“Qoca Avropanın nəfəsinin çatıb-çatmayacağını zaman göstərəcək”

qoca-avropanin-nefesinin-catib-catmayacagini-zaman-gosterecek
Oxunma sayı: 762

Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:


- Əli müəllim, Avropa Parlamenti may ayının 24-də Azərbaycanla bağlı qətnamə qəbul etdi. Ekspertlərin qəti fikri belədir ki, qətnamə qeyri-obyektivliyi və qərəzli məzmunu ilə seçilir. Sizin qətnaməyə dair fikriniz necədir?

- Qətnamənin qərəzli və qeyri-obyektiv olması barədə ekspertlərin fikirləri ilə razılaşmaya bilmərəm. Təəssüf ki, ölkəmizə qarşı qərəzli qətnamələrin üzə çıxması hallarına bundan əvvəllər də rast gəlmişik. Lakin Avropa Parlamentinin may ayının 24-də qəbul etdiyi qətnamə qeyri-obyektivliyi ilə xüsusilə seçilir. Yəqin ki, bu səbəbsiz deyil. Hesab edirəm ki, araşdırmalar belə bir qətnamənin qəbul olunmasının kimlərə maraqlı olması sualına cavabı tapmağa kömək edəcək. Kimlərin marağına uyğun olmasından asılı olmayaraq, qətnaməni Avropa Parlamenti qəbul edib, deməli, qərəz və qeyri-obyektivliyin məsuliyyəti onun üzərinə düşür. Avropa Parlamenti kimi nüfuzlu və ciddi beynəlxalq təşkilatın belə tələsik hazırlanmış, Azərbaycanın reallıqlarını nəinki əks etdirməyən, əksinə onu təhrif edən sənədə səs verməsinə təəccüblənməyə bilmirsən. Doğrudur, qətnamə çox az səslə qəbul olunub, ancaq buna baxmayaraq, rəsmi status ala bilib. Qətnamənin qəbul olunmasına Avropa Parlamentinin 700-dən çox üzvündən cəmi 46 nəfərinin səs verməsi onun yeganə qüsuru deyil. Bu sənədin daha ciddi qüsuru uydurmalara, yoxlanılmamış hesabatlara və qəzet məqalələrinə, bir sözlə mötəbərliyi şübhə yaradan mənbələrə istinad etməsindədir. Bu, Avropa Parlamenti kimi beynəlxalq təşkilata heç bir halda baş ucalığı gətirmir. Mən Avropa Parlamentinə belə bir qətnaməni qəbul etdiyinə görə qəti etiraz edirəm, qətnaməni isə qərəzli və qeyri-obyektiv sayıram.

- Beynəlxalq təşkilatların onunla əməkdaşlıq edən və ya əməkdaşlıq etməyə hazırlaşan ölkələrlə amiranə danışması, özünü yalnız tənqidçi kimi aparması necə qiymətləndirilə bilər?

- Əlbəttə, etiraf etmək lazımdır ki, ayrı-ayrı beynəlxalq təşkilatların yaranması və fəaliyyəti müasir dünyanın reallığıdır. İndiki dünya düzümü şəraitində bu reallıqdan kənar yaşamaq mümkün deyil. Ancaq nəzərə alınmalıdır ki, beynəlxalq təşkilatların zəruriliyi və mövcudluğu dövlətlərin suverenliyi anlayışına qarşı çevrilməyib və çevrilə bilməz. Heç bir beynəlxalq təşkilat, BMT-dən tutmuş regional təşkilatlara qədər, o təşkilatlara üzv olan dövlətlərin suverenliyini, xalqların müstəqilliyini əvəz edə bilməz. Başqa sözlə, beynəlxalq təşkilatda iştirakçılıq dövlətin suverenliyinin alternativi deyil. Əksinə, hər hansı bir dövlət bu və ya digər beynəlxalq təşkilata üzv olarkən, əvvəla öz suverenliyini ifadə edir, ikincisi isə, həmin təşkilata daxil olmaqla öz müstəqilliyinə əlavə təminat qazanmış olur. Əsl məntiq və əsl həqiqət bundan ibarətdir. Belə olmasa, konkret dövlətin bu və ya digər beynəlxalq təşkilata daxil olması heç bir məna kəsb etməz.
Digər tərəfdən, müstəqil dövlətlə beynəlxalq təşkilatların əlaqələri əsas etibarı ilə dialoq və məsləhətləşmələr şəklində qurulur. Tənqid, tapşırıqlar vermək, ələlxüsus diktat forması dialoq üçün seçilmiş uğurlu vasitə sayıla bilməz. Çünki, bu, mahiyyət etibarı ilə dövlətin suverenliyi anlayışını şübhə altına alır.
Avropa Parlamentinin haqqında danışdığımız qətnaməsini yuxarıda bəhs etdiyimiz məntiq nöqteyi-nəzərindən dəyərləndirməli olsaydıq, çox qəribə mənzərə alınır. Azərbaycan Avropa İttifaqı ilə bir neçə istiqamətdə əməkdaşlıq edir. Ancaq, məlum olduğu kimi, Azərbaycan Avropa İttifaqının və Avropa Parlamentinin üzvü deyil, deməli onların qarşısında üzərində hər hansı öhdəlik yoxdur. Söhbət sırf əməkdaşlıqdan gedir. Əməkdaşlıq isə qarşılıqlı dialoq və məsləhətləşmələr deməkdir. Avropa Parlamentinin Avropa İttifaqı ilə əməkdaşlıq layihələrində iştirak edən bir dövlətlə əlaqələrini dialoq deyil, yalnız tənqid yolu ilə həyata keçirmək istəyini sadəcə başa düşmək mümkün deyil. Birtərəfli tənqid yolu tərəflər arasında qarşılıqlı etimada və əməkdaşlıq mühitinə ciddi kölgə salır. Görünür, kimlərsə bu əməkdaşlıqda maraqlı deyil və Avropa Parlamentinin əli ilə Avropa İttifaqının bəzi layihələrinin həyata keçirilməsinə əngəllər yaradır.

- Azərbaycan «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində bir neçə ildir Avropa İttifaqı ilə əməkdaşlıq edir. Azərbaycana qarşı Avropa Parlamentinin məlum qətnaməsindən və münasibətindən sonra tərəflər arasında əməkdaşlığın gələcəyi necə görünür?

- Azərbaycan Avropa İttifaqı ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq edir və buna xüsusi önəm verir. Hesab edirik ki, Azərbaycanın beynəlxalq inteqrasiyasında Avropa istiqaməti prioritetlər sırasında ola bilər. Ancaq, dediyim kimi, bu işə əngəl yaratmaq istəyənlər görünür, öz niyyətlərini Avropa Parlamenti vasitəsi ilə həyata keçirmək qərarına gəliblər.
Etiraf etmək lazımdır ki, Avropa ciddi iqtisadi və sosial böhranla üzləşib, avrozona parçalanmaq təhlükəsi həddinə çatıb. Ola bilər bu böhran Avropa İttifaqının bir sıra ölkələrlə əməkdaşlıq layihələrində də özünü göstərir. Misal üçün, Avropa İttifaqının Ukrayna ilə münasibətlərini göstərmək olar. Bu münasibətlərdə yetərincə gərginliyin yığılması onun gələcək perspektivlərinə böyük təhlükə yaradır.
Eynilə də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gələcəyinə Avropa Parlamentinin seçdiyi qeyri-obyektiv və qərəzli tənqid ritorikası ciddi zərbə vurur. Azərbaycan inteqrasiya siyasətinə sadiqdir, lakin bunu öz müstəqilliyinin alternativi kimi görmür. Hər bir dövlət kimi Azərbaycan üçün də ən ali dəyər suverenlikdir və onu heç nə ilə dəyişmək fikrində deyil.
Digər tərəfdən, inteqrasiya siyasəti dedikdə, təkcə bir coğrafi istiqamətin düşünülməsi də doğru olmazdı. Azərbaycan demokratiya, insan haqları və s. kimi fundamental dəyərlərə sadiqdir. Ancaq bu dəyərlərin yalnız Avropaya xas olduğunun iddia olunmasını düzgün saymıram. Yaponiya, Koreya Respublikası və s. kimi güclü iqtisadiyyatlar və siyasi sistemlər yuxarıda qeyd olunan dəyərlərin coğrafi istiqaməti haqqında ənənəvi baxışlarda ciddi dəyişikliklər yaratmışdır.

- Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnamənin qərəzli və qeyri-obyektivliyi aydın oldu. Bəs siz belə bir taktikanın seçilməsini, necə hesab edirsiniz, düzgün sayıla bilərmi?

- Seçilən taktika məqsədə nail olmağa xidmət etməlidir. Ancaq Avropa Parlamentinin hərəkəti düzgün sayıla bilməz, ona görə ki, bəyan edilmiş məqsədə nail olmağa xidmət göstərmir. Azərbaycan sürətlə inkişaf edən gənc dövlətdir. O, dünya birliyinə uğurla inteqrasiya edir, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bir çox güclü beynəlxalq təşkilatların üzvüdür, antiterror hərəkatında yaxından iştirak edir, Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verir. Bir sözlə, gənc, güclü, müstəqil dövlət kimi özünü ifadə edə bilib. Azərbaycan hər hansı bir təşkilata üzv olarkən, həm öz maraqlarının daha etibarlı qorunması mülahizələrindən çıxış edir, həm də təşkilatın qarşısına qoyduğu məsələlərin həllinə layiqli dəstək vermək qüdrətində olduğunu sübuta yetirə bilib.
Nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan xarici siyasət prioritetlərini müəyyənləşdirərkən təkcə bu günün reallıqlarını deyil, həm də gələcək beynəlxalq trendləri nəzərə alır. Dünyada ciddi proseslər baş verməkdədir. Bir çox ənənəvi iqtisadi və siyasi güclərlə yanaşı, digər güclər meydana gəlir və rəqabət getdikcə şiddətlənir. Qərb faktoru öz cəlbediciliyini və qüdrətini saxlamaqda davam etsə də, onu daban-dabana izləyən qüvvələr gələcəklə bağlı ciddi iddialar ortaya qoyub. Misal üçün BRİK (Braziliya, Rusiya, Hindistan, Çin) adlanan beynəlxalq birlik siyasi cəhətdən Avropa Birliyini hələ meydanda sıxışdıra bilməsə də, iqtisadi cəhətdən daha dinamik və cəlbedici olduğunu sübuta yetirib. Digər iqtisadi güclər də hiss olunan alternativlərdir. Bir sözlə, XIX-XX əsrlərin qüdrəti və cəlbediciliyi artıq yalnız Qərbə, xüsusilə də Avropa İttifaqına məxsus deyil. Bu isə o deməkdir ki, beynəlxalq birliyin fəal üzvü olmaq üçün yeganə məkan Avropa İttifaqı sayıla bilməz. Nəzərdən keçirilməli bir çox variantlar mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın geniş ikitərəfli əlaqələri beynəlxalq trendlərdə daha sərbəst hərəkət etmək imkanlarını genişləndirir. Ona görə də Avropa Parlamentinin səmərəli əməkdaşlığın üzərinə gölgə salmaq mahiyyəti daşıyan addımını düzgün taktika hesab etmirəm. Zaman çox sürətlə dəyişir. Qoca Avropanın bu sürətli dəyişikliklərlə ayaqlaşmağa nəfəsinin çatıb – çatmayacağını yəqin ki, zaman göstərəcək.