“Yeni Klinikada sümük iliyi transplantasiyası aparılacaq”

yeni-klinikada-sumuk-iliyi-transplantasiyasi-aparilacaq
Oxunma sayı: 1807

“İcbari tibbi sığortanın tətbiqinə başlayanda 1829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu. Bu gün isə Xidmətlər Zərfindəki xidmət sayı 81% artırılaraq 3315-ə çatdırılıb. İcbari tibbi sığorta təminatına alınmış 3315 sayda tibbi xidmətin 90% faizdən çoxu isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik Hesabat tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 634 sayda olan ambulator tibbi xidmətlərin 98%-i, 931 sayda laborator xidmətlərin 100%-i, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin – 100%-i, 266 sayda stasionar terapevtik xidmətlərin – 99%-i, 1334 sayda stasionar cərrahi xidmətlərin – 70%-i, həmçinin ilkin səhiyyə və təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100%-i icra edilir”.

V. Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatlarının olduğunu da xatırladıb:

“Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər. İlkin mərhələdə 25 xəstəlik çarpayı fondu olan şöbə bu əməliyyatların icrası nəzərdə tutulub”.

O bildirib ki, sümük iliyi transplantasiyasında sterillik çox önəmli məsələdir: “Şöbələr tam olaraq keyfiyyətli xidmət göstərilməsi üçün sterilizasiya olunmuş mühitə çevrilməlidir. Sümük iliyi transplantasiyası keçirən pasiyentlər bu şöbələrdə uzun müddət yatış etməlidirlər. Bu istiqamətdə biz beynəlxalq ekspertlərlə, sümük iliyi transplatasiyasını icra edən dünyanın ən qabaqcıl tibb müəssisələri ilə danışıqlar aparır, onların təcrübələrini öyrənirik.

Bundan başqa Səhiyyə Nazirliyinin dəstəyi ilə həm onların, həm də TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan bir qrup həkim eləcə də orta tibb işçisinin bu istiqamətdə biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlərə göndərilməsi həyata keçirilir. Onlardan bir qrup artıq təlimlərə cəlb edilib, digər bir qrupun da gələn il təlimlərə cəlb edilməsi gözlənilir”.

Gülnar Əliyeva