İlyas İsmayılovun “Rəsul Quliyevin yanındakı” müavini nələri açıqladı?

ilyas-ismayilovun-resul-quliyevin-yanindaki-muavini-neleri-aciqladi-
Oxunma sayı: 853

Ədalət Partiyasının sədr müavini Heydər Oğuzun müsahibəsi:

- Azpolitika.com-da nə baş verir?

- Saytda bu gün nə baş verdiyini anlamaq üçün bir qədər daha uzaq keçmişə qayıtmağı lazım bilirəm. Bilirsiniz ki, mən uzun müddət mətbuatdan ayrılmışdım. Jurnalist fəaliyyəti ilə məşğul olmasam da, arada şeir yazır və fikirlərimi bu şeirlərə tökürdüm. Bir il bundan qabaq tələbə yoldaşlarımdan biri mənə niyə bu şeirləri geniş kütlə arasında yaymadığımı irad tuturdu. Mən də elə bir imkanın olmadığını bildirirdim. O da mənə heç olmasa, “facebook”-da hesab yaradıb onun vasitəsilə oxuculara nəsə verməyimi təklif etdi. Açığı, o vaxt heç “facebook”-un nə demək olduğunu da bilmirdim. Mənim üçün hesab yaratmağı öhdəsinə götürən dostumun sayəsində “facebook”-la tanış oldum və şeirlərimi orada yaymağa başladım. Bir müddətdən sonra 10 il əvvəl yaxın təmaslarda olduğum Rəsul Quliyevlə əlaqəm yarandı. Eks-spiker məndən niyə yaradıcılıqla məşğul olmadığımı soruşanda yazılarımı dərc edəcək elə bir yer tanımadığımı bildirdim. Rəsul Quliyev “bəlkə bir sayt yaradasan?” təklifini verdi. Maddi cəhətdən dəstəkləyəcəyini də boynuna götürdü. Mən də “Hürriyyət”dən tanıdığım Elnur Məhərrəmliylə bu məsələni məsləhətləşdim. Və Azpolitika.com belə yarandı. O vaxt mən təbii ki, saytla işləməyi bilmirdim. Elnur isə mətbuata uzaq adam deyildi. Onun əlaqələri vasitəsilə bu saytı ərsəyə gətirdik. Fəqət Azpolitika-nın ilk variantının texniki problemləri vardı. Tez-tez sayta giriş bağlanırdı, oxucular yazdıqlarımızı izləyə bilmirdilər. Məcburən yeni domin alıb onu bu domin üzərindən davam etdirmək istədik. Beləcə saytın iki versiyası ortaya çıxdı. Elnurla yollarımızı ayırandan sonra o, artıq istifadə etmədiyimiz köhnə variantı bizim əleyhimizə istifadə etməyə başladı.

- Ayrılmağınızın səbəbi nəydi?

- Mən bu haqda çox danışmışam. Bir sıra məsələlər var. Burada maliyyə problemləri də rol oynadı, bizim qəzetçiliyə fərqli münasibətlərimiz də. Əvvəla, Elnur mənim imkanlarımdan artıq maliyyə tələb edirdi. Mənim isə bunu ödəməyə imkanım yox idi. Hətta özümə heç bir şey götürmədən aldığım bütün vəsaiti ona verdiyim halda da bu tələbi qarşılamaq imkanında deyildim. Digər tərəfdən, Elnur saytı populyarlaşdırmağın yolunu kimlərisə təhqir etməkdə görürdü. Mən buna qarşıydım. İndi məni bu mövqeyimə görə cəsarətsiz adlandırır. Cəsarətsizliyim nədə imiş? Məsələn, Elnur Məhərrəmli Rauf Arifoğlu haqqında ən nalayiq sözləri işlətdiyi yazısını mənim xəbərim olmadan sayta yerləşdirib, altına imza qoymamışdı. Demə, o vaxta qədər həmkar kimi tanıdığım Rauf Arifoğlu mənə zəng edib onun niyə təhqir olunduğunu soruşanda vəziyyəti ona izah etməli, yazıdan xəbərsiz olduğumu deməli deyilmişəm. Bu cəsarətsizlikdirsə, bəs, öz yazısının altına imza atmamaq, sənə güvənib iş həvalə edən adamı zərbə altında qoymaq nədir? Bu sözləri deyərkən belə təsəvvür yaranmasın ki, mənim Rauf Arifoğluna xüsusi simpatiyam var. Hələ “Hürriyyət” qəzetində işlədiyim zamanlardan onunla aramızda məni məhkəməyə verəcək qədər bir soyuqluq var. Amma kim olursa-olsun, mən heç kimin mənim imzamla çıxan qəzetdə təhqir olunmasını istəmirdim. Hətta bu təhqirlər saytımızı dünyanın ən populyar mətbu orqanına çevirsəydi belə. İndi isə qəribə vəziyyət yaranıb - Elnur məni redaksiya sirrini Rauf Arifoğluna satmaqda ittiham edir, Raufun qəzeti isə fikirlərimi təhrif edərək Elnuru haqlı çıxaracaq hala gətirir…

- Bəs Elnur mətbuata verdiyi açıqlamasında bildirirdi ki, ayrılmasının səbəbi sizin İP-ə və İsa Qəmbərə qarşı mövqeyinizlə bağlıdır.

- Mən kiminsə siyasətini, mövqeyini bəyənməyə, tənqid edə bilərəm. Heç kimə Allah kimi baxmıram. İnsan əlbəttə, tənqid olunmalıdır. Yeri gəldikcə, mən iqtidar qədər müxalifəti də tənqid etmişəm. Amma həmişə müəyyən çərçivəni, səviyyəni gözləmişəm. Konkret olaraq İsa Qəmbərlə bağlı sualınıza gəlincə, o da insandır. İnsan kimi əməlləri tənqid də oluna bilər. Amma Elnurla ayrılmağımızın səbəbi, necə deyərlər, onun İsaçı, mənim anti-İsaçı olmağım deyil. Bayaq dediyim kimi, tənqidə fərqli yöndən baxmağımızdır. Elnur kimlərinsə məişət problemlərini gündəmə gətirmək, bununla əlində olan mətbu orqanın populyarlığını artırmaq istəyir. Mən isə insanların özəl həyatlarına müdaxilə etməkdənsə, siyasətlərini təhlil etməyin tərəfdarıyam. Bir insanın məişəti onun məhrəmidir. Məhrəmlər toxunulmazdır. Amma bir insanın siyasi fəaliyyəti ictimaiyyətin taleyini müəyyənləşdirdiyindən onun tənqidi ictimai fayda verəcək əməldir. Bu, mənim fikrimdir. Kimsə qatıla da bilər, qatılmaya da. Amma kimisə təhqir edəndə buyurub ya imzanı yazdığın yazının altına, ya da dilini qarnına qoymalısan. Burada üçüncü variant yoxdur. Necə olsa da, “məsuliyyətin hamısı onsuz da baş redaktorun üstündədir” deyib ucuz reytinq qazanmaq mənim nəzərimdə əxlaqi deyil. O ki qaldı İsa Qəmbərin tənqid olunmasına, burada qəbahətli heç nə görməsəm də, mənim yazılarımda Müsavat başqanının ədalətsiz tənqid olunduğunu da zənn etmirəm.

- Mətbuatda sizin Ədalət Partiyasında olduğunuz halda, Rəsul Quliyevin saytını işlətməyiniz ən çox tənqid olunan, vurğulanan nüansa çevrilib. Buna necə baxırsınız?

- O düşüncə sahiblərini sadəcə anlaya bilmirəm. Ədalət Partiyası müxalifət yönümlüdür. Rəsul Quliyev də müxalifət liderlər arasında ən kəskin mövqe nümayiş etdirən şəxsdir. Hadisələrə baxışda İlyas İsmayılovla Rəsul Quliyevin arasında zatən fərq yoxdur. Fərq yalnız problemi hansı metodlarla həll etmək cəhdindədir. İlyas bəy hesab edir ki, bu gün Azərbaycanda sərt metodlarla demokratikləşmənin təmin olunması mümkün deyil. Bu səbəbdən də demokratikləşmə prosesində fərdi səyləri vacib element sayır və özü də bu istiqamətdə nəsə əldə etmək istəyir. Onun Milli Məclisdəki fəaliyyəti buna misaldır. Yoxsa mənim tanıdığım İlyas İsmayılov bu gün Azərbaycan parlamentində yer alan bəzi adamlarla bir yerdə olmağı heç vaxt özünə yaraşdırmazdı.
Rəsul Quliyev isə demokratikləşmə prosesində xalqın birbaşa iştirakı olmadan nəyəsə nail olmağın mümkünlüyünə inanmır. Odur ki, cəmiyyətin bütün təbəqələrinin bu işdə köynəyinin qolunu qatlayıb fəaliyyətə keçməsini arzulayır. Bu mövqe də doğrudur və təqdirəlayiqdur. Azərbaycanın ən böyük problemlərindən biri dünyagörüşlərinə ayrılan müxalif düşərgənin bir-birinə yad gözlə baxmasıdır. Müxalifət bu psixoloji baryeri aşmadıqca böyük uğurlara imza ata bilməz. Məncə, vahid bir amalda birləşən bu qüvvələrin əməkdaşlığı bu günün ən böyük qazancı olar. Təbii ki, bu siyahıya İsa Qəmbər də, Əli Kərimli də, Sərdar Cəlaloğlu da, Fazil Mustafa da, Fərəc Quliyev də daxildir.