Axırıncı yol

axirinci-yol
Oxunma sayı: 1567


Onlar cəmiyyətin çıxdaş olunmuş, nifrətdən başqa heç nəyə layiq görülməyən kəsimidir. Eynilə haqsızlıqla, rüşvətxorluqla mübarizə kimidir onlarla mübarizə...

Paytaxt sakinləri bu zümrənin toplaşdığı yeri, vaxtı bilir. Həmin vaxt o yerlərdən keçənlər onları tanıyır. Ən yaxşı halda görməmək və ya nifrətlərini izhar etmək üçün üzlərini yana tuturlar.

Anamla sakit bir parkda əyləşib hava alır, yorğunluğumuzu çıxarırdıq. Bir qadın qarşımızdan o tərəf-bu tərəfə keçirdi. Boş skamya tapmadığı üçün yanımızda əyləşdi. 20 il əvvəl dəbdə olan şokolad rəngli dəri gödəkcə, uzun yubka geymiş bu qadının təxminən 50 yaşı olardı. Saçlarının dibi boyadan ötrü qəribsəmişdi. Alnındakı səliqəsiz qırışlar elə bil, öz həyatının labirintlərinin izi idi. Köntöy yollar onu axırıncı cığırda itirmişdi... Çıxa bilmirdi.

Söhbətə özü başladı. Əvvəlcə yolpulu istədi. Zəmanədən gileylənə-gileylənə pulu çantasına qoydu. Danışdıqca səsi ağrıyırdı elə bil...

Əyalətdən gəldiyini dedi. Əri onu və üç uşağı atıb imkanlı bir qadınla evlənmişdi. O da dolanmağın çətin olduğunu görüb qır-qızılını satır, pula çevirib başlayır Sədərəkdən pal-paltar alıb evində satmağa. Rayondan birbaşa Sədərək və Binə bazarlarından gələn avtobuslara minib gəlir, elə onlarla da geri qayıdırmış. Yaşadığı məhəllədə müştərisi olan qadınlardan birinin əri ona göz verib, işıq vermir. Xoşlandığını, onu xoşbəxt edəcəyini deyir. Bu isə rədd cavabı verir. Çox keçmir ki, rayon əhli kişinin bu “sevgisindən” xəbər tutur. Onu qınamaq əvəzinə qadını məzəmmət edirlər. Son nöqtəni həmin kişinin həyat yoldaşı qoyur: gəlir qadının evinə, uşaqlarının yanında ananı rüsvay edib gedir. Beləcə həmsöhbətimiz doğulub böyüdüyü rayondan köçməli olur. Bakıya gəlir. Burda kirayə ev tutur. Dolanışıq çətin, çörək, necə deyərlər aslanın ağzında. Əvvəlcə səkkizinci kilometr bazarında meyvə-tərəvəz satır. Bacarmır. Olan pullarını da xərclədikdən sonra xalqın leksikonunda pis səslənən həmin “axırıncı yol”a çıxır.

Bu park, istirahət üçün salınsa da bu qadın üçün “axırıncı yol”un bir cığırı idi...Bədii əsərlərdə, filmlərdə taleyinə təssüfləndiyimiz belə qadınları qarşımızda görəndə nifrət edir, üzümüzü yana tutur, onları alçaldırıq...

***

Fantinanı xatırladız yəqin ki. Kozettasına pul göndərmək üçün saçlarını və dişlərini satan bədbəxt ana... Sonda heç nəyi qalmadığını görüb vücudunu satır və qadın, ana adının ardınca cəmiyyət ona fahişə statusu qazandırır...

“Fantinanın keçirdiyi macəra nədir? Bu macəra qul satın alan cəmiyyətin macərasıdır. Cəmiyyət bu qulları kimdən satın alır? Səfalətdən. Aclıqdan, soyuqdan, yalqızlıqdan, kimsəsizlikdən, ehtiyacdan satın alır. Bu olduqca kədərli bir alverdir. İnsan qəlbi bir parça çörəyə satılır. Səfalət təklif edir, cəmiyyət isə bu təklifi qəbul edir... Deyirlər ki, köləlik Avropa mədəniyyəti sayəsində yox olmuşdur. Bu, səhv fikirdir. Köləlik hələ də mövcuddur, lakin onun ağırlığı indi yalnız qadınların üzərinə düşür ki, buna da fahişəlik deyirlər. Köləliyin ağırlığı qadın üzərinə, yəni zəriflik, gözəllik, analıq üzərinə düşür. Bu hal bütün kişilər üçün bir ləkə, həm də ən böyük bir ləkədir”-böyük Hüqo deyirdi...