Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli Şuradan çıxıb. “Qafqazinfo”nun məlumatına görə, partiya sədri bu barədə “Yeni Müsavat”a danışarkən qeyd edib ki, uzun müddətdir qurumun iclaslarında iştirak etmirdi: “Ona görə də Milli Şurada hansı proseslərin getdiyindən xəbərim yox idi. Şəxsi problemlərlə və işlərimlə əlaqədar nə Milli Şuranın sessiyalarına qatılırdım, nə də orada bir fəaliyyət göstərirdim. Vaxt azlığına görə iclaslarda iştirak edə bilmirdim. Bir fəaliyyətim olmadığına görə Milli Şuranı tərk etmək qərarı verdim”.
E. Musayev MŞ-dan gedişinin başqa bir səbəbi olmadığını və bu mövzuda geniş şərh vermək istəmədiyini vurğuladı. BAP sədri Böyük Şor qəsəbəsində olimpiya stadionuna görə sökülən tikililər məsələsinə də toxundu.
E.Musayev bildirdi ki, hakimiyyət bu massivdə yaşayanları kompensasiya məsələsində razı sala bilmədi: “İqtidarın şəxsi mülkiyyətə qəsd siyasəti davam edir. Eyni ssenari “Sovetski” ərazisində yaşanır. Hökumət söküntü işlərində təcrübə toplayıb.
Bu işi psixoloji və maliyyə tərəflərini bilir. Kimi razı salırsa çıxır gedir, kim kompensasiya ilə razılaşmırsa onu da tədricən ruhdan salır, evini sökür. Nəticədə vətəndaş görür ki, mübarizə aparmaq effekt vermir”.