“O kimdir ki, əstəğfürullah, Allahdır? - Cavab

o-kimdir-ki-estegfurullah-allahdir-cavab
Oxunma sayı: 806

ABŞ rəsmisi bəyan edib ki, ölkəsinin Azərbaycanla əməkdaşlığı üç prinsip əsasında qurulur: demokratiya, energetika və təhlükəsizlik: “Bütün bu prinsiplər əhəmiyyətcə bir-birinə bərabərdir və biz energetika və ya təhlükəsizlik naminə demokratiyanı qurban vermirik”.

Prezident seçkiləri ərəfəsində Azərbaycanda vəziyyəti necə qiymətləndirdiyinə gəlincə, Melia deyib ki, seçkilərə 6 ay qaldığı bir vaxtda ümid edirlər ki, şərait və demokratik mühit yaradılacaq, bütün namizədlər KİV-ə, seçkilərə çıxış əldə edəcəklər, toplaşmaq azadlığı təmin ediləcək: “Bütün bu məsələlər üzrə irəliləyiş gözləyirik”.

“Gəlin hesab edək ki, İlham Əliyev üçüncü dəfə namizədliyini irəli sürür. ATƏT və Avropa Şurasının üzvü olan bir ölkə üçün bunu normal sayırsınızmı və bu, beynəlxalq demokratiya standartlarına uyğundurmu” sualına ABŞ rəsmisi belə cavab verib: “Düşünürəm ki, bu, Konstitusiyanın müddəaları, səsvermənin gedişatı haqqında müzakirələrin mövzusudur, amma istənilən halda, növbəti səfərim zamanı bunu biz müzakirə edəcəyik". (Qeyd edək ki, müsahibənin bir variantında Melianın bu məsələni “qırmızı xətt” hesab etdiyi yazılmışdı, amma sonra müsahibəni yayan agentlik bunu dəyişdi. Məsələyə digər yazıda aydınlıq gətirilib.)

ABŞ rəsmisi dünən keçirdiyi mətbuat konfransında da “qırmızı xətt” ifadəsi işlətmədiyini iddia edib. O, mətbuat konfransında əvvəlki müsahibəsi ilə müqayisədə bir qədər yumşaq bəyanatlar verib.

Həmçinin bildirib ki, Azərbaycan ABŞ üçün vacib tərəfdaş olaraq qalır. O qeyd edib ki, sabah ABŞ Dövlət Departamenti dünya ölkələrində insan haqlarının durumuna dair növbəti illik hesabatı açıqlayacaq: “Orada Azərbaycanla bağlı daha dəqiq mənzərəni görmək mümkün olacaq”.

Qeyd edək ki, təxminən 10 gün öncə Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı ABŞ-da səfərdə olarkən Tomas Melia ilə görüşüb müzakirə aparmışdı. Melianın indi Bakıya gəlib verdiyi açıqlamalara F.Qəhrəmanlının da şərhini aldıq. O bildirdi ki, Melianın müsahibəsi bu günə qədər Amerika rəsmilərinin verdiyi ən prinsipial müsahibələrdən biridir. Melia kifayət qədər aydın mesajlar verib: “İlk dəfədir ABŞ rəsmisi tərəfindən bəyan edildi ki, Azərbaycanda istənilən məmur istənilən qanunsuzluğu edəcəyi, həbsləri həyata keçirəcəyi təqdirdə ali hakimiyyət tərəfindən müdafiə olunacağına əmindir. Bu, artıq hakimiyyətə qarşı ABŞ-ın sərt münasibətinin açıq ifadəsidir. Amerika dövləti adından açıq bildirilib ki, İlham Əliyevin üçüncü dəfə namizədliyinin verilməsi onlar tərəfindən müsbət qarşılanmır. Belə bir ifadə işlətməsi ki, növbəti səfərdə də bu məsələ müzakirə ediləcək, bu artıq o deməkdir ki, hakimiyyətlə müzakirə edilib, lakin heç bir razılaşma əldə olunmayıb və məsələ hələ açıq qalıb. Hakimiyyətin planına Vaşinqtonun razılıq vermədiyi bu mesajlarda cəmiyyətə ötürülüb. Ən nəhayət, əsas məsələlərdən biri ABŞ rəsmisinin demokratiyanın neftə qurban verilməyəcəyini bəyan etməsidir. Artıq demokratiya önə keçib. Vaşinqtonda keçirdiyim görüşlərdə də şəxsən şahidi oldum ki, artıq demokratiyanın digər iki faktora qurban verilməsi düşüncəsi aradan qalxıb”.

Müstəqil politoloq Natiq Mirinin fikrincə, Melianın dediklərində səmimiyyət var: “Çünki Azərbaycan hakimiyyəti 2013-cü il prezident seçkiləri ilə bağlı dünya gücləri ilə səhnə arxasında danışıqlar aparmağa cəhd edir. Ancaq bütün cəhdlərə rəğmən hələ də ortada ciddi bir razılaşma, nəticə yoxdur. Azərbaycana təzyiqlər getdikcə artan xətlə özünü göstərməkdədir. ABŞ İlham Əliyevin üçüncü dəfə namizədliyinə qarşı deyil, ancaq onların konkret şərtləri var ki, seçki tam demokratik və şəffaf keçirilməlidir. Bu baxımdan hesab edirəm ki, hələ ortada hər hansı anlaşma mövcud deyil. Melia ABŞ-ın seçkinin necə görmək istədiyi haqqında bütün şərtləri Azərbaycan hakimiyyətinə çatdırıb. Növbəti dəfə bu şərtlər daxilində hakimiyyətin konkret cavabları olacaq. Bununla bağlı nəinki şifahi cavab, konkret işlər həyata keçirilməlidir. Hər hansı razılaşmanın əldə olunması məhz bundan sonra mümkün ola bilər. Melianın müsahibəsindəki bəzi fikirlər də bunu deməyə əsas verir. Azərbaycan hakimiyyəti nəsə almaq istəyirsə, islahatlar istiqamətində konkret addımlara başlamalıdır. Bu addımlar olmasa, Vaşinqton üçüncü dəfə namizədlik məsələsinə rəsmi Bakıya xoş olmayan münasibət sərgiləyə bilər. Belə bir münasibətin isə hakimiyyətin taleyi üçün yaxşı heç nə vəd etməyəcəyi şübhəsizdir”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə “Mediaforum” saytına müsahibəsində deyib ki, ABŞ-ın Azərbaycanda seçkiyə qarışmağa, qiymət verməyə heç bir haqqı və hüququ yoxdur. Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyəti xalq formalaşdırır: “Ona görə də xalq referendumla öz konstitusiyasında dəyişiklik edib, xalqın dəstək verdiyi halda bir şəxsin iki dəfədən çox seçilməsinə imkan yaradıb. Hansısa qanunla xalqın seçmək hüququnu əlindən almaq olmaz, bu mümkün deyil. ABŞ-da o qədər hadisə baş verir ki. Gedib öz işləri ilə məşğul olsunlar. İraqla, Əfqanıstanla məşğul olsunlar. Bu ölkələrdə nələr baş verdiyinə baxsınlar, hansı demokratik dövlət yaratdıqları haqda düşünsünlər. Başqasının işinə qarışmasınlar. Prezident İlham Əliyev də deyib ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq, tərəfdaşlıq, strateji müttəfiqlik edir, amma bu heç kimə bizim daxili işlərimizə qarışmasına haqq və hüquq vermir. ABŞ bizə dost və müttəfiq ölkədir. Amma bizə kimi seçib-seçməmək haqda göstəriş verməyə haqqı yoxdur”.

S. Novruzov qeyd edib ki, ABŞ heç bir halda Azərbaycana xəbərdarlıq edə bilməz: “Melia kimdir ki, xəbərdarlıq etsin? BMT-dir, əstəğfürullah, Allahdır? ABŞ Dövlət Departamentinin bir nümayəndəsidir. Nə danışır, özü bilər. Bunun Azərbaycanda keçiriləcək prezident seçkisinə, kimin namizəd olub-olmayacağına heç bir aidiyyəti yoxdur”.

YAP-çı deputat ABŞ-ın özünün seçki sisteminin qüsurlu olduğunu bəyan edib./musavat.com/