Dünən parlamentdə gələn ilin büdcə layihəsilə bağlı müzakirələr davam etdirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev büdcə layihəsilə bağlı çıxışında təklif və iradlarını hökumət üzvlərinin diqqətinə çatdırıb.
Millət vəkili büdcə layihəsilə bağlı çıxışında qeyd etdi ki, diqqəti ilk öncə büdcə vəsaitlərini artırmaq yollarının axtarılmasına yönəltmək lazımdır: «Burada çıxış edənlərin əksəriyyəti hansısa sahəyə daha çox vəsait ayrılmasını istəyirlər. Amma vəsait çatmır, çünki büdcə cəmi 20 milyard manata qədərdir. Ona görə də biz bu vəsaiti necə artırmaq barədə düşünməliyik. Bu gün əhalisinin sayı 1.3 milyon nəfər olan Estoniyanın büdcəsi 6.6 milyard avro təşkil edir. Adambaşına düşən vəsaitə görə Estoniya ilə müqayisə aparsaq, onda gərək Azərbaycanın büdcəsi 46.2 milyard avro həcmində olmalı idi. Yaxud əhalisinin sayı bizdən 1 milyon nəfər az olan Avstriyanın dövlət büdcəsi 73.5 milyard avrodur. Ona görə də biz iqtisadi sahədə mütləq ciddi islahatlar aparmalıyıq».
Millət vəkili müharibə vəziyyətində olan bir ölkə olduğumuzu nəzərə alaraq hökuməti hərbi xərcləri artırmağa çağırdı: «İndi büdcənin az qala yarısı təmir-tikinti işlərinə yönəldilir. Biz büdcə vəsaiti hesabına tikintiləri, hasarların çəkilməsini dayandırmalıyıq, ilk növbədə bu xərcləri hərbi sahəyə yönəltməliyik. Gələn ilki büdcədə hərbi xərclər 2.7 milyard manat nəzərdə tutulur. Bu vəsait Ermənistanın dövlət büdcəsindən artıq olsa da ölkəmizin hərbi vəziyyətinə və ehtiyaclarına görə yetərli deyil. Beynəlxalq hərbi araşdırma mərkəzləri bəyan ediblər ki, Azərbaycan indiki hərbi xərclərlə Ermənistanın səviyyəsinə 3-4 ilə çata bilər. Ona görə də biz hərbi xərclərimizi ciddi surətdə artırmalıyıq. Yəni indiki kimi 13.7 faiz yox, büdcənin təxminən 23-25 faizi həddində olmalıdır. Heç bir beynəlxalq təşkilat və ya dövlət bizim əvəzimizə gəlib torpaqlarımızı azad etməyəcək. Biz işğalla sözdə yox, əməldə barışmamalıyıq, torpaqlarımızın azad olunması üçün ciddi addımlar atmalıyıq».
Qüdrət Həsənquliyev elmə və təhsilə, səhiyyəyə ayrılan vəsaitin azlığına da etirazını bildirdi: «Bu vəsait bir neçə dəfə artırılmalıdır. Orta məktəb müəllimlərinin əməkhaqqı heç olmasa ölkədə rəsmən elan olunmuş 350 manatlıq orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılmalıdır. Müəllimlərin hal-hazırda vəziyyəti həddindən artıq ağırdır. Həkimlərin də maaşları artırılmalıdır. Onlar xəstələrdən pul almağa məcburdurlar, çünki 120-140 manatla faktiki surətdə yaşamaq mümkün deyil. Mən komitənin də iclasında demişdim, bir daha deyirəm dövlət universitetləri, xəstəxanalar özəlləşdirilməlidir. Biz bazar iqtisadiyyatına keçmişiksə, bu qədər dövlət universiteti nəyə lazımdır? Onlar özəlləşdirilməlidir, büdcəyə vergi ödəməlidirlər. Bunun əvəzində tələbələrə təhsil kreditləri verilməlidir ki, təhsil haqlarını ödəyə bilsinlər. Həhayət ki, ölkədə icbari sığorta tətbiq olunmalıdır».
Millət vəkili ölkədə kredit siyasətinin düzgün həyata keçirilmədiyini də vurğuladı: «Cənab prezident vaxtilə Hazirlər Kabinetinin iclasında da söyləmişdi ki, Azərbaycanın xaricdəki vəsaitlərindən 2 milyardı gətirilib yerli banklarda yerləşdirilsin. Bu gün Azərbaycanda banklar ən aşağısı 20 faizlə kredit verir. Bununla iqtisadiyyatı inkişaf etdirmək olar? Bu mümkün olmayan bir məsələdir. Hesablama Palatası keçən il belə bir açıqlama vermişdi ki, Azərbaycanın xarici banklardakı 45 milyard dollar vəsaitinin illik gəlirliliyi cəmisi 0.89 faizdir. Yəni heç bir faiz də deyil. O pulların bir hissəsini gətirib Azərbaycanda yerləşdirmək lazımdır ki, sahibkarlarımıza ucuz kreditlər vermək mümkün olsun. Burada Vahid Əhmədov dedi ki, nağdsız ödənişlərin qarşısı alınsa, büdcəyə əlavə vəsait daxil olar. Mən hesab etmirəm ki, hətta bunu yüz faiz təmin etmək mümkün olsa belə, büdcə gəlirlərini artıra bilək».
Qüdrət Həsənquliyev qeyd etdi ki, büdcə gəlirlərini artırmağın yolu emal və istehsal müəssisələri yaradılmasındadır: «Amma bizdə büdcə vəsaitləri hesabına rayonlarda müəyyən inzibati binalar, bağçalar, məktəblər, səhiyyə obyektləri tikilir. Bunlar gəlir gətirməyən sahələrdir. Ona görə də ilk növbədə istehsal müəssisələrinin yaradılmasına ehtiyac var. Bakı şəhərində sıxlığın qarşısını almaq üçün regionlarda mütləq vergi güzəştləri nəzərdə tutulmalıdır. Ora vəsait qoyan şəxslər bir müddət vergidən azad olunmalıdırlar ki, insanlar bunda maraqlı olsunlar».
BAXCP sədri Naxçıvana ayrılan dotasiyanın azaldılmasına da etirazını ifadə etdi: «Bu il Naxçıvana ayrılan dotasiya 1 faiz azaldılıb. Halbuki Naxçıvana daha çox dotasiya ayrılmalıdır ki, ora boşalmasın. Məsələn, vaxtilə mənim seçildiyim Culfa və Ordubad rayonlarında şərab zavodları, emal müəssisələri var idi, amma bu gün heç biri işləmir. Oları bərpa etməyə çox böyük ehtiyac var».