“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, V.Əyyub Vaqif Hacıbəylini Müsavatın işlərinə qarışmaqda günahlandırıb və nadzor adlandırıb: “Əhrar Partiyasının sədri Müsavatda “nadzor” olmaq niyyətindədir”.
Hazırda xaricdə müalicədə olan Vaqif Hacıbəyli isə özünün facebook səhifəsində Vurğun Əyyuba cavab yazıb. V.Hacıbəyli bildirib ki, bir neçə gün əvvəl onu tərbiyəsiz adlandıran “tərbiyəli” indi də “nadzor” adlandırıb:
“Mənə ünvanlanan bu epitetlərin səbəbi aşağıdakı statusumdur: Tural bəy özünü yetkin siyasətçi və əsl Müsavatçı kimi aparır, ondan daha təcrübəli, ziyalı, guya həmişə təmkinli olduğu deyilən və seçkilərdə də şəxsən mənim gözlədiyimdən də daha uğurlu nəticə qazanan digər namizəd isə yenə mənim gözləmədiyim halda məyusedici açıqlamalar verməkdə davam edir və bu halda açıq-aşkar faktları təhrif edir. Mən bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getməyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur, axı? İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb? Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O müsavatçı deyil bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür ,vallah”.
Bu statusa Qubad İbadoğlunun cavabı isə “onun danışmağa mənəvi və siyasi haqqı yoxdur” olmuşdu. Mən bu ittihamlara cavab olaraq heç kəsi təhqir etmədən mənəvi haqqımın onlardan az olmadığını və “Müsavatdakı xöşagəlməz proseslərin arxasında cəmiyyətdə müsbət imicə malik Vurğun Əyyubun olduğunu bildirəndə Vurğun Əyyub mənə küçə adamı səviyyəsində cavab verib. Mən də bu açıqlamaya cavab olaraq bildirmişəm ki, sizin açıqlamalarınız hansı səviyyənin və hansı mənəviyyatın sahibi olduğunuzu bariz nümayiş etdirir. Vəssalam. Nə yazılıbsa, hamısı səhifəmdə var, saytlar da paylaşıb...”.
Son xəbərlər
Son Xəbərlər