Baba-nəvə sevgisi bir başqadır. Mən ən şirin, ən yaddaqlan nağılları, şeirləri, təmsilləri ilk dəfə babamdan eşitmişəm. İndi də o nağılları, o şeirləri eşidəndə babam yadıma düşür. Bütün nəvələr kimi mən də babalarımı çox sevirdim. Xüsusən anamın atasını. Babamın gözləri göy idi. Elə bilirdim babam dünyanı göy rəngdə görür. Amma onun öz dünyası vardı. Və həmin dünya zəhmətə gedən yollarla başlayıb, nağıllı, sözlü dünyanın yolları ilə tamamlanırdı. Mənə nağıl danışan babam uşaqlıq illərimin bir parçasıydı. O, rəhmətə gedəndə mən tələbəydim. Son günlərində yanında ola bilmədim, dəfnində iştirak etmək imkanım olmadı. Hələ də buna görə özümü bağışlaya bilmirəm...
Babam mənim uşaqlıq xatirələrimi də özüylə apardı. Babam ölən gün Sabiri, Abdulla Şaiqi, Abbas Səhhəti, Krılovu, Maksim Qorkini, Mark Tveni, Anderseni itirdim. Məzarına baş çəkəndə həm də uşaqlıq dövrümü xatırlayıram... Babam məni xoşbəxt görmək istəyirdi. Görə bilmədi... Babalar ölən gün nəvələrin də xatirələrini özləri ilə məzara aparırmış sən demə...
Rəşadətin babasının intihar etməsi əslində nəvələrini xoşbəxt görmək istəyən bütün babaların faciəsidi. Onlar üçün biz hələ də uşağıq-nağıl, təmsil eşidən dövrümüzdü. Bizi yalnız onlar öz nağılları ilə Xeyirlə Şərin mübarizəsinə, Xeyirin Şər üzərində qələbəsinə, gecəylə gündüzün varlığına inandıra bilər. Böyüsək belə yerimiz dizlərinin üstü olar, başımızda tumar çəkən əllərinin izi qalar. Babalar nəvələrinin yerini zindanlarda təsəvvür etməzlər. Və təsəvvürlərinə gətirməzlər ki, nəvələrinin saçlarını oxşayan əllərinin yerinə nə vaxtsa dəyənək, yumruq dəyə bilər. Və bizim böyümədiyimizə bir də ciblərində saxladıqları bir konfet, ya bir alma, bəzən aldıqları pensiya ilə işarə edərlər. Hə, yadımdadı ki, bir dəfə babam mənə pensiyasından bir az saxlayıb verəndə etiraz etmişdim: “Ay baba, mən sənə kömək etməkdən sən niyə mənə yardım edirsən?” Cavabı belə olmuşdu: “Götür, tərslik eləmə. Tələbəsən, ehtiyacın olar. Sən də universiteti bitirib işləyərsən, məni saxlayarsan. Onda lap qoca kişi olacam. Eeeehhh! ” Nə mən işlədim, nə də babam lap qoca kişi oldu. Babam elə babam yaşda da öldü... Xəstəlikdən, dərmansızlıqdan, həkimsizlikdən-çarəsizlikdən. Rəşadətin babasını anlamaq üçün ya gərək Rəşadət kimi nəvə, ya da babası kimi baba olasan. Biz də belə istəkli idik. Ona görə bu ağrını öz ağrım kimi yaşadım.
Bu faciənin adını tapmaq mümkün deyil. Kaş ki bu ölkədə hər kəsin, sevgisi istəyi belə olaydı. Nəvələr öz babalarının qədrini biləydi. Babalar nəvələrini daim azad, xoşbəxt görmək istəyəydi... və görəydi.
Eeeeh, gör mən nələrdən danışıram...