“18-50 yaş arası işçi axtarılır”

18-50-yas-arasi-isci-axtarilir
Oxunma sayı: 16701


Belə iş elanlarını görməyən yoxdur yəqin. Şəhərin hər yerində bu cür iş elanlarına rast gəlmək olar. Bir neçə gün əvvəl gözüm yenə bu elanlardan birinə sataşdı. Elə bil daha əvvəl bu təcrübəni yaşamamışammış kimi təkrar bu iş elanlarına inanmaq, gedib yenidən bəxtimi sınamaq istədim. Qərar verildi, zəng etdim və adresi öyrəndim. Bu nə işdir ki, 18-50 yaş arası hərkəs bu işi görə bilər, aldığın təhsilin əhəmiyyəti yoxdur, sadəcə şəxsiyyətini təsdiq edən hər hansı bir vəsiqə yetərlidir(bəlkə heç o da lazım deyil). Üstəlik iş rahat işdir, ofisdə oturursan, yaxşı maaş alırsan və kariyera qurmaq üçün ideal imkanlar var.

Ümumiyyətlə ara bir etdiyim səhvləri ya da yaşadığım bir təcrübəni təkrarlamaq, hadisələrə hər dəfə fərqli bir nəzərdən baxmaq xoşuma gəlir. Bu bir növ eyni teatr tamaşasına bir neçə dəfə getməyə bənzəyir. Birinci dəfə tamaşaya gedərkən, tamaşaçılarla, otaqda baş verən digər proseslərlə maraqlanmırsan. Ən əsası isə tamaşanı ilk dəfə izlədiyindən, tamaşa haqqında bir fikrin də olmur. Amma eyni tamaşaya bir neçə dəfə getdikdə bir çox görünməyən detalı görürsən, aktyorların hazırlığını müqayisə edirsən, aktyorun demək istədiyi sözü unudub vəziyyətdən necə məharətlə çıxdığının şahidi olursan. Tamaşaya tamamilə fərqli gözlə baxırsan. Eynən müxtəlif firmaların əməkdaşları da hər gün yüzdən çox insanı işə cəlb edə bilmək üçün müxtəlif rollara bürünüb, hər gün eyni tamaşanı ifa edirlər. Mən isə tamaşanı üçüncü dəfə izləməyə qərar verdim.

(Daha əvvəl Ankara şəhərində belə iş elanlarından bir neçəsiylə maraqlanmış və müxtəlif iş görüşmələrinə getmişdim. Eyni firmanın həm Bakıda, həm də Ankarada iş elanlarından nömrəni cırıb götürmüş və gedib bir neçə saatımı xərcləmişəm. Eyni firmanı təmsil etsələr də, Ankaradakı və Bakıdakı işçilər arasında peşəkarlıq -xüsusilə təqdim və reklam işində- baxımından ciddi fərqləri olduğunu elə bir iki dəqiqə söhbət etdikdən sonra görmək olur.)

...Lazım olan nömrəyə zəng etdikdən sonra Sahil metrosu yaxınlığında yerləşən ofisə getdim. İşin sistemi, tələbləri və işə götürmə metodları baxımından fərqli bir şey yox idi. Yaxşı danışıq qabiliyyəti olan, ünsiyyətcil, gülərüz təxminən mənimlə eyni yaşda bir xanım məni qarşıladı və biraz deyib güldükdən sonra tamaşa başladı. Klassik üsula əl ataraq- nə qədər sual versəm də- işin nədən ibarət olduğundan bəhs etmədi. Sadəcə nə qədər pul qazanacağımı izah etdi. Nəticə olaraq bir ilin sonunda aylıq gəlirim ən azı 1000 manata çatacaqdı. Söhbətin bu hissəsini dinləmək xoşuma gəlir, başlayıram xəyal qurmağa( tez-tez söhbətin ortasında xəyala daldığım olur). Xeyriyyə işləri görürəm, bir yandan dünyanı gəzirəm, kitab evləri açıram, ehtiyacı olanlara təhsil almaq üçün dəstək verirəm, neçə uşağa həyatını qurmasında kömək edirəm və s. Bu arada isə hamı məni sevir, mən çox məşhuram və təbii ki, qadınlar dərdimdən ölür.

Amma bir də iş görüşməsinin ikinci hissəsi var. Bu hissədə adətən bu işdə uğur qazanmış, insanlara təsir edə bilən, güclü natiqliq qabiliyyəti olan təcrübəli bir şəxs işin nədən ibarət olduğunu- yenə də tam yox- izah edir.

Hər birimizə qeydlər tutmaq üçün kağız və qələm paylandı. Zala arıq, orta boylu bir oğlan daxil oldu. Ömrümdə bu qədər özündən razı və özündən razı olduğunu nümayiş etdirmək istəyən başqa bir insan daha görməmişəm. Adının nə olduğunu eşidə bilmədim. Onsuz onu görən kimi bu oğlanın adının Ruslan olduğunu düşündüyümdən, adı Əhməd də olsa mən onu Ruslan deyə xatırlayacaqdım.

(Müəyyən adlar var ki, o adlar sadəcə müəyyən tipdə insanlarla bağlıdır. Görünüşü, danışıq tərzi, geyimi və s. adıyla bir-birini tamamlayır. )

Ruslan bəy, özünü çox sıxırdı. Həm güclü, həm ağıllı, həm yaraşıqlı görünmək istəyir və bunu bizə sübut etmək üçün hər hərəkətinə çox ciddi nəzarət edirdi. Üzündə zorakı, qeyri-peşəkar bir gülümsəmə var idi. Bu oğlanın hərəkətlərindəki sünilik mənə gülməli görünsə də, sona qədər zalda əyləşib onu dinləməyə qərar verdim.

Zalda əyləşənləri yenicə əzbərlədiyi sözlərlə, qeyri-səmimi bir tərzdə salamladıqdan sonra dediyi ilk sözlər bunlar idi : “Dediyim hər şeyi diqqətlə dinləyin, əgər nəyisə başa düşməsəniz, məndən soruşun”. Bunu əmr formasında demişdi. Zalda əyləşənlər- çoxu 40-50 yaş arası kişilər idi- “səni başa düşdük” mənasında başlarını salladılar. Ruslan bəy leksiya oxuyurmuş kimi yavaş yavaş, sözləri hecalayaraq əlindəki kağızı oxumağa başladı. Ağsaqqal kişilər əl qaldırb, “Olar son dediyinizi bir də deyəsiz” kimi xahişlər edirdilər. Kağızdan oxuduqları da bir şey ola. Yarım saat şirkətin tarixindən danışdı. Şirkətin çinli qurucusunun dahi olduğundan bəhs edərkən qurduğu cümləni hardasa 3-4 dəqiqəyə oxuyub bitirdi. Lazımsız sözlərlə 5 qəpik pul qazanma ümidiylə zala toplaşmış insanların vaxtını aparırdı. Burda məni dəhşətə gətirən bir məqam var ki, o da zala toplaşmış insanların bu qədər savadsız olması idi. Çoxu Ruslanın dediklərini çatdırıb yaza bilmirdi. İki sözlük cümlələrdə “necə, axrı necə oldu, vergül, yoxsa nöqtə, filan söz necə yazılır” kimi suallar verirdilər.

Bu oğlanın kobud danışıq üslubu və baş qatmaq üçün yarım saatdır dediyi mənasız sözlərə zalda əyləşənlər məndən fərqli yanaşırdılar. Onlar elə düşünürdülər ki, bu belə də olmaldır. Bu pulu olan oğlan(zaldakıların fikrincə) onlara “susun, yoxsa zaldan qovacam” və ya “adama sözü bir dəfə deyərlər” kimi ifadələr işlədəndə uşaq kimi utanır, bu danışıq üslubunu normal qəbul edirdilər. Bu mənə kafelərdə və restoranlarda tez-tez qarşılaşdığım bir halı xatırlatdı. Ofisianta mədəni üsulla- “zəhmət olmasa, bir dəqiqə baxardız”- müraciət etdikdə məni adam yerinə saymır, gəlib maraqlanmır, bir də görürsən hələ kobud formada danışır. Bu işi bilən dostlarım “ ey, bura bax” deyə çağıranda isə qaçaraq gəlirlər. Bu nə cür ünsiyyət qurma anlayışıdır qavraya bilmirəm...

Hərəsi bir ailə başçısı olan bu kişilər, bu arıq oğlanın danışdıqlarının formal, əzbərlənmiş sözlər olduğunu görə bilmirdilər. Ruslan bəyin dediyi hər sözdən sonra ona daha çox inanırdılar.... Ruslan, 60 yaşındakı kişilərə kariyeradan, parlaq gələcəkdən, bahalı maşından, dört otaqlı evdən danışırdı :“ Əvvəlcə özünüzə hədəf seçməlisiniz. Sonra bu hədəfə gedən yolda kiçik hədəflərinizi təyin etməlisiniz. Əgər mənim kimi uğurlu olmaq, kariyera qurmaq istəyirsizsə çalışmalı, əziyyət çəkməlisiz. Ancaq əziyyət, əziyyət, əziyyət. Ancaq alın təri !”

Mən Ruslanın bu dediklərinə artıq əsəbləşməyə başlamışdım. Düşünürdüm ki, zalda əyləşən ağsaqqalları ələ salır. Amma zalda əyləşənlər başları ilə cavan oğlanın dediklərini təsdiqləyir, ömürlərinin çoxunu geridə qoymuş olsalar da, hər şeyə yenidən başlayıb həyatlarında böyük bir dönüş edəcəklərinə inanmağa başlayırdılar... Ümid necə də şirin və tükənməzdir!

Tam önümdə əyləşmiş 30-35 yaşlarında bir kişi tamaşanın ən başından etibarən ( Ruslanı görən kimi) başını əyib sakitcə gülməyə başlamışdı. Ara bir onu gördükcə, tez üzümü başqa tərəfə çevirib gülməməyə çalışırdım. Çünki, mən sakit gülməyi bacarmıram. Əgər gülsəm zalı tərk etməli olacaqdım. Onsuzda Ruslanın danışıq tərzini, hərəkətlərini gördükcə gülməmək üçün, gülümsədiyimi bildirməmək üçün üzümə min cür ifadə verirdim. Önümdə oturan kişi “Əziyyət, əziyyət. Alın təri!” sözlərindən sonra dizləri üstünə əyilib səssiz səssiz gülməyə başladı. O qədər ürəkdən gülürdü ki, bütün bədəni tərpənirdi və... bir anlığına boğmağa çalışdığı gülüş səsini eşitdim. Bu mənim son dözmə həddim idi.... Mən güldükcə o da güldü, o güldükcə mən güldüm. Tempi heç pozmadan, zaldan gülə-gülə çıxdıq..

Qapıdan çıxar çıxmaz ikimiz də siqaret yandırıb, yolumuz ayrılana qədər söhbət etdik. Metro girişinin yanına çatanda sağollaşmaq üçün dayandıq. Əlimi sıxıb gözlərimin içinə baxdı. Gözləri yorğun və ümidsiz görünürdü. Dişlərini qıcırdataraq, gülümsəməyə çalışdı. Gülüşündə əsəb, yorğunluq və biraz da kədəri görə bilirdim...

“Yadından çıxartma cavan oğlan. Əziyyət, əziyyət,əziyyət...Hə, bir də, Alın təri !” deyib şaqqanaq çəkdi. Məndən on-on beş metr uzaqlaşıb, Sahil metrosunun girişinə tərəf gedərkən hələ də gülüş səsini eşidə bilirdim...