Prezidentin bu sərəncamında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və xüsusilə, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının gücləndirilməsinə, regionların sənaye potensialının artmasına və innovativ texnologiyalar əsasında sənayenin yenidən qurulmasına əlavə təkan verəcəkdir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC də bu sərəncam və proqramlardan irəli gələn tələblər çərçivəsində öz fəaliyyətini daha da təkmilləşdirmək barədə qərar qəbul etmişdir. Həmin qərarlar çərçivəsində Korporasiyanın tərkibində fəaliyyət göstərən bir sıra istehsal obyektlərinin daha səmərəli çalışması üçün yeni idarəetmə sistemlərinə keçidi nəzərdə tutulub. Bu baxımdan ilk addım kimi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Qazax rayonunun Daş Salahlı kəndinə yaxın ərazidə inşa etdiyi Qazax Sement Zavodu təşkilatlanaraq 2014-cü ildən “Qazax Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlamışdır.
Zavod artıq “Akkord Sement” brendi altında dörd növdə sement istehsalını həyata keçirir. İstehsal edilən sement növlərinin keyfiyyəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş, müvafiq uyğunluq sertifikatları verilmişdir.
Xatırladaq ki, Qazax Sement Zavodunun təntənəli açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 05 iyul 2013-cü il tarixdə həyata keçirilmişdir. Zavodun layihələndirilməsi və proqramlaşdırılması dünyanın bu sahələrdə lider şirkətləri tərəfindən aparılmışdır. Zavod ən müasir avadanlıqla təchiz edilərək sementin quru üsulla istehsalını həyata keçirir. Tikintisinə 250 milyon manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunub. Qazax Sement Zavodunun ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir.
Qazax Sement Zavodu 2014-cü ildə üç milyon ton sementin istehsalını nəzərdə tutur. Bu mühüm layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, həm də ölkənin qeyri-neft sənayesinin şaxələndirilməsinə dəstək olacaqdır.
“Akkord” Korporasiyasının tərkibində fəaliyyət göstərən daha bir neçə istehsal obyektlərinin yeni idarəetmə sistemlərinə keçidi planlaşdırılır.