Xəzərdə “Liderin ürəyi” nümayiş olundu - Fotolar

xezerde-liderin-ureyi-numayis-olundu
Oxunma sayı: 1531

Xəzər rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar və müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 26-sı Şağan Mədəniyyət Evində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Elşən Salahov bildirib ki, hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərin rolu danılmazdır. Biz xoşbəxt xalqıq ki, Allah tərəfindən bizə Heydər Əliyev kimi dahi şəxsiyyət, xilaskar ruhlu bir rəhbər bəxş edilib. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların baş tutması ulu öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir. Öz həyatını Vətəninə və xalqına bəxş etmiş Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır deyə vurğulayan RİH başçısı, bu ömrü bir ilə sığdırmağın qeyri-mümkün olduğunu, Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev dühasının da daim var olacağını qeyt edib. 

Rəsmi çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən müxtəlif idman turnirlərində, festival və müsabiqələrdə qalib olan, rayonun ictimai işlərində fəalliyyəti ilə fərqlənən şəxslərə RİH başçısının Fəxri Fərman və təşəkkürnamələri, həmçinin dəyərli hədiyyələri təqdim edilib.

Sonda tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olumuş “Liderin ürəyi” adlı sənədli filmə tamaşa ediblər.