“Qafqazinfo”nun verdiyi xəbərə görə müxtəlif təbəqələrdən olan 500 respondent arasında keçirilən sorğuda iştirakçılara bir neçə sual ünvanlanıb.
“Türkiyə Dağlıq Qarabağ danışıqlarına qoşulmalıdırmı?”-sualına respondentlərin 75 faizi “müsbət”, 5 faizi “mənfi”, 20 faizi isə “bu Türkiyənin istəyindən asılı deyil” kimi cavablar veriblər. “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün İstanbulda keçirilməsi təklifini dəstəkləyirsinizmi?” sualına isə 83%- “Bəli”, 11%-“xeyr”, “İstanbulda görüşsələr də bir nəticə olmayacaq” deyənlərin nisbəti isə 6% təşkil edib. Mövzunun davamı olaraq “Sizcə, İstanbulda görüşün əleyhinə çıxan əsas ölkə hansıdır?” sualına verilən cavablar da Ermənistan (68%), Rusiya (24%), Fransa (5%) və ABŞ (3%) arasında paylaşılıb.
Sorğunun sonuncu iki sualı sırf Türkiyə-Azərbaycan münasibətlərinə aid olub.
“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı genişləndirməyə, hərbi saziş imzalamağa ehtiyac varmı?” sualına “ehtiyac var” deyənlər 92 faiz, “ehtiyac yoxdur” deyənlərin nisbəti isə 8 faiz olub.
“Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə hansı mövcud problemlər var” sualı sorğuya yekun vurulub. Bu sual ətrafında respondentlərin çoxluğu (68%) əsas problem kimi viza məsələsinin həll olunmamasını göstərib. 20 faiz isə “Şəhidlər Xiyabanı”ndakı Türk məscidinin hələ də qapalı qaldığına diqqəti çəkib. Respondentlərin 12 faizi isə Türkiyənin iri kapitalının Azərbaycanda təmsil olunmadığını vurğulayıb.
Sorğunun nəticələrini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, sorğunun 5 sualından 3-nün Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki roluyla əlaqələndirilməsini qanunauyğun olduğunu bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmaması əvvəlki tək Ankaranı narahat edir və Azərbaycan cəmiyyəti Türkiyənin prosesdə fəal rol oynamasını istəyir. Bu ilin mart ayında Minsk Qrupunun fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı sorğu keçirmişdik. Həmin sorğuda “hansı dövlətin və ya qurumun həmsədrlərin sırasına qatılmasına ehtiyac var?” sualına verilən cavabla hazırki münasibət eynidir. Ötən dəfəki sorğudan 5 ay keçməsinə baxmayaraq hazırki sorğunun nəticəsinə görə bu rəqəmdə elə bir dəyişiklik yoxdur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Türkiyə-Azərbaycan münasibətlərində iki məsələnin əvvəlki tək diqqət mərkəzində olduğunu bu sorğunun nəticələrində də özünü göstərdiyini deyib: “Viza və “Şəhidlər Xiyabanı”ndakı Türk məscidin təmir adıyla qapalı qalması iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən iki önəmli məsələ olaraq qalır”.
Qeyd edək ki, E. Şahinoğlu Azərbaycan əhalisinin Türkiyənin xarici işlər naziri Ə. Davudoğlunun Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün İstanbulda keçirilməsi təklifini dəstəklədiyini, ancaq bunun reallaşacağına inamının olmadığını vurğulayıb.