Xocavənd rayonunda yeni hərbi hissənin açılışı olub.
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, nazir Zakir Həsənov, digər rəhbər heyət və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissənin açılışını edib.
Döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə inşa edilmiş hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.
Müdafiə nazirinə məruzə edilib ki, bütün xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Hərbi hissəyə baxış keçirildikdən sonra müdafiə naziri şəxsi heyətin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Sonra Qurban bayramı münasibətilə şəxsi heyət üçün konsert proqramı təşkil edilib. Şəxsi heyət üçün qurbanlıqlar kəsilib.