Bolonya prosesinin mahiyyəti nədir? Çoxları onu sadəcə kredit-çoxballı sistemin tətbiqikimi başa düşür. Əslində kredit-çoxballı sistemin tətbiqi prosesin bir komponentidir və mahiyyəti tələbə mobilliyini artırmaq, yaxşılaşdırmaqdır.
Heç şübhəsiz, Sovetlər dönəmində (alman-pruss modeli), o cümlədən əski Avropada tətbiq edilən təhsil sistemində də tələbə transferi və mobillik mövcud idi. Amma kredit-çoxballı sistem yeni, həm də daha effektli, operativ və əhatəli mexanizmdir. Başqa sözlə, bu sistemdə yerini dəyişən tələbənin təhsili haqqında məlumat daha detallı olur və onu qəbul edən tərəf göndərən tərəfin nə dediyini və demək istədiyini yaxşı başa düşür.
Amma Bolonya prosesi bununla kifayətlənmir. O liberal düşüncələrin məhsuludur və bir sıra təməl azadlıq və haqların təmin olunmasına imkan yaratmaq üçündür. Sovet təhsil sistemi, demək olar ki, hamı üçün eyni təhsil müddəti müəyyənləşdirmişdi. Lakin insanlar hüquq qarşısında bərabərdirlər, fiziki, emosional-psixi, intellektual və maddi imkanlar baxımından isə bərabər deyillər, ola da bilməzlər. Buna görə də hamı üçün eyni təhsil müddətinin müəyyənləşdirilməsi qətiyyən düzgün deyil. Belə yanaşma, təxminən hamıdan 100 metr məsafəni 10 saniyəyə qaçmağı tələb etməyə bənzəyir. Bolonya prosesində bu imkan bərabərsizliyi nəzərə alınır-bir tələbə bir semestrdə 4, digəri 6 fənn mənimsəyə bilir. İnsanlar ali təhsili maddi və digər imkanlarına müvafiq almaq imkanına sahib olur.
Azərbaycanda bu tətbiq olunurmu və oluna bilərmi? Hələ ki, olunmur. Bir səbəbi odur ki, yuxarıda qeyd etdiyimiz kimi ali məktəblərin çoxu libarallaşmanın mahiyyətini düzgün dəyərləndirə bilmir. Digər bir maneə hərbi xidmətin yaratdığı məhdudiyyətdir. Mövcud hərbi qanunvericiliyə müvafiq davranmağa məcbur qalan ali təhsil müəssisəsi, demək olar ki, təhsilin liberallaşması istiqamətində addım ata bilmir. Bu üzdən hamı 4 ildə bakalavr pilləsini bitirməli, yaxud hərbi xidmətə cəlb olunmalıdır.
Vəziyyətdən çıxış yolu nə ola bilər? İlkin mərhələdə bakalavrlara bir il əlavə imkan verilə bilər ki, bu müddət ərzində onlar hərbi xidmətə cəlb olunmadan təhsillərini başa vursunlar. Eyni zamanda, həmin bir il, yaxud bakalavrda 5-ci il tələbələrə magistraturaya daha rahat və effektli hazırlaşmaq imkanı da yaradacaq. Müşahidələr göstərir ki, bakalavr təhsilini 4 ilə başa vura bilməyən və hərbi xidmətə cəlb olunanlar, qayıdandan sonra, ali məktəbə adaptasiya problemi yaşayır, təhsildən uzaqlaşır, bir sıra hallarda onlarda başqa meyllər yaranır və s. Hərbi xidmət bakalavr və magistr təhsili arasındakı əlaqəni də qırmamalıdır. Ermənistan işğal etdiyi torpaqlarımızdan çəkiləndən sonra isə ali təhsildə liberallaşma tam təmin oluna bilər. Hələlik bakalavrlara bir il əlavə şans tanımaq (5-ci il) və magistrləri hərbi xidmətə cəlb etməməklə vəziyyətdə dönüş yaratmaq olar.