Deyirlər, o, gəncliyində də çox müdrik, hər sözünün yerini bilən, ədəb-ərkanlı, ağır təbiətli olub. Sonra oxuyub, müdafiə edib, elmi dərəcə alıb, yekə-yekə vəzifələrdə çalışıb. Vəzifəsi böyüdükcə, şan-şöhrəti artdıqca daha da ağıryana, samballı olub.
Qan barışdırar, xeyir-şərdə başa çəkilərmiş. El-obanın güvənc yeriymiş. Kimin elçiliyini etsəymiş oğlan qapısına boş qayıtmazmış.
Sözü daşdan keçən, ağır taxtalı həmin müdrik kişini neçə ildən sonra öz bacısı qızının nişan mərasimində gördüm. Xeyli yaşlaşmışdı. Amiranəliyi, qıvraqlığı, biliyi ilə gərdişi-dövranə meydan oxuyan bu pəhləvan cüssəli ziyalıya xeyir-dua üçün söz verildi. Yaddaşımda zəhmli, müdrik, sözünün çəkisini, yerini bilən bir adam kimi qalmış elm fədaisi səbəbkarları bir-iki sözlə təbrik etdi. Heç gözləmədiyimiz halda ricətə çıxdı ağır taxtalı kişi. Bir az ölkənin çiçəklənməsindən, uğurlu xarici siyasətdən-zaddan danışıb keçdi televiziyaların milli-mənəvi dəyərlərə zərbə vurmasına. Saçını auditoriyalarda, laboratoriyalarda, məclislərdə ağartmış həmin bu görkəmli ziyalı Rəqsanənin qarderobundan tutmuş Ayanın ana olmasına, Samiraldoya yazılan kitaba, Qədirlə Cavadın davasına, Röyanın boşanmasına, Aygünün nişanının qayıtmasına və bu nişanın pozulmasında bir müğənni qadının yazdığı statusun rol oynamasına kimi nə bilirdisə, danışdı. Danışdıqca əsəbləşir, qızarır, özündən çıxırdı. Boğazını arıtlayıbTəranə ilə Nazəninin davasından danışmaq istəyirdi ki, oğlu cəld tərpənib ağsaqqalı sakitləşdirdi. Nəvəsi tez gedib valerian gətirdi. Qoluna girib kişinibirtəhər bayıra çıxartdılar ki, üzünə hava dəysin, özünə gəlsin.
Məclis iştirakçıları təəccüb içindəydi. Vaxtilə hər kəlməsini ölçüb biçən, sözü daşdan keçən bu boyda alimə nə olmuşdu görəsən? Elə bildilər, yaşla əlaqəli bir az problemləri var. “Xərifləyib” deyənlər də oldu... Hiss etdik ki, ailə üzvləri möhkəm xəcalət çəkdi. Oğlu astadan anasına acıqlandı ki, sənə neçə dəfə demişik, bu kişini o andıra qalmış televizora baxmağa qoyma. Ya da evdən bayıra çıxartma, adamı biabır eləyir...
El ağsaqqalını, elm fədaisini daha ortalığa gətirmədilər. Elə oradan da apardılar evinə. Məclis əhli tanış-biliş, qohum-əqrəba olduğundan hamı səmimiyyətlə ağsaqqal alimin ailə-uşağına məsləhət gördü ki, kişinin yaşamasını istəyirlərsə, otağından televizoru çıxartsınlar...
Ailə-uşaq da söz verdi ki, ağsaqqalı yaşadacaqlar...