“Günlərin birində məni bağ evinə apardı...” - Etiraf

gunlerin-birinde-meni-bag-evine-apardi-etiraf
Oxunma sayı: 2702

Xoşbəxtliklərin bir-birinə bənzədiyi, bədbəxtliklərin isə fərqli olduğu haqda çox eşitmişik, hətta şahidi də olmuşuq. Amma o da var ki, çox zaman qaranlqda uzaqdan alov görürcəsinə görünür xoşbəxtlik: yaxınlaşdıqca isinir, bir az da yaxınlaşandan sonra... yanırsan. “Özünü oda atmaq” elə bu olsa, gərək...

***

Statistika Azərbaycanda evlilik yaş həddindəki qızların kişilərə nisbətdə çox olduğunu deyir. Qanunlarımıza və əxlaqımıza zidd olaraq çoxarvadlılıq qəbul olunmur. Statistika Azərbaycanda 20 yaşdan 40 yaşa qədər xanımların 1 milyon 600 min, kişilərin isə 1 milyon 541 min nəfər olduğunu deyir. Bu xanımların təxminən 80 mini rəsmi nikah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Hesablamalar 1 milyon yarım qadının subay olduğunu göstərir. Qadınlar kişilərdən təxminən 60 min nəfər çoxdur...

Bu gün ailə həyatı qurmaq həqiqətən problemə çevrilib. Bu haqda növbəti yazılarda söhbət açacağıq. Mövzumuz yuxarıda söhbət açdığım obrazlı desək, uzaqdan yolumuzu işıqlandıran xoşbəxtlik ocağıdır...

***
...Və bu da bir həqiqətdir ki, xoşbəxtliyə can atan qızlarımız bəzən ərə getmək üçün əməlli-başlı hoqqalar çıxarırlar. Bura nə aiddir: oğlana pul xərcləmək; özünü “ev qızı” göstərmək üçün yalan danışmaq-ümumiyyətlə guya əllərindən bir oğlan belə tutmayıb, bir oğlanla telefonla danışmayıblar, bir sözlə, aydan arı, sudan durudurlar; oğlanın yanında qapalı geyinmək, makiyajdan az istifadə etmək, yaxud etməmək; ailələri haqda ideal ailə modeli təəssüratı yaratmaq və s. Təbii, söhbət həyatda bu cür olmayan qızlardan gedir. Üzdə oğlana xoş getmək üçün mentalitet niqabı geyən, arxada isə tam bunun əksini edən qızlar bu minvalla çox vaxt istədiklərinə nail olurlar. Ərə gedəndən sonra ya həqiqətən arzularına çatırlar, ya da iç üzləri açılır. Psixoloqlar isə ailə qurarkən səmimiliyə üstünlük verirlər. Yəni həqiqətən sevgi varsa, oğlan qızı hər halı ilə də qəbul edə bilir... Oxuyaq...

***

Yeganənin 22 yaşı var. İki il öncə ata ocağında yaşadığı maddi çətinliklər, atası ilə anasının yola getməməsi onu yeni bir həyata başlamağa vadar edir. Çox düşünməli olmur. Rəfiqələri ona dolayısı ilə yüngül həyat təklif edirlər. Yeganəni oğlan dostları ilə tanış edirlər. İki oğlanla tanış olur. O, sırf ailə qurmaq məqsədi güdsə də, oğlanlar onunla sadəcə əylənib, gün keçirirlər. Yeganə bu gedişlə ailə qura bilməyəcəyini, əksinə uçuruma doğru getdiyini görüb özünə iş axtarmağa başlayır. O, ev-alqı satqısı ilə məşğul olan böyük bir ofisdə xadiməlik edir. Günlərin birində ofisə ev almaq üçün bir gənc və yaraşıqlı oğlan gəlir. Yeganə deyir ki, oğlanı ilk dəfə görəndə qəribə hisslər keçirib: “Düşündüm ki, kaş bu oğlan mənim həyat yoldaşım olaydı. O, mənə heç fikir vermədi. Sonra yenə gəldi. Katibə işdə olmadığından müdirimiz oğlana çay gətirməyimi xahiş etdi. Oğlanı görəndə həyəcanlanırdım. Məlum oldu ki, İqrar adlı bu oğlan villalar tikidirib satmaqla məşğuldu. Bu haqda eşidəndə çox məyus oldum. Düşündüm ki, o, heç vaxt mənim kimi kimsəsiz, üstəlik xadimə işləyən bir qıza gözünün ucu ilə də baxmaz. Buna baxmayaraq içimdə bir ümid, inam vardı. Ürəyimə dammışdı ki, o, mənim olacaq. İşdə hər kəsə tapşırdım ki, burda xadimə işlədiyimi oğlana deməsinlər. Kompüterdə yazı işlərinə baxdığımı desinlər. Hər gün bir rəfiqəmdən paltar alıb geyinir, özümə diqqət edirdim. Gözəl görünməyə çalışırdım. Bir gün oğlan məndən adımı, harda yaşadığımı və ailəm haqda soruşdu. Özüm, ailəm haqda danışdım. Növbəti dəfə gələndə telefon nömrəmi istədi. Beləcə tanış olduq. Hər gün içib evədə dava-dalaş salan atamı ideal ata, anamı isə müasir düşüncəli qadın qələminə verdim. Çünki onun ailəsi elitar təbəqəyə aid idi. O, məni dəlicəsinə sevdi. Elə mən də. Amma evə gələndə yoxsul daxmamıza, içib anamı döyən atama, zavallı anama baxanda xəyallarım alt-üst olurdu. Məsələ ciddiləşəndə ailəsi narazı oldu. Elçi gəldilər. Evimiz bərbad gündə idi. Atası, anası, əmisi gəlmişdi. Heç qapıdan içəri girmədilər. Məni görüb getdilər. Dəhşətli anlar yaşadım. Özümü öldürmək istədim. Telefonu söndürdüm. Üzüquylu çarpayıya yıxılıb hönkür-hönkür ağladım. Niyə yorğanıma baxıb ayağımı uzatmadığım üçün özümü qınadım. Gecə İqrar zəng elədi. Məni sevdiyini dedi, amma onu aldatdığım üçün məni bağışlamadı. Dedi ki, əvvəlcədən ona hər şeyi açıb deməli, düz danışmalıydım. Yenə qarşıma məqsəd qoydum ki, onu əldən çıxarmayacam. İntihar edəcəyimi dedim. İnanmadı. Gecə ona belə bir mesaj yazdım: “Sevgilim, mən ölməyə gedirəm. Sənə heç vaxt yalan danışmayacaq bir qızla xoşbəxtlik arzlayıram. Məni unutma...” Beləcə barışdıq. Günlərin birində məni bağ evinə apardı. Gecəni bir yerdə qaldıq. Özümü naşı kimi apardım. Guya heç kim indiyə kimi əlimdən belə tutmayıb. O evdə özümü ona təslim etdim. Bilirdim ki, inanclı oğlandı, məni bədbəxt edib atmaz. Sonra ailəmizə hündürmərtəbəli binada ev kirayələdi. Pulunu özü verirdi. Biz evə yığıldıqdan sonra ailəsi yenidən bizə elçi gəldi. Beləcə nişanlandıq. Sonra toyumuz oldu. İndi çox xoşbəxtəm. Ana olmağa hazırlaşıram. Mən də xoşbəxt olmaq istəyirdim. Başqa yolum olmadığı üçün bu yola əl atdım. Ailəm də normal yaşayır. İqrar atama iş tapıb. İşləyir, başı qarışır. Peşman deyiləm...”

Günay da oxşar situasiya ilə evlənib. Oğlana özünü mələk cildində göstərsə də Yeganənin əksinə olaraq yanılıb. Yalanının üstü tez bir zamanda açılıb və həyat yoldaşı ondan ayrılıb. Beləcə uzaqdan işığına aldanan, sonra istisinə qızınan Günay o “atəş”də özünü “yandırıb.”

Gəlin, 29 yaşlı, Sabirabad rayon sakini Gülnar Məmmədovanın məktubunu oxuyaq: “Salam. Mən sevgidə səmimiliyə böyük dəyər veririəm. Həyat yoldaşımla ailə qurmazdan əvvəl bir-birimizə talelərimiz, keçdiyimiz həyat yolu haqda danışdıq. Biz bir-birimizi dəlicəsinə sevirdik. Mən ona ilk sevdiyim oğlan haqda və tələbəlik illərimdə bir oğlan tərəfindən aldadılmağım haqda ətraflı danışdım. Həmin oğlanla aramızda nə olmuşdusa hamısı haqda söhbət açdım. Və həyat yoldaşım məhz ona hər şeyi doğru danışdığım üçün məni qəbul etdi. Çox xoşbəxtəm. Bütün xanımlara xoşbəxtlik arzulayıram...”
Səmimiyyət, dürüstlük yolumuzda atəşə yox, mayaka çevriləndə həyat daha gözəl olur... Gəlin, ürəyimizdə səmimiyyət işığı yandıraq...

P. S. Şəxsi həyatınızın, başınıza gələn əhvalatların işıqlandırılmasını istəyirsizsə, bizə bu ünvana yaza bilərsiz: x-huseynzade@mail.ru