Zərdabda süni örtüklü mini futbol meydançasının açılışı olub - Fotolar

zerdabda-suni-ortuklu-mini-futbol-meydancasinin-acilisi-olub
Oxunma sayı: 3979

Rayon gənclərinin və idman ictimaiyyətinin Zərdab Rayon İcra Hakimiyyətinə ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alaraq icra hakimiyyəti tərəfindən cari ilin iyun ayında Heydər Əliyev prospektində süni örtüklü mini futbol meydançasının tikinti-quraşdırma işlərinə başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili və pis vərdişlərdən uzaq olmasını təmin etmək üçün 42x22 metr ölçüdə olan mini futbol meydançası Türkiyə istehsalı süni örtüklə təmin edilmiş, gecə işıqlandırılması quraşdırılıb, stadionun ətrafında abadlıq işləri aparılıb. Futbol meydançası 08 sentyabr 2023-cü il tarixdə rayon gənclərinin və idmançıların istifadəsinə verilib, bu münasibətlə tədbir təşkil edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə rəmzi məna daşıyan qırmızı lent kəsilib. 

Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək ölkəmizdə və rayonumuzda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verib,  stadionun açılışı münasibətilə rayon sakinlərini təbrik edib. 

Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söhbət açıb.
Açılış mərasimindən sonra tədbir iştirakçıları mini futbol meydançasında yaradılan şəraitlə tanış olublar. Daha sonra meydança futbolçuların ixtiyarına verilib.