O baxışlar vecimə deyil...

o-baxislar-vecime-deyil
Oxunma sayı: 1512

 

Son zamanlar qayğılar və məhrumiyyətlər insanlarımızı çox bədbinləşdirib. Yaşam tərzləri və həyata baxışları bom-boz olub. Hamının üzündən tənbəllik və halsızlıq yağır. İşi, maşını, evi olanlar da bu gündədir. Düzdür, mən işi, maşını, evi xoşbəxtlik göstəricisi saymıram. Amma adam əlində olanlardan düzgün istifadə etməyi və olanların dadını çıxarmağı bacarmalıdır.

Baxırsan normal adamdır, əlilliyi, xəstəliyi yoxdur, ancaq işsizdir, iş axtarmağa cəhd də eləmir. Sənət öyrənməyə də meyilli deyil. Onu da deyim ki, əlilliyin varsa, bu, işləyə bilməyəcəyin anlamına gəlmir. Sivil ölkələrdə əlilliyi olan insanların işləməmək problemi çoxdan tarixin qara kölgələrində qalıb...

Ümumiyyətlə, uğur qazanan insanlar məğlubiyyətin, çətinliklərin, problemlərin həyatın qaçılmaz və danılmaz bir həqiqəti olduğunu qəbul edib ona görə yaşayırlar. Hər problemə bir əvəzsiz dərs kimi baxıb ibrət alırlar. Bizə ən faydalı və əvəzedilməz dərsləri üzləşdiyimiz uğursuzluqların verdiyinə inanırlar. Daha ilk başdan uğursuzluq, çox çətin problemlər və başqa sürpirizlərlə qarşılaşacaqlarını bilib, bunlara və ola biləcək ən pis ehtimallara görə hazırlıq görürlər.

Problemləri, uğursuzluqları daha ilk başdan qəbul etdiklərindən bunlarla üzləşdiklərində şikayət, giləylənmə, şansa söymək yerinə, soyuqqanlı qalmağı və bu uğursuzluqları ən yaxşı və effektli şəkildə necə həll edəcəkləri üzərində düşünür və bu yöndə hərəkət edirlər. Bunun da ən təbii nəticəsi olaraq problemi həll edir, özünə olan inamı və bu bənzəri problemləri həll etmək üçün də təcrübə qazanmış olub gələcəyə də daha inamla baxırlar və uğursuz insanlar da bunlara “day-dayı var, şanslı adamdır, bəxtəvərdir” və s. kimi etiketlər yapışdırıb onların paxıllıqlarını çəkə-çəkə, amma ürəklərində də gizlincə onlar kimi ola bilməyi arzulaya-arzulaya  “armud biş, ağzıma düş” tərzində bir həyat yaşayıb elə də dünyayla vidalaşırlar.

Həyata çətin nəzərlərlə baxanda hər şey lap pis olur. Ağır iqtisadi-sosial durumda yaşayırıq, bəli. Sonsuz problemlər, əngəllər, qayğılar sıxır insanı. Amma çıxış yolları, alternativlər var. Bədbinlik ruhunu parçalamaq lazımdır. Özünüzə xoşbəxtlik təlqin edin. Sevin, sevişin. Oxuyun, oynayın. Heç vaxt etmədiyiniz dəliliklər edin.

Kaş biləydiniz, nə qədər sıxıntım, ağrım olur tez-tez. Vecimə almıram. Həyat qısadır axı. Özümə kiçik xoşbəxtlikləri təlqin edirəm. Zamanla gedir o sıxıntılar, getməsə də mənim dirəniş immunitetim güclənir. Sizdə də alınacaq!

Problem və qayğılardan yazarkən mənə “bədbin” damğası vuranlardan başqa həyatın gözəlliklərindən yazan da mənə “psevdooptimist” yarlığı yapışdıranlar da var. Olsun. Sizi kim bu dünyada razı salıb ki, mən də salım?!  Anlayıram, sizin mənəvi peşənizdir “mız” qoymaq. Amma bir gün o “mız”lar yumşaq yerlərinizə batacaq.

Kaliforniya Universitetinin psixologiya professoru Soni Lyubomirski öz həmkarları ilə birlikdə insanı xoşbəxt edən beş faktoru müəyyən ediblər.

Birinci növbədə mərhəmətli olmaq lazımdır. Psixoloqlar eksperiment iştirakçılarından onlara bir vaxtlar yardım etmiş adamlara minnətdarlıq məktubu yazmalarını xahiş ediblər. Məlum olub ki, bu adamlar özlərini bu cür məktublar yazmamış insanlardan fərqli olaraq daha çox xoşbəxt hiss ediblər. Məktubları göndərmək o qədər də vacib deyil, hətta kağız üzərində sadə minnətdarlıq ifadəsinin əks olunması bu adamları xoşbəxtlik duyğusunu hiss etməyə məcbur edib. Bu hissiyat insanları hətta həftələr və aylarla tərk etməyib.

İkincisi, nikbin olmaq lazımdır. Eksperiment iştirakçılarına öz gələcəklərini necə görmək barədə fikirləşmək barədə tapşırıq verilib. Bu, sevdiyiniz insanla birgə ailə həyatı da ola bilər, işgüzar fəaliyyətinizdə etibarlı tərəfdaşınız da ola bilər. Bundan sonra öz fikirlərini şəxsi gündəlikdə yazmaq tələb olunub. Bir neçə həftə ərzində bu cür pozitiv düşünən insanlar qeyd ediblər ki, onlarda ruhi gümrahlıq xeyli dərəcədə yaxşılaşıb.

Üçüncüsü, öz uğurlarınıza sevinməyi bacarmaq lazımdır. Həftə ərzində onları sevindirmiş üç hadisə barədə qeydlər edən eksperiment iştirakçılarının diqqəti əsasən onların həyatında baş vermiş yaxşı şeylərə yönəlib. Onlar özlərini daha çox xoşbəxt hiss etdikləri məqamları tapıblar.

Dördüncüsü, özünüzün daha güclü cəhətlərinizdən istifadə etməyiniz vacibdir. Məsələn, özlərində yaxşı yumor hissinin olduğunu iddia edənlər zarafatları ilə işgüzar görüşlərdə yaranan gərginliyi aradan qaldıra və yaxud bədbəxtlyə düşmüş dostunu ovundura bilərlər. Yumor hissi də bir sıra bədbəxtlikləri unutmağa kömək edir.

Beşincisi, xoş addımlar atmaq lazımdır. Məlumdur ki, xoş addımlar bir qayda olaraq həmişə insanın özünə qayıdır, qarşılıqlı olur. Ehtiyacı olanlara öz pullarını və vaxtlarını əsirgəməyən insanlar bu cür xoşməramlı addımlardan sonra özlərini daha xoşbəxt hiss etdiklərini söyləyiblər.

Təhlil aparıb, sağlam nəticə çıxarmağı sizin ixtiyarınıza buraxıram.

Çətinliklərə və əngəllərə baxmayaraq, insanlar arasında olanda gülümsəməyi əsirgəməməyə çalışıram. Düşünürəm ki, insanlara mənfi aura bəxş etməyə haqqım yoxdur. Zatən, nə qədər desək də, millət əlil arabasında oturan insana çox vaxt məzlum kimi yanaşır. Ona yazığı gəlir. Amma artıq o baxışlar artıq vecimə deyil. Həyat gözəldir, bu qaranlıq günlər geridə qalacaq. Gülümsəyin!