Zibilimizi yeyək, Hacıbala müəllim?

zibilimizi-yeyek-hacibala-muellim
Oxunma sayı: 2009


Elə adam var ki, zibilin içində yaşamağı sevir. Nə bilim bəlkə də, zövq alır. Baxırsan,  günün istisində süpürgəçi xanımların təmizlədiyi parkı, oturacaq yerlərini qanacaqsız biri çox qısa müddətdə zibilxanaya döndərdi. Əlində günəbaxan tumlarını çırta-çrtla yeyib, oturduğu yeri zibilləyir, əlində içdiyi plastik butulkanı skamyanın orasına-burasına soxur, saqqızını yenə harasa yapışdırır. Vallah, zibil atmaq da bir mədəniyyətdir. Özünü də zibil hesab edənlərə sözüm var. Ayaqqabımı tüpürcəkdən, saqqızdan təmizləməkdən zara gəlmişəm. Nə olar, zibillədiyiniz yerdə axı sabah da oturacaqsız? Yaşayış binaları yaxınlığındakı parklar, bağlarda yaşayan insanları başa düşmürəm. Çoxu oturduğu, gəzdiyi yeri elə bir abıra qoyur ki, fikir vermişəm, sabah gələndə elə dünən zibillədiyi yerdə oturmaqdan utanmır. Bizim camaatın çoxu tək evinin içinin təmiz sahə olmasını istəyir, “qalanından mənə nə” deyib keçir. Çox zibil düşüncədir, beləsinin zibilini elə özünə yedirmək lazımdır. Yolda getdiyi yerdən, maşınının içindən zibili çolə tullayan isə lap “qanacaq”, “qabiliyyət” nümunəsidir. Bu dediklərim zibilini hara gəldi atanlara idi, onların zibil qutusu kimi dərdi yoxdur. Bir də var mənim kimi zibilini əlində, çantasında gəzdirib hara atacağını fikirləşən kəslər.

Bəli, Bakımızın zibil qutusu qıtlığı kimi dərdi də var. Yeni parkları,  küçələri təmir edəndə bir neçə şeyi qoymaq yaddan çıxıb. Kanalizasiya quyusu, ictimai tualet və zibil qutusu. Sonuncu ikisi fikrimcə əsas məsələdir. İndi zibil qutularının azlığını çox yerdə müşahidə etmək olar. Hərdən də elə əlaqəsiz yerdə zibil yeşiyi görürsən ki. Dənizkənarı Parkda bu problem yoxdur. Amma yenə zibil düşüncəlilərin dənizə zibil atdığını görmək adi haldır. Qalan çox yerdə insanların sıx, giriş, çıxışın intensiv olduğu yerlərdə zibil qutusu qəhətdir. Mənə nə gərək, əndrabadi, hər hansı dizaynlı zibil qabı, sadəcə qutu olsun ki, zibilimi şəhərin bu tayında çantama qoyub, evdə atmaq yadıma düşməsin. 

Zibil atmaq mədəniyyəti bir az da tərbiyə ilə əlaqədardır. Böyük zibili qutuya atırsa, mütləq uşağı da bunu edəcək. Zırpı-zırpı kişi, qadınlar küçədə əlinə düşəni yerə vızıldatdısa, övladının təkrar etməsi təbiidir. Balkondan uşaq pampersini, dəmlik çayının tullantılarını, xəkəndazının zibilini bayıra tullayandan hansı tərbiyəni götürmək olar ki?

Baxırsan, böyük hərflərlə yazılıb. Hətta bir dənə zibil qutusu olmayan metropoliten platformalarında da bu lövhələrdən var. “Ətrafın təmizliyinə riayət edin!” Əzizlərim, zibil qutusu yoxdursa, mən zibilimi yeməliyəmli? Bəlkə, bunu Hacı bala müəllim də cavablasın? Zibilimizi neyləyək, Hacıbala müəllim? İmkan düşsə, zibil qablarından qoydurun. Bakı rayon icra hakimlərinə də paylatdırın. Paylasaz qoydurarlar, axı zibil qabını başqa neyləyə bilərlər ki? Əcəb zibilə düşmüşük...