Valideynlərin “8 Mart qırğını” başladı

valideynlerin-8-mart-qirgini-basladi
Oxunma sayı: 1687


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bağçaların haqqı təbii olaraq müəllim və xidmətçilərin sayına uyğun olaraq ən azı hərəsi üçün 10 manat  müəyyənləşib. Yəni uşaq bağçadadırsa, uşaqlar üçün təşkil ediləcək bayrama görə yığılacaq vəsaiti nəzərə almasanız, 30-40 manat xərciniz çıxacaq.

Məktəblərdə isə vəziyyət fərqlidir. Deməli, direktor və müəllimlər yeni üsula əl atıblar. Əvvəllər qarşıdan bayram gəldiyini uşaqlara özləri xatırlatsalar da, Təhsil Nazirliyinin iradlarından sonra bunu valideyin komitəsinin sədrinin əli ilə edirlər.

Müəllimə yaxın olan valideyn də digər valideynlərə bildirir ki, “müəllimin xəbəri yoxdur, gizlin pul yığaq, ona sürpriz edək”.

Nəzərinizə çatdıraq ki, təhsil müəssisəsinin “lisey”, “gimnaziya” olması qiymət artmını zəruri edir. Məsələn orta məktəblərdə 30-40 manat yığıldığı halda, sözügedən təhsil müəssisələrində dərs deyən hər müəllim üçün 50 manat tələb edilir. Sinifdə dərs deyən qadın müəllimlərin sayına görə ümumi xərci hesablamaq isə çətin deyil.

İmkanı məhdud olan valideynlərin haqlı narazılıqlarına cavab olaraq isə deyilir ki, dollar qalxıb deyə müəllimlərin haqqı da qalxıb...

Ən maraqlısı odur ki, müəllimlər hədiyyə qəbul etmirlər. “Hədiyyəni neyləyirik, ondansa 5-10 manat pul versinlər” deyə təkliflərdə bulunanlar az deyil.

Amma bu məsələyə görə, sıravi müəllimləri ittiham etmək insafsızlıqdır. Bu gün hətta 1-ci sinifdə oxuyan uşağa da aydındır ki, sıravi müəllim direktordan və müavinlərdən xəbərsiz məktəbdə 1 qəpik də yığa bilməz. Müəllimlər valideynlərə şikayətlənilər ki, yığılan pul ilk növbədə direktora, və onun müavinlərinə verməlidirlər ki, onlara münasibət dəyişməsin, narahat edilməsinlər. Vay o günə ki, məktəbin direktor və müavinlərinin hamısı qadınlar ola. Bu halda sıravi müəllimin işi daha çətinə düşür: onlar mütləq xanım direktor və onun iki müavininin “8 mart şirinliyi”ni çatdırmalıdır. 

Belədə sıravi müəllimin iki çıxış yolu var: direktor və müavinlərin “8 mart haqqı”nı ya öz cibindən verməli, ya da uşaqlardan yığmalıdır. Təbii ki, müdiriyyətin “xeyir-duası” ilə 2-ci yolu seçən müəllim həm də öz marağını da güdür: “Bütün ilboyu uşaqların zəhmətini çəkirəm, ildə bir dəfə 8 martı bizə çox görəcəksiniz?..”. 

Bütün bu olanların sonucunda çanaq valideynlərin başında çatlayır... Yazının əvvəlində müəllimlərə yığılan pulun məktəblərin yerləşdiyi ərazidən və təhsil ocağının statusundan asılı olaraq 30-50 manat arasında dəyişdiyini qeyd etmişdik. Bəzi məlumatlara görə daha pristijli orta məktəblərdə bu vəsait hətta şagirdbaşına 100 manata da qalxır. 

Amma qeyd etdiyimiz kimi, düşünməyin ki, yığılan vəsaiti yalnız müəllim həzm-rabedən keçirir. O puldan direktor və müavinlərin “haqqı” mütləq ödənilməlidir. Bu “haqq” isə direktorlara ən azı 50 (və ya 100 manat), müavinlərə isə 30 (və ya 50) manat ödəməkdən ibarətdir. Yəni müəllim valideynlərdən yığır, dirüktor və müavinlər isə müəllimlərdənalır... Necə deyərlər zəncirvari proses əmələ gəlir. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən  sorğusuna cavab olaraq bildirilib ki, hər il bayramqabağı təhsil müəssisələrinə xəbərdarlıq etməyə lüzum yoxdur: 

“Çünki təhsil müəssisələrində birmənalı olaraq hər hansı ödənişin aparılması, vəsait tələb olunması qanunla qadağandır. Eyni zamanda təhsil mühitinin tələblərinə ziddir. Bununla bağlı hər bayramöncəsi hanısısa xəbərdarlıq edilməsinə ehtiyac görmürük”.