Azərbaycanda mobil telefonlarda pornoqrafik məzmunlu virus yayılması ilə bağlı xəbər ölkə gündəmində böyük əks-sədaya səbəb oldu. Bu hücuma məruz qalan mobil telefon istifadəçiləri yalnız arzuolunmaz görüntülərlə qarşı-qarşıya qalmır, həm də danışıq balansından pul çıxılması ilə maddi ziyanla üzləşir. Doğrudur sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS-də gəlir. Amma heç demə bu SMS belə istifadəçini növbəti “virus” oyunundan xilas etmir. Bəs bu virus SMS-ləri mobil telefonlara kim göndərir?
Ekspert Cavid Əliyev deyir ki, nömrə təyin etməni birbaşa mobil operatorlar verir: “Mobil operatorlar provayder şirkətlərə verir. Həmin şirkətlər də kodu qısa nömrə sahiblərinə ötürür. O qısa nömrə sahibləri də koddan istifadə edərək abonentin nömrəsini həm təyin edirlər, həm də ordan pul çıxırlar”.
İndiki halda bu məsələdə “Navigator Mobile Services” (NMS) şirkətinin adı hallanır. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq isə mediada yer aldığı kimi təkcə porno məzmunların yayılmasından ibarət deyil. Şirkətin rəhbərlərindən olan Aslan Hacıyev deyir ki, onlar adıçəkilən saytlara yalnız texniki dəstək verirlər və burda qanuna zidd heç bir məqam yoxdur.
“Hətta qeyd olunan sayt belə, kimə maraqlıdırsa açıb baxa bilər. Gündəlik həyatda - televiziya və jurnallarda ondan da fərqli bir şeylər görürlər. Düşünürəm ki, bu qara piyardan başqa bir şey deyil”, – deyə NMS şirkətinin həmtəsisçisi Aslan Hacıyev bildirdi.
Bu məsələni hüquqi tərəfdən şərh edən vəkil Müzəffər Baxışov deyir ki, belə bir vəziyyətdə qanun iki dəfə pozulur.
“Pornoqrafik materialları yayan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsinə görə məsuliyyətə cəl oluna bilər”.
Araşdırmamız zamanı məlum olur ki, cəmiyyətdə bu sahədə həm də maarifsizlik var. Ekspretlər isə bunun qarşısını almağın yeganə yolu əmin olmadığınız saytlara daxil olmamağınızdır.