2014-cü il milli məfkurəmizin və dövlətçiliyimizin görkəmli şəxsiyyətləri Məhəmməd Əmin Rəsulzadə və Əli bəy Hüseynzadənin yubiley tədbirlərilə başlandı. Əsas ağırlığı müxalifətin öhdəsinə düşən aşağı yuxarı bütün yubiley mərasimlərində Milli məfkurə, habelə onun baniləri ilə bağlı geniş məruzələrə və ətraflı müzakirələrə şahid olduq. Cəmiyyətimiz üçün bu gün də olduqca aktual olan millət-dövlət tandemli düşüncə ətrafında “ beyin fırtınalarının ” önəmi bir daha özünü göstərdi. Hələ də mənəvi aşınmaya, vicdan assimiləsinə sürüklənən toplum üçün bu müzakirələrin açılması məncə torpaqlarımızın geri qaytarılmasından az əhəmiyyətli sayılmamalıdır.
Bunda şübhə yoxdur ki, ötən əsrin əvvəllərində Milli düşüncəmizin üçlü düsturunu təqdim edən böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadənin “Türkləşmək, müasirləşmək və islamlaşmaq” kimi möhtəşəm şah “əsərinin” “anşlaqı” bu dəyərlərin 1918-ci ildə dövlət bayrağımızdakı inikası idi. Ayrıca tarixə ilk dəfə olaraq qədəm qoymuş Azərbaycan adlı dövlətimizin məhz ideoloji əsasları onun bayrağında öz əksini tapmışdı. Uzun illər rus ağalığında tatar, müsəlman və başqa adlarla tanınan millətimiz gerçək adına qovuşmuşdu. Artıq həm millət, həm də dövlət olmağa doğru böyük bir addım atılmışdı. Sonralar, daha doğrusu 1925-cü ildə milli liderimiz Məhəmməd Əmin Rəsulzadə İstanbulda çap olunan “ İstiqlal məfkurəsi və gənclik ” əsərində yazacaqdı: ”Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız Türk kəlməsi deyil, Azərbaycan adı da qazanılmışdır”. Nə yazıq ki, bu sətirlər qələmə alınanda Azərbaycan bir daha rus işğalını yaşayırdı. Və bu işğal yeddi onillik uzandı.. Nəhayət Azərbaycan insanının dəyərləri əks olunan üçrəngli bayraq yenidən başımız üstündə dalğalanmağa başladı və artıq 200-ə yaxın ölkənin tanıdığı müstəqil bir dövlətin vətəndaşlığını daşımaq kimi bir qüruru yaşamağa başladıq. Və təbii ki , Cumhuriyyətə bağlı olan bütün dəyərlərimiz də bərpa olunmalı idi. Təəssüflər olsun ki, yenidən müstəqilliyə qovuşduğumuz 22 ildən artıq bir müddətdə qazandıqlarımızın yanı sıra əskiklərimizin olması da inkarolunmazdır. Adətən bu günlər cəmiyyətin iqtisadi problemləri fonunda mənəvi məsələlərdən bəhs etmək cəmiyyətdə qınağa da tuş gəlir. Amma bir gerçək var. Yəqin bunu hər birimiz təsdiq edərik ki, toplumda mənəvi aşınmanın təsirləri daha dərin izlər buraxır. Etiraf etməliyik ki, biz son iki onillikdə bu nəhs fenomendən yan keçə bilmədik. Bəs səbəb? Təkcə hakimiyyətmi? Təbii ki, iyirmi ildə milli və dini strategiya qıtlığı yaşayan cəmiyyətdə ən ağır məsuliyyət, daha korrekt desək ən ağır günah məhz iqtidarın üzərinə düşür. Belə bir deyim də var ki, cəmiyyətlər yer üzündə pozulan hüquqlarına çarə bulmayan da “göyə” pənah aparırlar. Qərb toplumu millətləşmə sürəcinin sonlarına yaxın bu tendensiyadan uzaqlaşdı. Kilsənin dövlətdən tam şəkildə ayrılması ilə qərb insanı öz haqqını dövlət orqanları, siyasi partiya və həmkarlar təşkilatlarından tələb etməyə başladılar. Və bu düzən hələ də davam etməkdədir..Bəs biz?
Təbii ki, bizim reallığımızda cəmiyyətdəki naqisliklərə birmənalı yanaşma müşahidə edə bilmərik. Amma bu da bir həqiqətdir ki, biz sayları milyardı aşan nə Çin, nə də Hindistan deyilik. Quzeyində sayı heç 10 milyonu belə aşmayan bir toplumun hər bir fərdi haqda təəssübümüz gizli deyil. (Nəzərə alsaq ki, bu toplumun yarısına qədəri də ölkəni tərk etmişdir). Ona görə üzləşdiyimiz durum həm də bizim üçün ürəkağrıdan bir nisgildir. Nə qədər acı da olsa bu gün qarşımızda belə bir real mənzərə var: ”Azərbaycan insanı millətləşmə dönəminin hələ ilk pilləsini belə adlaya bilməyib”. Nəzərə alsaq ki, fransızlar, hollandlar, isveçlilər Avropadakı intibah dövründən sonra bu prosesi keçib sənayeləşmə dönəminədək başa vura bildilər. Qardaş Türkiyədə də bu dönəmi adlaya biliblər. Təbii ki, söhbət “millət-dövlət “ amilinə ayrı-ayrı fərdlərin deyil, bütövlükdə toplumun yanaşmasından gedir. Hələ əsrin əvvəlində dahi Üzeyir bəyin “dirisilə rusca, ölüsü ilə ərəbcə danışan” adlandırdığı, fikir dühamız Əli bəyin isə "Əzizlərim cümləniz xabi qəflətdədir" deyə xitab etdiyi, əslində Şərqin de ilklərinə imza atmış insanımızın bir əsr ərzində millətləsmə, əslində isə bütünləşmə karvanından uzaq qalmasının səbəbləri nədir görəsən? Qəbul etdik ki, ilk öncə hakimiyyətlər müqəssir sayılmalıdır. Milləti 70 il ideolojinin zəncirində saxlayan Sovetlərdən tutmuş bu günümüzdə toplumu nihilizmə çəkən hakimiyyətə qədər.. Hakimiyyət-millət münasibətləri haqda bəlkə də ən dəyərli əsərlərin müəllifi olan ,fransız filosofu Mişel Fuko da “ hər cəmiyyətdə dəliliyi təyin edən hakimiyyətlərdir” deyir. Buna qatılmamaq mümkün deyil. Aşağı-yuxarı bizim cəmiyyətimiz haqda da elə bu yanaşma sərgilənə bilər. Amma bu gün Azərbaycan cəmiyyətində başqa ,fərqli bir paradiqma da hökm sürür ki, burada fərdi yanaşma, daha dəqiq desək şəxsi vicdan faktoru ön plana çıxır. Çox üzücü bir durumla qarşı qarşıyayıq. Gündəlik həyatımızda hər birimizin rastlaşa biləcəyimiz avtomobil tıxaclarından tutmuş müəllimin şagirdindən, həkimin xəstəsindən, vəzifəli məmurun işçisindən rüşvət tələb etməsinə qədər olan cari problemlərə yönəlik baxışlarımız təxminən üst üstə düşür. Hər birimiz anlayırıq ki, çox neqativ hallardır və bu hallara qarşı əsasən fərdi deyil, daha çox toplum halında mübarizə tələb olunur.
Bəs elə isə bu sorunların yaranmasında vətəni, milləti sorğulamağın, ya” hakimiyyət pisdir” deyə böyüyüb başa çatdığın elə ,obaya ,bəzi hallarda ailəyə asi çıxmağın hansısa anlamı ola bilərmi?
Əcəba, cəmiyyətdəki haqsızlıqlardan, başqa sözlə korrupsiyalaşmış hakimiyyətdən yaxa qurtarmaq üçün hər hansı bir dövlətin “fanatına” çevrilməkmi gərəkir?
Nə yazıq ki, müstəqil dövlət kimi arxada qoyduğumuz 22 ildə cəmiyyətimiz bu problemdən də yan keçməmişdir. Sovetlərdən qurtulan Azərbaycanımızın yenicə qədəm atmağa başladığı ilk dönəm torpaqlarımızın işğalı ilə başladısa, bu gün vətənimizdə (əslində vətənimizin quzeyində, yəni Quzey Azərbaycanda) hər gün sanki “yağışdan sonrakı göbələklər kimi əmələ gələn” dini sektaların, ya missioner qrupların toplumdakı düşüncələri işğal etməsinin şahidiyik. Əslində insanların hər hansı dini ya inanc sistemini seçməsinə təbii baxmalıyıq. Amma bir halda ki, həmin inanc sənin dövlət və milli maraqlarını hədəf almasın. Çox təəssüflər olsun ki, gözümüz önündəki mənzərə tam bunun əksidir. Cəsarətlə deyə bilərəm ki, bu gün ölkədə ortaya çıxan dini cərəyanların üzvlərinin əksəriyyəti həmin cərəyanların hakim olduğu dövlətlərin vətəndaşlarından belə irəli gedərək həmin dövlətlərin yanlısına çevrilirlər. Necə deyərlər “Papadan artıq katoliklik”, ya da “aşdan isti kasa” olmaq qədər eybəcərlik.. Ağrılı olsa da, mövcud reallıq budur; Nə yazıq ki, Qarabağ savaşında iştirakı rədd edərək Suriyadakı vətəndaş müharibəsində “şəhidlik” axtaranların,cibində Azərbaycan pasportu daşıyaraq , Azərbaycanın ərazi bütövlüyünü hələ də tanımayan “müctəhidlərə” iqtida edənlərin, bu gün sabah yeni bir 11-ci Qızıl ordunun sərhədi keçəcəyini gözləyənlərin, Avropada oturum almaq üçün ermeni kimliyinə belə "bürünən"lərin həmvətəniyik.
Əcəba, bu kimlik böhranıdır ,yoxsa nadanlıq? Məncə müşahidə etdiyimiz tabloda hər iki halı inkar etmək olmaz. Əgər kimlik böhranının yaşanmasında hakimiyyət nə qədər suçludursa, “iqtidar günahkardır” deyərək dövlətindən və millətindən imtina etməyə qalxanların da günahı elə o qədərdir. Bəzən bunu mübarizlik kimi də qələmə verməyə çalışırlar. Əslində bu dönüklüklərin gerçək mahiyyətindəki bayağı mübarizlik düşüncə faktoruna söykənmədiyi üçün sabun köpüyü qədər ötəridir. Bir də doğma atasını , anasını “imansız olmaları suçuyla” sorğulayacaq qədər həyasızdı bu “mübarizlik”. Məncə bu cür eybəcərliklərin çoxunun səbəbini elə bilgisizliyimizdə axtara bilərik. Nadanlığın sinonimi də məhz elə bilgisizlikdir. Elə isə toplumun maariflənməsi olduqca vacibdir və bu artıq hər cəmiyyət üzvünün mənəvi borcu sayılmalıdır. Hər nə olursa olsun insanımızı qazanmalıyıq. Bəlkə çətin olsun, amma qazanmalıyıq! Bu torpağın hər fərdindən istənilən isə məhz budur: “Bizi ayıran deyil, birləşdirən cəhətlərə söykənək”. Və bu, nə hakimiyyət, nə müxalifət, nə sağ, nə sol, nə də məzhəbdir.
Bu, Azərbaycanımızdır! ”