Oxumamaq üçün həmişə bəhanə tapılır. Ötən bir həftədə Bakıda, Gəncədə, Mingəçevirdə tələbələrin iştirakı ilə keçirilən tədbirlərdə auditoriyaya həmişə eynu sualla müraciət etdim: kim qəzet oxuyur? Ən yaxşı halda bir-iki nəfər əlini qaldırdı...
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da çap mətbuatı ömrünü başa vurmağa hazırlaşır. Buna görə də gənclərimizin qəzet-jurnal oxumamalarını faciə hesab etmirəm. Amma söhbət ondan gedir ki, tələbə-gənclərimiz heç xəbər portallarına da göz gəzdirmirlər. Halbuki hamısının internetə çıxış imkanı var. Hazırda əksəriyyət üçün internet əyləncə vasitəsi sayılır. Təkcə gənclər deyil, orta və yaşlı nəsli təmsil edən insanlar da mənasız oyunlara aludə olduqları üçün tədricən gözlərinin nurunu itirirlər. İctimai nəqliyyatdan istifadə edən 10 nəfərdən ən azı səkkizi gözünü əlindəki telefonun kiçik ekranına zilləyib, ya “avtoş”luq edir, ya da top qovur...
Qəzet oxumayan, kitaba yad cisim kimi baxan adamlardan tez-tez soruşuram: niyə oxumursunuz? Əksər hallarda cavab belə olur: “Oxumağa səviyyəli material tapa bilmirik”.
Bir anlığa hesab edək ki, biz yaxşı qəzet çıxarmağı, maraqlı əsər yazmağı bacarmırıq. Tutaq ki, bizim yazdıqlarımız həmin oxucuların səviyyəsinə uyğun deyil. Bəs, Dostoyevskiyə, Tolstoya, Drayzerə, Kafkaya, Balzaka nə sözünüz var? Yoxsa, Kamyu, Markes zəif yazıçıdır? Knut Hamsunun, Stefan Sveyqin yaradıcılığına hansı iradınız var? Şöhrəti dünya ilə bir olan bu yazıçıları niyə oxumursunuz? Ola bilsin ki, ilanın yarpızdan zəhləsi getdiyi kimi, bəzi adamların da kitab-dəftərdən xoşu gəlmir. Biz jurnalistlər keç kimi zorla qəzet-jurnal oxumağa, bədii ədəbiyyatdan zövq almağa məcbur edə bilmərik. Bu tələbat insanın daxilindən gəlməlidir. Kitaba düşmən kəsilməyiniz sizin öz işinizdir. Amma lütfən, bu zaman yaradıcı insanların intellektual səviyyəsini, dünyagörüşünü, ədəbi təfəkkürünü şübhə altına almayın. Sizin gətirdiyiniz bəhanələr çoxdan köhnəlib.
Bu sətirləri klaviaturada döyəcləyərkən yazıya ara verib, axtarış saytlarında xeyli vurnuxdum. Məlum oldu ki, gənc meyxanaçı Namiq Qaraçuxurlu haqda olan xəbərlər Dostoyevski, Tolstoy kimi ölməz sənətkarların həyat və yaradıcılığından bəhs edən materiallardan 15-20 dəfə çox oxunub. Təəssüf ki, bizim ölkəmizdə bəsit ifa tərzinə rəğmən qısa müddət ərzində populyarlaşmağı bacaran meyxanaçılara pərəstiş edən adamların sayı dünya şöhrətli şair və yazıçıların əsərlərini oxuyan adamların sayından dəfələrlə çoxdur. Tolstoyu bəyənməyib, Namiq Qaraçuxurluya pərəstiş etməyin adı nədir? Yoxsa, elə bilirsiniz qeyri-adi intellekt sahibi olmağınızla bağlı dediklərinizə inanırıq?
Ağıllı adamları özünüzə güldürməyin...
Son xəbərlər
Son Xəbərlər