Rahat ol, bizi görmürlər

rahat-ol-bizi-gormurler-
Oxunma sayı: 2858


Mart ayıdır. Bu hekayəni yazanda saatın əqrəbləri 03:45-i göstərir. Hə, elədir, yaz gəlir. Yaz deyəndə sizin ağlınıza ilk gələn nədir bilmirəm, amma mənim ağlıma sevgi gəlir. Hər yaz sevmək istəyirəm. Amma həmişə yayda sevmişəm. Adətən yazını beynimdə qurub, daha sonra yazıram. Bu hekayə isə elə olmadı. Sevmək demişkən, məncə çoxumuzda bu belədir. Ən azı məndə. Sevdiyim zaman önəmsəmədiyim, tərzim olmayan bir mahnı, film, kitab ilə rastlaşmış, izləmiş və ya məcburən dinləmiş olsam belə üstündən uzun, çox uzun zaman keçdikdən sonra o sevgi bitmişsə, o kitab, o film, o mahnı həmin adamı yox, o vaxtki hisslərimi xatırladır. Bu gecə təsadüfən “Issız Adam” filminin son 10 dəqiqəsi qarşıma çıxdı. Uzun zamandır izləməmişdim. Açdım, baxdım və bir şey yadıma düşdü. Çox şey xatırladım, gah gülümsədim, gah üzgün-üzgün gözlərimi bir nöqtəyə zilləyib fikirə getdim. Düşündüm ki, bunu sizinlə mütləq bölüşməliyəm. Mən o adamı necə unutdum? Sevəndə ayrılmış olsan belə, o adamı sevməklə əzab çəksə də sənə “onu unut” deyənlərə özlüyündə qəzəblənməmək bizdən aslı olmur. Yəni onu unutmaq istəmirsən. Onu sevməkdən xoşun gəlir. Unudaram deyə qorxursan. Qorxursan ki, birdən unutduğum vaxt o geri dönər, mənim hissim bitdiyində isə onun dönməsi məni xoşbəxt etməz. Qeyd edim ki, bu yazını həmin 10 dəqiqəni təkrar-təkrar dinləyərək yazıram. 

Onu çox sevmişdim. Həm də inanılmaz çox. O qədər çox ki, onun bir anonsdakı səs yazısını telefonunum musiqi “playlist”inə əlavə etmişdim. O zaman gecələr musiqi dinləyərək yatırdım. 20-25 mahnıdan sonra onun səs yazısı gəlirdi və mən yatdığım yuxudan qəflətən səhərin dördündə oyanıb, yerin içində diz üstə oturub, səsim çıxmasın deyə yorğanımı dişlərimin arasında sıxıb, hıçkıra-hıçkıra ağladığım günlərim çox olmuşdu. O zamanlar özlüyümdə onun da məni sevdiyinə inanırdım. Bəzən ayrılma səbəblərini düşünüb ona haqq qazandırdığım da olurdu, öz-özümə onunla söhbət edirmişcəsinə dərdləşdiyim də. Və artıq o Azərbaycanda yaşamırdı. Yəni nəinki üzünə, səsinə belə həsrət idim. Gecələr kompyuterin ekranına şəklini qoyub, mahnı dinləyə-dinləyə ağladığım, ekrandakı şəklini barmaq uclarımla xəfif toxunuşla sığalladığım da olurdu, səhər ekranda qalmış barmaq izlərimə baxıb yenidən ağlamağa başladığım da. Öncələri həyatıma bir gedib, bir gəlirdi. Belə keyfi istədiyi kimi. Artıq darıxmaqlarım dayanılmaz hala çatmışdı. Ona yalvarışlarla dolu mesajlar yazmağa başlamışdım. Belə etdikcə də, məni əlinin tərsi ilə itələyirdi. Və bir gün, “ Bitdi. Səninlə heç vaxt danışmayacam, Azərbaycana da heç vaxt gəlməyəcəm. Səni görmək istəmirəm.”- dedi. İndiyə kimi bir-birimizə olmazın sözlərini demiş, dalaşmışdıq. Amma bu onunla həmişəki davalarımızdan deyildi.

Dərk etdim ki, bu sondur. Boşuna kürək çəkirsəm, bitdi! Beyində bitdikdən sonra onu unutmaq cəhdləri başladı. Bütün günü onun profilində oturub, şəklinə gələn hər “like” edənlərin kimliyinə baxır, hər rəyin nə demək olduğuna anlamağa çalışırdım. Əslində sanki özümü incitmək üçün bəhanə axtarırdım. Hər özümü incitməklərimlə onu unudacağımı sanırdım. Rəylərdə inciməyim üçün kifayyət qədər bəhanə vardı. Amma unuda bilmədim. Bu arada onun həyatında bir qadın oldu. Hətta sosial şəbəkədə münasibət də qoydular, gülüşləri ilə dolu şəkillərini də paylaşırdılar. İncitmək nə ki, hər gün bir az, bir az ölürdüm. Amma bu da olmadı. Unuda bilmədim. Sonra “flirt” etdiyim oğlanlar oldu, sadəcə söhbət edib, bir az tanıyıb, onların məni həqiqətən sevdiyini anlayandan sonra ayrılırdım. Nə etdimsə olmadı, bacarmadım, unuda bilmirdim. Hər unuda bilmədiyimi, acizliyimi görəndə özüm-özümə olmazın sözün deyirdim. Sonda bir çarə düşündüm. Sevənlər adətən sevgililəri ilə getdikləri məkanları özləri üçün müqəddəsləşdirirlər. Bir gün şəhərdə gəzəndə, həmin yerə, Axundov parkının dayanacağına getdim. Yenə 77(marşrut) gəldi və orada saxladı. Başım havalı kimi idi. Qulağımda uğultu vardı. Sanki ətrafda hər şey, insanlar, maşınlar tez-tez şütüyür və heç birinin səsi gəlmirdi. Yalınız o uğultu vardı. Dünyayla əlaqəmi kəsmiş kimi idim. Həmin dayanacaqdan üzü görüşdüyümüz kinoteatrın önünə doğru irəliləyirdim. Özümü fəzada uçur kimi hiss edirdim. Sanki dünya, ətraf-aləmlə əlaqəmi kəsmişdim. Hə, elədir, artıq gözlərim dolmağa başlamışdı. Yay idi. Həmin ilk görüşdüyümüz gün kimi. Yerimir, ayaqlarımı sürüyürdüm. Elə bil bir qüvvə yana doğru salladığım, heysiz və müvazinətsiz qalmış qollarımdan tutaraq məni çəkib aparırdı. Hə ora çatmışdım. Kinoteatrın önündə idim. Qara şüşəli kinoteatrın... Yadıma kinoteatrın şüşələrinə baxaraq saçımı düzəldib, sonra da gülümsəyib, “Dəliyəm e. İndi bayırdakılar baxıb gülür, şüşəyə də baxıb saç düzəldərlərmi, deyirlər.” dediyimdə, o da gülümsünərək, “Bayırdan şüşə qara görünür, saçını düzəltdiyini görməyiblər. Rahat ol, şüşənin o tərəfində bizi heç kim görmür.” deməsini xatırladım. Artıq göz yaşlarım ayaq barmaqlarıma bir-bir düşür və mən taqətsizləşirdim. İçimdə ora ilə, oradakı xatirələrimlə sağollaşdım. Ətrafdakıların baxdığını umursamadan yavaş-yavaş gedəcəyim yerə yollandım. Göz yaşlarımı silib, dərindən nəfəs aldım. Günlər keçdi. Son çarə tanınmış bir psixoloqa üz tutdum. Saatlarca seans filan keçmədən, sadəcə onu dedi ki, internetdə izləmə və ortaq dost-tanışlarınız varsa, onlarla da əlaqəni kəs. Ən gec altı, ən tez dörd aya onu unudacaqsan, dedi. Dediyi kimi də etdim, heç dörd ay yox, iki aya 3 ildən çox dalaşa-barışa sevdiyim adamı unutdum. 

1 il sonra yenə bir yay günü yenidən aşiq oldum. Sevməyə başladım. Oşo deyir ki, insanın qarşısına hər zaman eyni tip adamlar çıxmır. Siz onları, eyni xarakterli adamları sevir, sonra da şanssızlığınızdan şikayətlənir, məni həmişə yaramaz adamlar tapır, deyirsiniz. Düz deyir. Bu adam da o biri adama bənzəyirdi. Amma bu dəfə daha tədbirli, təcrübəli və başı daşa dəymiş qadın idim. Bununla da dalaşır-barışırdıq. Bir gedir-bir gəlirdi. Yeni sevgilimlə ayrıldığımız, getdiyi günlər idi. Və.......... və bir gün illərlə keçmiş sevdiyim, demək olar ki, artıq onunla birgə böyüdüyüm, onunla öyrəndiyim, ondan sonra gücləndiyim, yalvarışlarıma məhəl qoymayıb məni rədd edən adam mənə mesaj yazdı... İnana bilmir, donub qalmışdım. Halımı soruşurdu. Nə hiss etdim deyilmi? Təəccüb, sadəcə təəccüb... Donub qalmışdım. Hər şeyə rəğmən ona cavab verdim. Heç nə olmamış kimi, çoxdankı bir tanış adam kimi danışmağa başladıq. Hələ də onu sevdiyimi sanırdı. Bir xeyli danışdıq. Artıq səni unutmuşam desəm də buna inanmırdı. Bəlkə də inanmaq istəmirdi. Çünki inanmıram ki, həyatında nə zamansa onu mənim kimi sevən biri olub və ya olacaq. Təbii ki, unutmama inanmaması normal idi. Aylarca danışdıq. Bir çox suallar verir və mənsə artıq keçmiş barədə ətraflı danışmaq, anmaq, o acizliyimi xatırlamaq istəmir, bundan utanırdım. Amma bir gün elə bir söz yazdı ki, özümü idarədən çıxdım. Bu qədər illərimin əziyyətli günlərini yaşamış mənə, sənin məni sevdiyinə inanmamışdım, sadəcə simpatiya, fanatizm olduğunu sanmışdım və sanıram, dedi. Hirsimdən cavab vermək belə istəmirdim. Bu qədər il simpatiyamı olardı? Ardından, yazarsan, mənə sevginin sənin üçün nə demək olduğunu de. Mənə məni necə sevdiyini tərif et, dedi. Yazdım. Amma bu sözləri yazmaq üçün istedad gərəkmirdi. Yaşanmışlıq, açdığı yaralar bəs idi. Xüsusi heç nəyə ehtiyac yox idi. Səni sevmək, çatacağım mənzilə iki dayanacaq keçdikdən sonra ayılıb, düşüb bir blokun ağzındakı “teredivar”da oturub dizlərini qucaqlayaraq ağlamaq, bəzən öz acizliyindən utanıb, özünə nifrət etmək. Bəzən durduq yerə yaşadığımız xoş xatirələrə gülümsədiyimdə, anamın, “Nədi? Dəlisən, öz-özünə gülürsən?” dediyində qaçıb, gedib gizlincə ağlamaq deməkdi. Bunları bilirsən? Başa düşürsən? Yox inanmıram. Çətin ki, anlayasan! Səni sevmək kompyuterin ekranındakı barmaq, gündüz ağlayanda dişlərimin arasında sıxdığım əlimdəki diş izlərimdi. Başa düşürsən nəsə? Çatır sənə belə şeylər? Yox, çətin ki, çata. Haradan biləsən? Və bu kimi indi xatırlamadığım çox şey yazdım. Düzdü o mənə sevgili ola bilməzdi, nəinki mənə kimlə sevgili olsa, sevgili kimi pis sevgilidir. Amma insan kimi yaxşı insandır. Sevməyi heç, amma onun da məni çox istədiyinə hələ də əminəm. Pis olduğunu hiss etdim. “Hə bəzi şeyləri bilərək etmişəm. Məhz səni incitmək üçün. Bilirəm bunlar çəkdiklərini geri qaytarmayacaq. Amma bilərəkdən və ya bilməyərəkdən sənə çəkdirdiklərim üçün bacarsan məni bağışla... “-dedi. Mən bunu yalnız xəyal edə bilərdim. Mümkün deyil, ola bilməz deyə düşündüyüm sözləri deyirdi. Bu məni daha çox incidir, üzürdü. Yəni oh rahatladım deyə bilmirdim. Eqom tavana vurmurdu. İkimiz də yerləbir olmuşduq. Artıq münasibətimiz normallaşmış, bütün kinimi qusmuş, onunla şərikli olan, bölüşdürə bilmədiyim bir şey qalmadığından insan kimi danışır, münasibətimiz olduğu vaxtlarda bütün qayrətlə danışmağa çalışdığım, amma danışa bilmədiyimiz hər şeyi danışır, gülürdük. Bir ay sonra yeni il qabağı gələcəyini və görüşmək istədiyini dedi. Düzü mən də bu görüşü istəyirdim. Həm o onu unutduğuma əmin olsun, hiss etsin, həm də mən. Bəlkə görsəm yenindən içimdə hisslər baş qaldırar?- deyə düşünürdüm. Bu özümü bir test etmək, sualıma cavab tapmaq idi. O gün gəldi və görüşdük. Xoş, maraqlı gün keçirdik. Sonra nə oldu? Sonra heç nə. Məncə o da, mən də artıq onu sevmədiyimə əmin olduq. 

Onu sevdiyim vaxtlardakı kimi kimsəni sevmədiyim, bundan sonra sevə bilməyəcəyimi də bilirəm. Onun qədər sevdiyim olmayacaq. Amma artıq o hisslər yoxdur. Bu ərəfədə ondan sonra sonunda sevə bildiyim, onu unutduran, ayrıldığım adam vardı ha, hə artıq o da eynən bunun kimi, mənim həyatıma, xarakterimə, mənə görə adam olmadığını anladım. Onu da özümə çox əziyyət vermədən, zamanında unutmağı qərara aldım. Alındı da. Tək bir şey qaldı. Bununla da ilk görüşdüyümüz yerlə sağollaşmaq. Yaxınlarda onu da edəcəm. Siz də sınayın. İlk görüş yerlərinizlə vidalaşın ki, bir dəfə üzülüb, sonradan min yol da ordan keçəsi olsanız kövrəlməyəsiniz...

 Xüsusi ilə həssas adamlar. Bəzən sevdiklərimiz dönər... Bəzən isə gec olar, gözləməkdən biz daşa dönərik...