Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, son dövrlərdə keçirilən yoxlamalar zamanı özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Nazirlikdən onu da bildiriblər ki, tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin və xidmətlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2009-cu il tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.3-cü maddəsinə əsasən, tibb fəaliyyəti üzrə şəxslərin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən verilən xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilir.
Buna baxmayaraq, bir sıra özəl tibb fəaliyyəti subyektləri qanunsuz olaraq xüsusi razılığın əlavəsində qeyd edilməyən işlər və xidmətləri göstərirlər.
Nəticədə, ciddi qanun pozuntularına yol verdiklərinə görə, “Bioloji Təbabət” MMC, “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi”, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
Səhiyyə Nazirliyi sonda vətəndaşlara xəbərdarlıq da edir. Nazirlik lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyinizi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edir.