“Yeni Müsavat”ın pərdə arxasındakı qəhrəmanı…

yeni-musavatin-perde-arxasindaki-qehremani
Oxunma sayı: 829

- Ələsgər bəy, 40 yaşın fəlsəfəsi nədir, sizcə? Ömrün hansı mərhələsidir?
- Düzü, ciddi bir fərq hiss etmirəm. Amma hesab edirəm ki, 40 yaşı insan həyatında imitasiya dövrünün sonu kimi xarakterizə etmək olar. Yəni, 40 yaşına qədər cavanlığı imitasiya etmək olur. 40 yaş ki tamam oldu, imitasiya da bitdi. (Gülür). Amma eyni zamanda daha məhsuldar və məsuliyyətli dövrdür. Bəzi məqamları bu yaşdan sonra icazə almadan da arxa plana atırsan. Daha təmkinli, səbirli olursan, hər şeyə yanaşman daha fərqli olur. Danışığında hər sözünü ölçüb-biçirsən. Emosionallığı azaldırsan.

- Maraqlı tarixdə doğulmusunuz. Kosmonavtika günündə. Bu tarixdə doğulmanızın həyatınıza, ya da həyat tərzinizə də bir təsiri olubmu? Məsələn, daim işıq sürətilə hərəkət etmək, göylərə ucalmaq arzusu kimi-filan...
- Vallah, mənim seçim etmək imkanım olmayıb. (Gülür). Sadəcə təsadüfdür. Amma maraqlı bir məqamı da sizinlə bölüşüm. Tək mən özüm kosmonavtika günü anadan olmamışam. İlk qadın kosmonavt Tereşkova kosmosa uçan gün -16 iyunda isə qızım anadan olub. Buna görə də ailəmizdə kosmonavtikanın izləri var və bəlkə də təsadüf deyil.

- Doğulduğu günün özəlliyi bəzən insanın xarakterinə də keçir. Məsələn, adamlar var, gülüş günündə anadan olub və bütün həyatları zarafatla, lağlağı ilə keçir. Sualı həm də ona görə verdim ki, sizin 12 aprellə aranızdakı paralelləri tapım.
- Hə, gülüş günü ilə bağlı kimi nəzərdə tutduğunu anladım. Mənə gəlincə, düşünürəm ki, bu tarixin mənim xarakterimdəki izi sırf dəqiqliklə bağlı ola bilər. Həyatım boyu çalışmışam ki, hər zaman dəqiq olum.

- Burdan arxaya baxanda nələr görünür? Hesabat verəndə hansı mənzərə ilə rastlaşırsınız?
- Açığı, geniş hesabat verməyə vaxtımız olmur. Gündəlik informasiya işi ilə bağlı olduğumuz üçün gün ərzində o qədər informasiya gəlir ki, köhnə informasiyalar silinir. Müasir texniki dillə desək, ramımız dolub, oradan silinir. Bu, mənim böyük qüsurumdur ki, xatirələrimi unuduram yavaş-yavaş. Ümumilikdə götürəndə isə keçən günlərimlə fəxr edirəm. Bunun ən böyük qürur duyduğum hissəsi “Yeni Müsavat” la, onun kollektivi ilə bağlıdır. Gələn il mənim bu qəzetə gəlişimin 20 il tamam olur. Həyatımın tam yarısı “Yeni Müsavat” la bağlıdır. Bunun hesabına da çox gözəl insanlar, ziyalılarla, istedadlı yaradıcı insanlarla tanış olmuşam. Şəxsi planda da şükür Allaha, şikayət etməyə əsasım yoxdur, həyatımdan razıyam.

- Eşitdiyimə görə, gözəl tar çalırsınız.
- Gözəl deməzdim. Amma 5 il tar məktəbinə getmişəm. Tar çala bilirəm. İndi vərdişdən düşmüşəm. Yenidən o vərdişə qayıtmaq üçün 5 il gərək məşq edim.

- Yaşınızla bağlı sizdən daha çox nəyi soruşurlar?
-Tez-tez deyirlər ki, “niyə belə cavan qalmısan?” Mən də cavab verirəm ki, çünki içəridən qocalmışam.(Gülür).

- Hərəmizin yolu "Yeni Müsavat"a bir cür düşüb. Birimizi Rauf Arifoğlu dəvət edib, bir başqamız işlədiyimiz qəzet bağlandığı üçün bura gəlmişik. Amma əksəriyyətimiz gələndə siz artıq burda idiniz. Bəs sizin yolunuz necə kəsişib “Yeni Müsavat”la?
- Tam təsadüf olub. O vaxt bir yaxın xanım üçün iş axtarırdım. Dostuma demişdim ki, ona müsahib işi tapsın. O da zəng etdi ki, “Yeni Müsavat” adlı qəzet var və ora mühasib axtarlır. Mən özüm şəxsən gəldim və Rauf Arifoğlu ilə görüşdüm. Məlum oldu ki, onlara qadın yox, kişi mühasib lazımdır. Çünki daim hərəkətdə olmağı tələb edən işdir. Ona görə də bu iş onun üçün məqbul olmadı. O vaxt ”Yeni Müsavat” ın mühasibi işdən çıxmışdı. Dostum da məndən xahiş etdi ki, bir müddət qəzetə yardım edim. O vaxt tələbə idim, vaxtım da bol idi. Elə o gələn, bu gələn – 20 ildir ki, burdayam.

- İxtisasınız nədir?
- İqtisadçı. İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsi.

-20 il bundan əvvəl iqtisadiyyat fakültəsini bitirmiş biri üçün “Yeni Müsavat”ı iş yeri olaraq seçmək risk idi? O dönəmi, dönəmin seçimlərini tam təsəvvür edə bilmirəm deyə soruşuram. Konkret hansı ərəfəyə təsadüf edirdi gəlişiniz?
- Mən “Yeni Müsavat” a 1993-cü ilin iyun qiyamından bir ay əvvəl gəlmişdim. Həmin vaxt bu qəzetə gəlmək risk deyildi. Amma bir ay sonra iyun qiyamı baş verdi və hakimiyyət dəyişdi. Qəzet də , partiya da müxalif oldu. Odur ki, mən cəmi bir ay iqtidar dövründə olmuşam. May ayında gəldim, iyunda qiyam oldu. Situasiya elə oldu ki, o vəziyyətdə qəzeti qoyub getmək olmazdı.

- Bitirdiyiniz fakültə dövrünə görə nüfuzlu sayılırdı. Dövlət idarəsində də çalışa bilərdiz, məmur ola bilərdiz...
- Anladım nəyi nəzərdə tutduğunuzu. Mən bura gələndə tələbə idim. Diplom sahibi olandan sonra artıq “Yeni Müsavat” qəzetində işləyən adamın başqa yerə getməsi qəliz məsələ idi. Müəyyən zamanlarda ailədən də təkliflər olub ki, bu işi burax, başqa bir işin dalınca get. Amma məqbul saymamışam. Mənə belə gəlir ki, bizim burda qalmağımızın böyük səbəbi kollektivdə bir-birimizə daxili bağlılıqdan əlavə, daxili azadlıq məsələsi də var. Burda biz azadlığı görmüş və dadmış adamlarıq. Ona görə fikirləşirik ki, gedib başqa yerdə işləyə bilmərik. O azadlığı ordan ala bilməyincə biz özümüzə yer tapa bilməyəcəyik. Ona görə də özümü burada həmişə azad hiss etmişəm və bu azadlıqla da qane olmuşam ki, mənim bəsimdir.

- Azadlığı müsbət cəhət olaraq dediniz. Maraqlıdır, bəs hər hansı bir qəzetin maliyyə direktoru və ya "Yeni Müsavat"ın maliyyə direktoru olmaq....Bunların arasında böyük fərq var, düzdü?

-Düzü, müqayisə etmək imkanım olmayıb. Mən hər zaman burda olmuşam. Amma belə başa düşürəm ki, məsuliyyət məsələsi də var. ”Yeni Müsavat” a Qafqazın ən böyük qəzeti və media qurumu desək, yanılmarıq. Çünki tirajına və dövriliyinə görə bu, belədir. Bu, hər bir əməkdaşın üzərinə məsuliyyət qoymaqla yanaşı, həm də böyük fəxarət hissi verir. Uzun müddət öz mövqeyini və mübarizliyini qoruyub saxlayan bir media quruluşu ilə birgə olmaq üstünlükdür.

- Biz- “Yeni Müsavat” ın jurnalistləri olaraq müsahib axtaranda, tədbirlərə gedəndə problem yaşayırıq. Bəs sizə, qəzetin maliyyə direktoruna işin hansı mərhələsində qırmızı işıq yandırılır, baryerlər yaradılır?
-Ən böyük çətinlik qohum-əqrəba, ətrafla bağlı yaranır. Çünki insanlarla yaxınlaşmağa bir az ehtiyat edirsən. Düşünürsən ki, insanlara müəyyən mənada ziyanın dəyə bilərsə, narahat olursan. Ən böyük çətinlik bu olub. Qəzetə ümumi problemlər-təzyiqlər, məhkəmə çəkişmələri isə hər zaman olub. Necə deyərlər, işimizin bir parçasıdır.

- "Yeni Müsavat" ı maddi baxımdan yaşatmağın çətinlikləri həm də nədən keçir?
- “Yeni Müsavat” Azərbaycanda özünü maliyyələşdirən, satışı ilə dolanan bəlkə də yeganə qəzetdir. Mən bunu məsuliyyətlə deyirəm. Çətinlik isə zaman-zaman oxucuların qəzet oxumağa görə həvəsdən düşməsi, müəyyən siyasi proseslər mərhələsində qəzetdən küskün olması zamanı üzə çıxır. Qəzetin satışının bu ərəfədə aşağı düşməsi, maddi sıxıntılar həmin ərəfədə baş tuta bilər. Bir də ki, məhkəmə sanksiyaları ilə bağlı ciddi problemlər üzə çıxır. Zaman-zaman onları da dəf etməyi bacarmışıq.

- Siz bu qəzetdə keçən illərinizə nəzər salanda onları necə təsnif edərdiniz? Məsələn, ən kritik illər, qızıl dövr, sabitlik dövrü və sair....
- Məncə, 20 ilin hamısı həm kritik olub, həm qızıl dövr olub. Sabitlik isə heç olmayıb. Başımızın dinc olduğu dövr heç olmayıb.

- Bu keşməkeşdən müsbət enerji alırsız? Məsələn, “müxalifət qəzeti belə də olmalıdır” deyirsiz?
- İctimai-siyasi həyatın ən öndə gedən qəzeti qalmaqallı olur. Bu, bizim həyat tərzimizə çevrilib. Bir az sakitlik, durğunluq olanda isə təəccüblənirik ki, görəsən bu nə sakitlikdir?

-Sizin təqdimatınızda jurnalistlərin, ən azı "Yeni Müsavat"dakıların qismində əksəriyyətinin xarakteristikasını eşitmək də pis olmazdı. Jurnalistlər maddi baxımdan cəmiyyətin digər təbəqələrindən fərqlənir. Sizə görə o fərq nədən ibarətdir? Ya da daha səmimi soruşaq: jurnalistlər pulu nə qədər sevir?
- Ümumiyyətlə, pul xərcləmək üçündür, o barədə söhbət etmək üçün yox. Amma konkret jurnalistlərlə bağlı məsələyə gəlsək, mənə elə gəlir, jurnalistlər pulu 2003-cü ildən dən sonra sevməyə başlayıblar.

- Niyə? Nə baş verdi ki?
- Səbəbini bilmirəm. Amma qəribə haldır ki, 2003-cü ildən sonra jurnalistlər pula qarşı çox həssas oldular. Həmin vaxta qədər onlar üçün daha başqa dəyələr ön planda idi. Məsələn, patriotizm, jurnalistika romantikası, şöhrət.

- Onu nədə hiss etdiz?
- Onu canımda hiss etdim.(Ürəkdən gülür). İnflyasiya necə artırsa, jurnalistlərin pula həvəsi də, marağı da o cür artıb.

- Bu, pis məqam deyil ki? Əslində jurnalist də praktik, realist olmalıdır, düz deyil?
- Təbii. Amma düşünürəm ki, yaxşı cəmiyyət olsa, jurnalistin o problemi olmamalıdır. Jurnalistin minimum həyat səviyyəsi standartlara uyğun olmalıdır. Amma jurnalist puldan nə qədər azad olsa, bir o qədər yaradıcılığa fikir verər. Onda da keyfiyyət yüksək olar. İndiki məqamda ümumən mətbuatdan razı deyiləm. Bu da onunla bağlıdır ki, 2003-cü ildən sonra maddiləşməyə doğru gedir. O da bugünkü vəziyyətə çıxarır.
- Düzü, o “7 günün sultanı” ifadəsi həftənin çərşənbə gününə - kollektivə qonorar payladığım günə aid deyilib. Amma yaradıcı kollektivdə işləməyin bir özəlliyi də budur ki, belə maraqlı tapıntılar meydana gəlir. Bu tapıntı da bayaq dediyim kimi, 2003-cü ildən sonrakı dəyişikliyin məhsuludur. Əvvəllər belə şeylər yox idi.

- Deyəsən, bir dəfə redaksiyaya gələn məşhurlardan biri sizə "hər gün yazılarınızı oxuyuram, gözəl yazırsız" demişdi.
- Olub elə hadisə. Təbii, o adam bu sözü mənə xoş gəlmək üçün demişdi. Mən də cavab vermişdim ki, axı mən yazdığımı seyfə qoyuram, siz onu haradan oxumusunuz?

-Bu arada maraqlıdır... Nə üçün yaradıcılıqla məşğul deyilsiniz? Məsələn, heç içinizdən yazı yazmaq keçmir?
-Bu söhbət çox olub. Yazmağa yazaram. Amma mən dəqiq elmlərlə daha yaxınam deyə yazsam, gərək konkret, dəqiq yazım. Bu da çox çətindir. Özümü toparlayıb nəsə bir şey ortaya qoya bilərəm. Amma oturub gündəlik nəsə yazım, müntəzəm olaraq, bu, alınmaz, məndə o sel yoxdur, axmır.

- Dünya bazarında qəzetin keyfiyyətini artırmaq – rəngli qəzet, gündə iki dəfə nəşr olunmaq kimi planları adətən menecerlər qururlar. Bəs Azərbaycanda bunu etmək üçün ancaq bacarıqlı menecer olmaq bəs edirmi?
- Yox, birmənalı şəkildə bazar şərtləri vacibdir. Zaman-zaman biz də rəngli qəzetə keçmək barədə düşünmüşük. Amma bazarın tələblərinə riayət etməyə məcburuq. Bu dəqiqə bazar “Yeni Müsavat” kimi qəzet tələb edir. Ona əlavə sərmayə qoyub, qiymətini artırmağa dəymir. Çünki o, gəlir gətirməyəcək. Rəngli qəzeti o zaman buraxarıq ki, reklamlarımız bol olsun. “Yeni Müsavat” daha çox ictimai-siyasi yükünə görə tanınır və sevilir. Təbii, istəyərik ki, qəzetimiz dünya standartlarına uyğun olaraq, rəngli nəşr olunsun. Amma bu dəqiqə bazarın diktə etdiyi budur. Düşünmürük ki, bu gün spontan bir addım ataq, sabah geri çəkilək. ”Yeni Müsavat” oturuşmuş bir qəzetdir, öz inkişaf xəttini uzun müddət üçün müəyyənləşdirir və irəliləyir. Əgər biz nə vaxtsa rəngli qəzet çıxacağıqsa, bu, artıq bazarın tələbi olacaq və biz daim rəngli çıxacağıq.

- Reklam demişkən, anormal durumdur-ölkənin ən oxunaqlı qəzetidir və əksəriyyət reklam vermir. Doğrudanmı gerçək səbəb reklam verənlərin daha sonra incidilməsidir? Yoxsa bu, bir xofdur, ön yarğıdır, stereotipdir?
-Zaman-zaman bu xof olub. Amma indi bu ənənə insanların yaddaşında, şüurunda qalıb. Daşlaşmış təfəkkürdür, daha dəqiq desək. İndi heç kimə gəlib deyilmir ki, niyə sən “Yeni Müsavat” a reklam verirsən? Amma insanlarda belə bir təfəkkür var ki, bura reklamımı verirəmsə, bunların nəsə əlaqəsi, yaxınlığı, tanışlığı var. Ona görə də heç kim ağrımayan başına dəsmal bağlamaq istəmir.

- Bəs, reklam verdiyi üçün xeyir tapanlar çox olurmu?
- Çox, çox. Elementar kiçik elanlar gedir, bir neçə gün sonra elan yiyəsi zəng edir ki, telefon nömrəmi oradan çıxarın. O qədər sifariş gəlir ki, çatdırmaq olmur. Hətta deyirlər ki, elanın qiymətini qaldırın, çünki onun qəzetinizdə çapı elan yiyəsinə xeyir verir. Oxuyurlar, etibar edirlər. Böyük şirkətlərin hamısı isə hakim elitaya məxsusdur ki, onlar da bizim qəzetə maliyyə ayırmaq istəmirlər.

- Bəs, rəqibləriniz bu rentabelliliyin sirrini sizdən soruşurlarmı?
- Təbii, rəqiblər həmişə izləyirlər, baxırlar. Etik nüansları nəzərə alıb, maliyyə sirlərini soruşmasalar da, ümumi məsləhətləşmələr olur. Amma “Yeni Müsavat” indiyə qədər həm marketinqində, həm menecmentində, hər sahədə avanqarddır. Bütün qəzetlər ondan nəyisə götürüb, öyrənirlər, onun qurduğu biznes strukturundan, mühitindən özləri üçün nəticələr çıxarırlar, təkrarlayırlar. Bu sahədə bacardığımız məsləhəti veririk.

- Oxucunu ən yaxın tanıyanlardansız, onların nəbzini bilirsiniz? Onlar qəzeti nə zaman daha çox alırlar, nə vaxt belə demək mümkünsə, küsürlər?
- Bu, hamısı cəmiyyətlə bağlıdır. Cəmiyyətdə hərəkət, hadisə varsa, hamı birbaşa dəqiq məlumatı “Yeni Müsavat” dan alacaq. Bir hadisə, yenilik olanda üz tuturlar bizə. Onlara maraqlı odur ki, hökumət məmurlarına heç kimin vermədiyi sualları, cavabları bu qəzetdən oxusunlar.

- Cəmiyyət, siyasi proseslər demişkən, siz ötən parlament seçkilərində namizədliyinizi vermişdiniz. Amma yarı yoldan qayıtdınız.
- Yarı yoldan qaytardılar, çünki qeydiyyata almadılar. Düzü, bizim nəsildə nə qəzetçi, nə də siyasətçi olub. Qabağa düşən mən olmuşam. Amma seçki kampaniyasına başlayanda demişdim ki, başından yuxarı hoppanan adam deyiləm, yerimi bilənəm. O vaxt da AXCP-Müsavat seçki bloku yaranmışdı, namizədlər məsələsi müzakirə olunurdu. Mən gözlədim ki, mənsub olduğum Ağdam seçki dairəsindən kimlər namizəd olacaq. Açiği, çox umduğum və gözlədiyim adamlar vardı ki, onlardan namizədliyini gözləyirdim. Hətta çox həvəslə, özümə işlədiyimdən də çox onlar üçün işləməyə hazır idim. Amma onların irəli dayandığını görməyincə düşündüm ki, müvəqqəti də olsa, meydanı boş qoymaq olmaz, burada rol oynamaq lazımdır. Müəyyən mərhələyə qədər getdik. Amma yerlərdəki rəqiblərimiz ehtiyatlandılar və erkən vaxtdan bunun qabağını aldılar ki, gələcəkdə daha böyük problemlə qarşılaşmasınlar.

- Prinsipcə, mənim suallarım bu qədər idi. Amma bir şeyi soruşmasam, “Yeni Müsavat”çılar məni bağışlamaz. Dünyaya bir daha gəlsəydiz, bu qəzetin maliyyə direktoru olmaq istəyərdiniz?
-(Gülür). Açığı, bu qəzetdə olmağıma görə fəxr edirəm. Burada qələminə və şəxsiyyətinə çox böyük hörmət etdiyim Rauf Arifoğlu ilə tanış olmuşam, dost olmuşam. Bir-bir hamının adını çəkmək istəmirəm. Bütün kollektivə böyük hörmətim var. Həqiqətən də dünyaya bir daha gəlsəydim, yenə “Yeni Müsavat” da işləmək istəyərdim.

Sevinc TELMANQIZI