Şüvən kişilər

-suven-kisiler
Oxunma sayı: 4507


Qonşuluğumuzda Həmdulla adlı bir kişi var. Qonşular ona “Fasıx” deyirlər. İndi bu sözün nəyə dəlalət etdiyini, açmasını yazacam. İlk öncə deyim ki, həyət evində yaşadığımızdan və hər kəs öz darvazasını bağlayıb həyətində oturduğundan 8 il bu məhəllədə yaşamağıma baxmayaraq demək olar ki, qonşularımızı tanımıram. Bəlkə də üzdən tanıyaram, amma kimin kim olduğunu adi ilə bilmirəm. 

Nə qadınının, nə də kişisinin. Balaca bir qardaşım var, məhəllənin bütün kişilərini tanıyır. Bir gün yüyürə-yüyürə darvazamızın qapısından içəri girdi. “Mamam, mamama Fasıx Həmdullanı polislər aparır” dedi. Anam da, “gəl keç içəri !” deyib qardaşıma təpindi. Bir az da mən üstünə gedib, “Utanmırsan? Fasıx nədir? Öz də Həmdulla haaa! Adın qoymusan? Əmi, dayı de.” Ağlamsındı, “Ona heç bir uşaq əmi, dayı demir, “işverəndir” ” dedi. Anamın dodağı qaçdı, özünü birtəhər ələ alıb, ciddi mimika ilə, yenə qardaşıma qəzəbləndi. O da qaraja keçib velosipedini söküb-yığmağa başladı. Bu dəmdə qapı qonşumuz Gülnaz xala özünü nəfəsi yanıq içəri atdı. Naxçıvanlı ləhcəsi ilə, “A bə qonşu, gördün daa bu kişinin dili başına bəla oldu axırda. “ Anamdan Bu Fasıx Həmdullanın kim olduğunu soruşanda Gülnaz xala dedi ki, “ İşi-gücü yoxdu, bütün günü məhəllədə avaralanır, camaatın ağzına, gözünə, qulağına qaravulçuluq edir. Eşitdiklərini də, bundan ona, ondan buna çatdırır. Sonra da özünü hörmətli bir adam hesab edir. Bə nətər qızım, sən onu görməmisən? Enli, girdə sifət, orta boy, kök, qarnı kimi budları da yayılan ətli bir kişidi. Elə fasıxlığı görkəmindən yağır. Yanını basa-basa yeriyib, nəfəsi kəsilə-kəsilə danışmağı, gülüşü, fasıx baxışı ilə məhəllədə məşhurdu. Kim su xəttini hardan çəkdi, kimin həyətindən hansı kanalizasiya turbası, hansı işıq xətti keçir hamısını bilir. Bir adamın həyətində bir kabel kəsiləndə də burnunu soxub kim kimdən aldı, neynədi öyrənib, o biri qonşuya çatdırıb aləmi vurur bir-birinə. İndi də yuxarı məhəllədə yaşayan bir qonşudan o birinə nəsə deyib, qonşular da bərk dalaşıblar. Polisəcən səs yayılıb. Bu dəmdə dalaşan tərəfin biri Həmdullanın dilinin bəlasına düşüdüyünü deyəndə məsələnin üstü açılıb. Məlum olub ki, araları qatıb-qarışdıran elə bu Həmdulla imiş. İndi üçünü də polis bölməsinə apardılar. Suyu süzülmüş kimi getdi. Pulunu alıb buraxarlar.”

Gülnaz xalanın dediklərindən sonra belə nəticəyə gəldim ki, bu kişinin adına bu cür təhqiramiz ifadəni yapışdırmayıblar, özü qazanıb. Mən deyərdim ki, ona fasıx yox, hətta şüvən demək lazımdı. Nədənsə bu söz yalnız qadınların ünvanına işlənir. Halbuki bizim cəmiyyətdə qadınlardan daha təhlükəli, həyasız, mədəniyyətsiz, qeybətbaz, tumanını başına atıb öz yerini bilməyən, hər şeyə arsızca gülən “kişilər” var və bunlar daha təhlükəlidirlər. Bu mənada ki, onların palçığından sizin üstünüzə sıçraya bilər, gərək onlara ağız verməyəsiniz. Çənə-çənəyə oldunsa, özünü qoyacaq axrıncı yola və donquldanacaq. Acınacaqlı vəziyyət odur ki, bu qadınların adı çıxıb eee, qeybət, ara vurmaq mövzusunda. Ona görə də onların dediklərinə bir o qədər etimad göstərmirlər. Amma belə dırnaqarası kişilərin mahiyyəti əslində hamıya bəlli olsa da, ortalıqda kloun kimi onu danışdırmaq həzz alır bizim cəmiyyət. Hamısı onu dəstəkləyirmiş kimi görünür, inanırlar ona. Amma kənarda bir hörmətli, səviyyəli və sayılan-seçilən məclisləri olanda bu Həmdulları uzaq tuturlar. Öz yaxınlarına buraxmırlar. Allah hamımızı bu cəmiyyətin dezinformasiyası olan Həmdullarardan uzaq etsin. Düzdür gec-tez haqq da öz yerini tapır, p** da, amma deyir “milçək bir şey deyil, di gəl ki, ürək bulandırır.”

Adını unutduğum bir filosof deyib ki, “Arsıza və söz qanmaza baş qoşma, haqlı ikən haqsız duruma düşərsən”.