"Qafqazinfo" xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağrılaraq, dindirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Aparıcı açıqlamasında haqqında yayılan xəbərin yalan olduğunu və polis bölməsinə çağrılmadığını deyib:
“Tamamilə yalan məlumatdır. Əməliyyatçılar ANS televiziyasına gəlmişdilər və məndən hadisə ilə bağlı görüntüləri istədilər. Biz də onlara görüntüləri verdik. Məni heç kəs bölməyə çağırıb izahat istəməyib”.
Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana “Adam içində” verilişindən kömək istəmişdi. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.
Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.
Bir müddət sonra isə qadının dünyaya gətirdiyi körpə oğurlanıb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi qaldırılıb. Oğurluq hadisəsində isə teleaparıcının da əlinin olması ilə bağlı xəbərlər yayımlanıb və onun polis bölməsinə aparılaraq izahat verdiyi qeyd olunub.
***
Anspress-ə açıqlamasında Elgiz belə deyib:
"Bizim proqramın köməkliyi ilə dünyaya gələn bütün uşaqları mənəvi övladlarımız hesab edirik. Aysel Əhmədovanın oğurlanmış iki aylıq körpəsi də mənim mənəvi övladımdır."
Elgiz bəy kömək üçün onlara üz tutan Aysel Həmidovaya "Adam içində" tərəfindən hər cür yardım göstərildiyini deyir: "Biz nə lazımdırsa etdik. Hamiləliyindən savayı daha 2 uşağı vardı. Uşaqlarının atası aliment vermirdi, onu da həll etdik. Körpəsini dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirdik. Hətta xəstəxanada qaldığı müddətdə o biri uşaqlarına biz baxırdıq. İndi eşidirik ki, uşaq oğurlanıb. Bizim verilişimizə minlərlə adam gəlir. Yüzlərlə şikayətçiyə kömək etmişik. Bu insanların hər biri ilə ayrı-ayrılıqda maraqlanmağa, onların həyatlarını izləmək bizim imkanımız xaricindədir. Ümid edirik ki, körpə tezliklə tapılıb anasına qaytarılacaq. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaq itəndən bizimlə əlaqə saxlayırlar. Onlara lazım olan bütün məlumatları vermişik. Uşağın tapılması istiqamətində bütün köməkliyimizi göstərməyə hazırıq".
Son xəbərlər
Son Xəbərlər