“AXA MBASK” sığorta şirkətinin sığorta hadisələri üzrə müştəri xidmətləri departamentinin müdiri Rafiq Allahverdiyev fins.az-a bildirib ki, yay mövsümündə ən çox qəza olan ərazilərdən biri Şimal bölgəsi - Quba, Qəçrəş və Nabrandır: "Qəçrəşdə qəzalara əsas səbəb yüksək sürət və sürücülərin yolu tanımaması olur. Maşınlar maneələrə - ağaca, yol ayrıcında olan dəmirlərə vurulur". “AXA MBASK” təkcə ötən mövsüm Şimal bölgəsində 15-20 belə qəza qeydə alıb. Nabranda isə parklama zamanı kiçik qəzalar baş verir. Yüksək sürət və yolu tanımamaq Pirqulu- Çuxuryurd yolunda da qəzaların sayını artırır.
Zaqatala və Qaxda isə ötən mövsüm 15-ə yaxın avtomobil qəzası baş verib. Qəzalar əsasən sürücülərin içkili və yuxulu olmasından baş verib. R.Allahverdiyev bildirir ki, hər 3 hadisədən biri maşınla heyvan vurma ilə bağlı olub: "Gecə saatlarında daha çox it və çaqqal, gündüzlər isə mal-qara vurulur".
Gədəbəy rayonunun Yasamal aşırımı da özünəməxsus qəzalarla tanınır. Burada tez-tez “Niva” markalı maşınların yanması baş verir. Təkcə ötən mövsüm “AXA MBASK” 4-5 belə qəza qeydə alıb.
Bölgə yollarında tez-tez qəza baş verən ərazilərdən biri də Bəhramtəpə dairəsidir. Bu dairədə yol nişanlarına diqqət edilməməsi mütəmadi qəzalara səbəb olur. Təkcə ötən ilin yayında həmin ərazidə 8-10 hadisə qeydə alınıb.
Lənkəranın “Ləvəngi” dairəsi də adı ilə yanaşı, burada Yevlax- Şəki dördyolunda ehtiyatlı olunkı qəzaların çoxluğu ilə məşhurdur. R.Allahverdiyevin sözlərinə görə burada qəzaların əsas səbəbi yüksək sürət, sürücülərin içkili olması və bəzən narkotik qəbul etməsidir.
“Azsığorta” şirkətinin iş icraçısı Zeynal Zeynalov bildirib ki, yay mövsümündə ən çox qəzaların baş verdiyi yerlərdən biri Yevlax- Şəki yolunda dördyol adlanan ərazidir: "Burada yol nişanlarının qarışıq olması, sürücülərin bir-birlərinə yol verməməsi qəzaların sayını çoxaldır. Ötən mövsüm bu ərazidə 30-a yaxın avtomobil qəzası baş verib". Şamaxı da isə Qaraməryəm ərazisində daha çox qəzalar olur. Bu qəzalar dar yola iri buynuzlu heyvanların qəfil çıxması səbəbindən baş verir.
Z.Zeynalov bildirib ki, tez-tez qəza baş verən yerlərdən biri də Ələt-Astara yolunun 45-ci kilometrliyində Qaradağ rayonu ərazisidir. Yolun bu hisəsində asfalt örtüyü dağıldığına görə sürücülər sürəti tənzimləyə bilmirlər və nəticədə qəzalar baş verir. Ötən yay mövsümündə bu səbəbdən həmin ərazidə 25-30 belə avtomobil qəzası baş verib.
Yay mövsümündə bölgələrdə baş verən qəzalarda icbar sığorta ilə bağlı avtomobillərə 1500-1700 manat, kasko üzrə isə 2000-2500 manat arasında zərər dəyir. Nisbətən ağır qəzalarda isə maşına dəyən zərərin məbləği 2500-3000 manata çatır.
Amma ən böyük zərərlər aeroport yolunda baş verən qəzalarla əlaqədardır. Bakının mərkəzindən Hava Limanına aparın dolama beton yol, təkcə paytaxtda yox, bütün ölkədə ən təhlükəli yollardan biri sayılır. Aeroport şosesi yüksək sürət üçün nəzərdə tutulduğuna görə, burada qəzalar tez-tez baş verir. Z.Zeynalovun sözlərinə görə, burada qəzaları əsasən bahalı "Mersedes", "Gallen vagen", "Lexus" sahibləri törədirlər. Nəticədə bu yolda qəza zamanı avtomobillərə 7500-9000 manat aralığında zərər dəyir. Yeri gəlmişkən, bu yol avtomobillər arasında sürət yarışları üçün çox istifadə olunur. Bir qədər əvvəl internetdə "BMW X6" avtomobilinin "Lada Priora" ilə sürət yarışını göstərən video görüntü yayılıb. Yarış zamanı avtomobillərin sürəti saatda 240-250 kilometrə çatıb.