Niyə psixoloqdan əvvəl falçıya gedirik? - Ekspert danışır

niye-psixoloqdan-evvel-falciya-gedirik-
Oxunma sayı: 3717

Psixoloq Gülər Əsədovanın “Qafqazinfo”ya müsahibəsi

- Son aylar insanlar, xüsusilə azyaşlılar intihar edir. Psixoloqlar bu barədə çox məsləhətlər verir, ancaq vəziyyət dəyişmir. Başqa nə etmək lazımdır?

- İnsanların, xüsusilə azyaşlı uşaqların intihar etmələrinə səbəb ilk öncə maarifsizlikdən irəli gəlir. Valideynlər maariflənmir, azyaşlılar başa düşüləcək tərzdə maariflənmir və nəticəsi faciə olur. Valideynlər uşaqların nə ilə məşğul olduqlarına diqqət etməlidirlər. Uşaqların baxdığı filmlər və cizgi filmlərinə diqqət olunmalıdır. Uşaqlar filmlərə baxmaları, kompüterlərin qarşısında durmalarına vaxtına nəzarət etməlidirlər. Azyaşlılar şiddət və qorxu dolu oyunlar oynayırlar. Bu zaman onlar kompüter oyunları, filmdəki qəhrəmanlara özlərini bənzətmək istəyirlər. İntihar və bu kimi hallara meyilli olurlar. Belə halda tək valideyn, məktəb və psixoloqlar heç nə edə bilməzlər. Müəyyən qurumlar, qeyri-hökumət təşkilatları da bu işlə məşğul olmalıdırlar. Məsələn, xüsusi bukletlər hazırlana bilər və üzərində cizgi filminin qəhrəmanları əks oluna bilər. Maarifləndirici kəlmələrdən istifadə oluna bilər.

- İnsanlar adətən hansı səbəbdən psixoloqlara müraciət edirlər?

- Psixoloqlara boşanmalarda, uşaqların özlərinə qapanmaları zamanı, qayınana-gəlin münasibətlərinin korlanması, qonşu münasibətlərini yaxşılaşdırmaq üçün, iş yerlərində müdiriyyətlə yola getməmək və sairə kimi hallar zamanı müraciət olunur. İnanın ki, müraciət olunandan sonra məsələ daha sivil və mədəni şəkildə həll olunur. Psixoloqlar onlara məsələni kənardan görməyi başa salırlar. Müxtəlif üsullar var ki, onlara öyrədilir və həyatlarını daha asan və sakit keçirməyə köməklik olunur.

- Sizcə niyə insanlar falçı yanına getməyə pul tapırlar, ancaq psixoloqlara müraciət etmirlər?

-Falçıya pul tapırlar, ancaq psixoloq bahadır deyə getmirlər. Niyə? Çünki Azərbaycanda yaşayırıq. Şərq ölkələrinin əksəriyyətində belədir. Gəlin, bir Avropa ölkəsinə nəzər salaq, orada vəziyyət tamam fərqlidir. Siz Almaniya və İngiltərədə öncə falçıya, daha sonra psixoloq yanına getsəz sizə dəli kimi baxarlar. Çünki, biz miflərə əsaslanaraq öncə falçı, çıldaq kimi yerlərə gedirik, ondan sonra psixoloqlara müraciət edirik. Bizim ölkədə psixoloqlar baha deyil. Düzdü, ola bilər ki, bizim ölkədə qiymət 50-100 AZN-dir. Avropada isə bundan qat-qat yüksək qiymətlə üzləşə bilərsiz. Hətta onların həftə ərzində işləri bizdən də qat-qat azdır.

- Azərbaycanda psixoloqlara ona görə inam yoxdur ki, onların özlərinin min problemi olur. Sözügedən psixoloqlar öz problemlərini belə həll etmək gücündə deyillər…

- Ümumiyyətlə, psixoloqların özləri də kurs keçməlidirlər. Onlar müəyyən qurum və psixoloqlar tərəfindən yoxlanılmalıdırlar. Çünki, o psixoloqların da problemləri ola bilər. Ölkədə psixoloqlara niyə inam yoxdur? Biz düşünürük ki, öncə qohum-qonşudan məsləhət alaq. Tanışlardan, qohumlardan məsləhət aldıqdan sonra psixoloq yanına gedirik. Vətəndaşlar maariflənməyi istəmirlər. TV və media bu hallarda güclü rol oynamalıdırlar. Psixoloqlara inamı müxtəlif kampaniyalar yaratmaqla artırmaq olar.

- Tutaq ki, mən sevgilimdən ayrılmışam, depressiyadayam. Mənə necə kömək edə bilərsiz? Belə vəziyyətdə standart qaydalar var, ya insana görə dəyişir?

- Burada bir sıra suallar ortaya çıxır. Siz necə bir ailədə böyümüsüz və ilk sevgilinizdimi? Bu hər insana görə dəyişir. İndividual olan bir məsələdir. Ola bilər ki, sizin daha öncə nişanlınız və ya sevgiliniz olub. Ondan o qədər də xoş olmayan xatirələrlə ayrılmısız. O səbəbdən növbəti sevgi münasibətlərinizdə əziyyət çəkirsiz. İnanın mənə bir-iki gün qanı qara gəzmək depressiya demək deyil. Depressiya daha dərin, qlobal və çətin bir vəziyyətdir. Depressiyada olan adam cəmiyyətdən kənarlaşmaq istəyir. Bir-iki gün qanı qara, əsəbi adam depressiyada ola bilməz. Bu normal bir şeydir. İnsanın hər gün yaxşı əhval-ruhiyyəsi olmaz ki? Sevgilisindən ayrılanın qanı qara olacaq da… Ona görə demək istəyirəm ki, belə hal insana və vaxta görə dəyişir. Çalışın əsəbilərinizi, ruh halınızı qoruyun.