Vyetnam mətbuatında Əjdər İbrahimovun irsi işıqlandırıldı

vyetnam-metbuatinda-ejder-ibrahimovun-irsi-isiqlandirildi
Oxunma sayı: 402

Vyetnamın “Ədəbiyyat və incəsənət vaxtları” qəzetində “Azərbaycandakı Vyetnam mədəniyyət səfirlərinin sənət körpüsü və ürəkdən gələn səsi” adlı məqalə dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Vyetnam Kino İnstitutunun nümayəndə heyətinin Bakıda keçirilən “Azərbaycan Filmləri Günü”ndə iştirakı, tədbir çərçivəsində Vyetnam inqilabi kinosunun klassik əsərlərinin nümayiş etdirilməsi barədə məlumat verilib.

Həmçinin Vyetnam kino məktəbinin əsasını qoyan görkəmli azərbaycanlı kinorejissor Əjdər İbrahimovun bu sahənin inkişafına verdiyi töhfələr və onun iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsindəki rolu diqqətə çatdırılıb.

Yazıda həmçinin kinorejissorun yaradıcılıq irsi, onun xatirəsinin yaşadılması istiqamətində görülən işlər və “Vyetnamda gördüklərim” kitabının təqdimatı barədə ətraflı məlumat yer alıb.

Qeyd olunub ki, 2026-cı ilin may ayında Vyetnam Film İnstitutunda Əjdər İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbir çərçivəsində rejissorun “Vyetnamda gördüklərim” kitabının təqdimatı da təşkil olunub.

Təqdimat mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, Vyetnamda akkreditə olunmuş ölkələrin diplomatik nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Bildirilib ki, adıçəkilən kitab Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafındakı rolunun gələcək nəsillərə çatdırılması, həmçinin Azərbaycan-Vyetnam arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən mühüm mənbədir.

Xatırladaq ki, “Vyetnamda gördüklərim” kitabı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub, komitənin və Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü ilə isə vyetnam dilinə tərcümə edilib.

Məqaləni daha ətraflı linkə keçid edərək oxumaq mümkündür.