Bu münasibətlə İctimai Palataya daxil olan partiyaların rəhbərləri, quruma fərdi qaydada üzv olan şəxslər, eləcə də siyasi fəallar, həbsdən yenicə çıxmış vicdan məhbusları Fəxri Xiyabana baş çəkərək Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər. Əbülfəz Elçibəyin 74 yaşını onun məzarı başında qeyd edən silahdaşları, sevənləri mərhumun ruhuna dualar oxuyub, məzarına gül qoydular. Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Elçibəyin məzarı başında çıxış etdilər.
Müsavat başqanı çıxışı zamanı qeyd etdi ki, Azərbaycanda Rəsulzadə və Elçibəy yolu davam edir: “Çox istərdik ki, biz Elçibəyin məzarını ziyarət edəndə Azərbaycanda haqq-ədalətin bərqərar olduğunu, insanlarımızın azad və firavan yaşadığını, torpaqlarımızın azad olunduğunu deyə bilək. Azərbaycanda Rəsulzadə və Elçibəy yolu davam edir. Bu mübarizə bizə əsas verir ki, gələcəkdə belə bir hesabat verəcəyimizə inanaq. Bu mübarizədə yüz minlərlə insan iştirak edir. Bu gün burada həyatlarının bir il dörd ayını zindanda keçirən dostlarımız, silahdaşlarımız iştirak edir. Onlar da, mübarizənin meydanda da, zindan da davam etdirdiklərini demək üçün buradadırlar. Elçibəyi 74 yaşında təsəvvür etmək çox çətindir. Elçibəy bizim yaddaşlarımıza hərəkatın önündə gedən, mübariz və qətiyyətli cavan bir insan kimi həkk olunub. Biz onu gənclərimizə anlatmağa çalışırıq. Gənclərimizin çoxu onu tanımadan, bilmədən sevir”.
İ. Qəmbər qeyd etdi ki, Elçibəyin daşıdığı dəyərləri cəmiyyətimizə, xüsusən də gənclərimizə çatdırmağı bacarmalıyıq. Gələn il Əbülfəz Elçibəyin 75 yaşı olacaq. Bu yubileyi biz ən yüksək səviyyədə keçirəcəyik. Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidentinin 75 illiyi dövlət səviyyəsində qeyd edilməlidir. 2013-cü il bizim ilimizdir. Bəlkə elə özümüz bu əlamətdar günü yüksək səviyyədə qeyd edəcəyik. Mən bunun baş verəcəyinə inanıram. O zaman, bizim Elçibəyin ruhu qarşısında hesabat verməyə daha çox sözümüz olacaq”.
Çıxış edən AXCP sədri Əli Kərimli isə, Əbülfəz Elçibəyin sadə, təmiz və xalqını sevən prezident olduğunu vurğuladı: “Əbülfəz Elçibəy elə bir insandır ki, ilimizin bir neçə günü onunla bağlıdır. Bura gələrək həm hesabat verməyə, həm də gələcək planlarımızı düşünməyi özümüzə borc bildik. Biz onun haqqında danışanda daha çox onun ideyaları haqqında danışırıq. O, Azərbaycanda dissidentliyin əsasını qoyub, heç kim inanmayanda bu quruluş dağılacaq deyib, Sovet imperiyasına qarşı fəaliyyət göstərib. Bütöv Azərbaycan ideyasını ərsəyə gətirib. Böyük siyasi məktəbin rəhbəri olub. Əbülfəz Elçibəy sadə, təmiz prezident idi. Bütün milyardlara sərəncam vermək imkanı var ikən, dünyasını borc içində dəyişdi”.
Ə. Kərimli çıxışı zamanı qeyd etdi ki, Elçibəy xalq sevgisini bilirdi: “Onun xalqa əl qaldırmağa əli gəlməzdi. Elçibəy eyni zamanda səhvləri bağışlaya bilən bir siyasətçi idi. Bəyin ruhu şaddır. Ona görə ki, onun yolunu davam etdirən silahdaşları buradadırlar. İnşallah elə bir gün gələcək ki, biz burada qələbə hesabatımızı verəcəyik”.
Sonda çıxış edən keçmiş vicdan məhbusu, Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Elçibəy onları mübarizə yoldaşı adlandırırdı : “Bizim and yerimizdən biri də Əbülfəz bəyin məzarıdır. Həbsdən çıxan kimi, dostlarımızla bəyin məzarını ziyarət etdik. Bizim yolumuz Məhəmməd Əmin Rəsulzadənin başladığı, Əbülfəz Elçibəyin davam etdirdiyi Azərbaycançılıq yoludur. Bizə xoşbəxtlik nəsib olub ki, biz Elçibəylə silahdaş olmuşuq. O, bizi mübarizə yoldaşı adlandırırdı”.
Xatırladaq ki, 1938-ci ildə Naxçıvanda dünyaya göz açan Əbülfəz Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. Məhz onun prezidentliyi dövründə, sovet qoşunları ölkədən çıxarılıb, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib. 1993-cü ildə hakimiyyətdən gedən Əbülfəz Elçibəy təxminən 4 il yarım ərzində doğulduğu Kələki kəndində yaşayıb. 1997-ci ildə Bakıya qayıdaraq yenidən siyasi mübarizəyə qatılsa da, onun fəaliyyəti bu dəfə uzun çəkməyib. Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu Gülhanə xəstəxanasında vəfat edib.
Musavat.com