Filmləri “öldürən” kinoteatrlar

filmleri-olduren-kinoteatrlar
Oxunma sayı: 1675


Kinoteatra gedə bilməməkdən son bir ildir ciddi əziyyət çəkirəm. Xarici filmlərin rus dilində dublyaj olunması, dublaja ehtiyacı olmayan türk filmlərinin çoxunun isə ya əvvəlcədən izlədiyim koreya filmlərinin “Özcan Dəniz”ləşdirilmiş versiyası, ya da “Romantik Komedi” kimi pulumu xərcləmək istəmədiyim tərzdə filmlər olması mənim üçün kinoteatra getməyi mümkünsüz hala gətirir. 

Xüsusilə də “Nizami” kinoteatrının yanından hər dəfə keçərkən ürəyim ağrıyır. Nə adı, nə də binanın özü kinoteatra oxşamır...Təklifim odur ki, Nizami Kinoteatrı “Nizami Teatrı” olsun. Yuğ Teatrı aktyorları da bu teatra köçsün. Yuğ Teatrını sökdükdən sonra günahınızı ancaq belə yuya bilərsiniz. Düzdür, Yuğ teatrının kiçik amma qeyri-adi binasını əvəz edə bilməsə də, müvəqqəti olaraq könüllərini ala bilərsiz. Biz heç, biz onsuz da həmişə onlarlayıq.

İkinci cümlədə rus dilində bilmədiyimi demişdim. Amma mənim problemim rus dili ilə deyil, filmlərin dublyaj olunması ilə bağlıdır. Çünki, mən filmə ancaq orginal dildə baxa bilirəm. Bəzi aktyorlar sırf danışıq tərzinə, səs tonuna görə seçilirlər.Onları dublyaj etmək filmin orginallığını itirir ( Eşitdiyimə görə kinoteatrlarımızda filmlər tamaşaçılara altyazı ilə də təqdim olunur. Heyif ki, buna mən rast gələ bilməmişəm).

Axı, Al Pacinonun səsini necə dublyaj etmək olar? Polkovnik- leytenant Frenk Sleyd, rus dilində yada türk dilində danışdıqdan sonra onun kor olmasının nə mənası var? (Al Pacino- “Qadın Ətri”). Robert De Nironun gülüşü, danışıq tərzi, baxışı bir-birini tamamlayan şeylərdir. Bunlardan birini çıxartsaq, ya da dəyişdirsək ortaya Qadın Zorakılığı haqqındakı mühazirəni kağızdan oxuyan bir qadın çıxır. Bu səmimiyyətsiz qadını dinlədikdən sonra isə ürəyindən onu ayağının altına salıb, it kimi çırpmaq istəyirsən. Eddi Mörfi və Cim Kerri kimi aktyorlar da var. Onların cürbəcür hərəkətlərini, mimikalarını hansısa dildə dublyaj edib danışığı, dediyi sözlərlə uyğunlaşdırmaq və eyni təsiri əldə etmək çox çətindir. Cim Kerri “Maska” filmində min cür səs çıxardır. Tərcümə edib bunları zay etmək nəyə lazımdır axı? Belə aktyorların dublyaj edilməsi sadəcə günahdır. Ondansa filmi səssiz yayımlasınlar. Böyük hərflərlə bəzi vacib məqamları altyazı ilə təqdim etsinlər. Öz xəyalımızda onları sevdiyimiz səslərdə canlandıraq.

Bəzi anlar olur, onları aktyorun öz səsindən eşitmək lazımdır. Çünki, bir qızla sevişərkən onun qulağına “səni sevirəm” dediyin an, telefonda (yalandan) “səni sevirəm” deməkdən fərqli bir şeydir. Aktyor sevgilisini qucaqlayıb, gözlərinin içinə baxır -bəlkə doğrudan da qarşısında ki, qıza vurulub- və səni sevirəm deyərkən əslində ürəyindən keçəni deyir. Sən isə bir studiyada bu səhnəyə baxıb ehtiraslanırsan və “səni sevirəm” deyərkən, ürəyindən “ay daa aktyor olmaq nə zor şeydi” deyirsən (biraz da ehtiraslanırsan) və bığının altından pıçıldadığın səsi biz eşidirik. Bu da sizə Di Kaprionun Keyt Vinsletin qulağına dediyi sevgi sözləri... Sonra da baxırsan ki, Titanik batır. Batmasın neynəsin.

Dublyaj məsələsində Xəzər Tv-ni yaxşı başa düşürəm. Nə qədər şit görünsə də, Kamal Sunalı tərcümə etmirlər və hər həftə bunu nümayiş etdirərək iddialarını ortaya qoyurlar. Çünki Kamal Sunalın səsi, danışıq tərzi, mimikaları bir-birini tamamlayır. Bunlardan biri olmasa o Şaban ola bilməz. Xəzər tv-nin bəlkə xəbəri yoxdur, amma onların türk dilində danışan Şabanı dublyaj olunaraq efirdə və kinoteatrda bəzən biyabırçı vəziyyətə düşən, kobudlaşan, əzilib büzülən, eybəcərləşən aktyorları qoruyur və onlar üçün savaşır.

Məşhur komedya ustası Endi Kaufman ilk dəfə səhnəyə çıxdığı gün yarım saat heçnə demədən tamaşaçıları güldürmüşdü. Arada bir iki söz deyirdi, tamaşaçıların gülməkdən gözündən yaş tökülürdü. Endi Kaufmandan yazmağımın səbəbi arada işlətdiyi bir iki sözdür. İndi bunu dublyaj edin, görüm necə edirsiz. Endi Kaufmanı Cim Kerrinin baş rolda oynadığı “Man on the moon” (“Aydakı Adam”) filmi ilə bir daha yad etdilər. Cim Kerri ona oxşamaq, onun kimi danışa bilmək üçün aylarla məşq etdi və bunu bizə nümayiş etdirdi. Ondan başqası çətin ki, bunu bacara bilsin. Bəs nəticədə nə oldu? Cim Kerri, Endi Kaufmana azca oxşaya bildi. Bu qədər. Hələ ki, bu film Azərbaycan dilində dublyaj olunmayıb ( mən görməmişəm). Əvvəlcədən xəbər verirəm ki, bu filmin bizim yada başqa ölkə kanalların efirində reklamını görsəz, tez televizoru keçirin və pəncərədən aşağı tullayın.

Son söz.

Heç olmasa filmlər kinoteatrda nümayiş olunmağa başladığı ilk iki həftə alt yazı ilə yayımlanmalıdır. Vaxt keçdikcə altyazıya öyrəşən tamaşaçıların sayı artacaq. Bundan sonra bu iki versiya ( altyazılı və dublyajlı) daimi olaraq mövcud olsun və insanlar öz zövqünə uyğun olaraq istədiyi kimi izləsin filmləri.