ki, niyə bizim bu cür səslər burada yox, orada tanınır? Bizim bəzi müsabiqələrə isə inam yoxdur. İnsanlar şikayət edir ki, hər şey pulladır.

Elvin:

- “O səs Türkiyə”də çıxan Gülşən İbadovanın türk dostu mənə yazıb ki, “30 ildir harada idiniz ki, Gülşəndən yazmırdınız?”. Mən də baxıram Gülşənin yaradıcılığına, ciddi heç bir şey yoxdur ki, yazım.

Pərviz:

- Bu məsələdə bizim oxucular, tamaşaçılar qeyri-səmimidir. Deyirlər ki, niyə indiyə qədər onlar barədə yazmırdınız? Niyə yazılmalıdır ki? Nəsə etməyəndən sonra jurnalist niyə onun haqda yazmalıdır?

Zəhra:

- Elnur Hüseynov üçün də deyirlər ki, qalib olandan sonra yazdınız. Amma bu gün də jurnalistlər Elnuru müsahibə almaq üçün tapa bilmirlər.

Pərviz:

- “O səs Türkiyə” ilə bağlı son anlaşılmazlıq Aygün Səmədzadənin “Tut ağacı” ilə bağlı oldu. Belə məsələlərdə rəsmilərimiz də, sadə vətəndaşlarımız da, mediamız da ayıq olmalıdır.

“Maqazin Klubu” olaraq yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Şərhlərimizdə isə qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov

Söhbət etdi: P.Sadıqov, Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)

Fotolar: Ramin Aslanov

İnstaqram: @maqazin_klubu