Sabahdan ərizə qəbulu başlayır

sabahdan-erize-qebulu-baslayir
Oxunma sayı: 2205

2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:

Ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

Ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər;

İlk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər;

2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;

I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər.

2. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.