“TQDK 2016-cı ilin aprel ayından demək olar ki, fəaliyyət göstərmir. Bu yüz minlərlə insanın taleyinə biganə qalmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. O bildirib ki, fevral ayının başlamasına baxmayaraq TQDK (DİM) “Abituriyent 1” jurnalını nəşr etdirməyib. “Abituriyent 1” jurnalında 2017-ci ildə keçiləcək qəbul imtahanlarında iştirak edənlərin hansı proqram üzrə hazırlaşması üçün fənlər üzrə proqram nəşr olunur: “Təsəvvür edin ki, imtahana bir neçə ay qalıb, amma hələ də proqram yoxdur. İndi hansı əsasla onun biliyi yoxlana bilər?
Bundan başqa, xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu şərtləri və vaxtı barədə məlumat verilir. Amma indi bu barədə məlumat yoxdur.
Əslində proqram hər il sentyabr, ən geci oktyabrda nəşr olunmalıdır ki, abituriyentlər növbəti qəbul imtahanlarına səmərəli şəkildə hazırlasınlar.
Daha qəbula 3 ay qalmış, proqram nəşr etməzlər.
Təəssüflər olsun ki, TQDK (DİM) bu il keçirəcəyi qəbul və sınaq imtahanlarının, sənəd qəbulunun vaxtını elan etməyib. Bu abituriyentlərin qəbul imtahanlarına hazırlaşmaq üçün hansı vaxt ərzində təkrar etməli olduğunu müəyyən etməyə imkan vermir.
Hələ mart ayında magistr pilləsinə qəbul imtahanları olmalıdır, bir xəbər yoxdur.
Dövlət qulluğuna qəbul imtahanları uzun müddətdir ki, keçirilmir”.