Kreditini ödəmədi, maaş kartı bloklandı - Video

kreditini-odemedi-maas-karti-bloklandi
Oxunma sayı: 4951

Banklardan biri müştərisini kredit ödənişini gecikdirdiyinə görə maaşından məhrum edib.

“Qafqazinfo”nun xəzərxəbər-ə istinadən məlumatına görə, müştəri ilə bağlanan müqavilədə qeyd olunub ki, borc alan öhdəliklərini icra etmədikdə borc verən onun hesabındakı məxaric əməliyyatlarına məhdudiyyət qoya bilər. Həmin bankda bütün müştərilərlə bu müqavilə imzalanır.

Hüquqşünaslar isə müqaviləyə belə bir bəndin salınmasını doğru saymır. Çünki müştəriyə əmək haqqı verən bank yox, işə götürəndir. Bank sadəcə, maaşın təqdim edilməsində vasitəçi rolunu oynayır.

Müştəri müqaviləyə imza atsa belə, qeyri-qanuni hala görə bu sənəd etibarsız sayılır.

Müştəri borcu mütəmadi olaraq ödəmirsə, bank onu məhkəməyə verə bilər. Bundan sonra “İcra haqqında qanun”a əsasən hər ay həmin şəxsin aldığı əmək haqqının yarısı borcun ödənilməsinə yönəlir. Məbləğ kredit götürənin maaşından yalnız bu halda tutula bilər. Bankın istənilən vaxt müştərinin hesabına müdaxiləsi isə yolverilməzdir.