“Qafqazinfo”nun məlumatına görə, perspektivli gənclərin ARDNŞ-in vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir.
İclasda Təqaüd Proqramı çərçivəsində xarici universitetlərdə təhsillərini müvəffəqiyyətlə başa vuran 19 nəfər gəncin hesabatı dinlənilib.
Bildirilib ki, ikisi bakalavr, 17-si magistr olmaqla məzunlar iqtisadiyyat, insan resurslarının idarəedilməsi, avtomatika və informasiya-kommunikasiya texnologiyaları, neft mühəndisliyi, hüquq, ekologiya, logistika və tibb üzrə təhsillərini başa vurublar. Komissiya üzvlərinin suallarını cavablandıran təqaüdçülər təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyətləri barədə məlumat veriblər.
İclasda hesabatları ilə xüsusi fərqlənən bir qrup məzun dərhal seçilərək ARDNŞ-in müxtəlif struktur bölmələrinə təyinat alıb. Yaxın günlərdə digər məzunların da müvafiq işlə təmin edilməsi məsələsinə baxılacaq.
Müsabiqə Komissiyası daha sonra şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil alan 7 nəfərin təhsil məsələsini müzakirə edib.
Bildirilib ki, bu günədək ARDNŞ-in Təqaüd Proqramında 246 nəfər iştirak edib. Hazırda onlardan 23 nəfər bakalavr, 27 nəfər magistr pilləsi üzrə, bir nəfər isə uzmanlıq təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. İndiyədək 195 nəfər (bakalavr pilləsi üzrə 32, magistr pilləsi üzrə isə 161 məzun) təhsilini başa vuraraq Vətənə qayıdıb və ARDNŞ-in idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub.