Elə manşetlər var ki, biz onları heç vaxt unuda bilmirik. Az qala hər gün, özü də, indiki sayt dövründə onlarla manşetlə rastlaşırıq. İllər keçir, onlardan yaddaşımızda ilişib qalan, heç vaxt unuda bilmədiklərimiz olur. Bu günlərdə heç vaxt unuda bilmədiyim manşetlər haqqında düşünürdüm. Sonra bir neçə həmkarıma zəng edib fikrimi bölüşdüm. Onlar da unuda bilmədiyi manşetlərdən danışdılar. Və xatırladıqca qərara gəldim ki, bunu yazıya çevirmək, estafet formasında həmkarlarıma ötürmək lazımdır.
Əvvəlcə, özüm unuda bilmədiyim bir neçə manşeti sizinlə paylaşmaq istəyirəm.
İlk dəfə 2005-ci ilin sentyabrında Türkiyəyə gedirdim. Təyyarədə bu ölkənin rəngli, bər-bəzəkli, qarası adamın əlinə çıxmayan qəzetləri ilə rastlaşdım. Səhv etmirəmsə, ya “Milliyyət”, ya da “Hürriyyət” idi. Həmin gün bu manşetlə çıxmışdı. Boğaz körpüsünün böyük bir fotosu verilmişdi, körpünün altında isə iki nəfər əllərindəki “rumka”nı toqquşduraraq dayanmışdı.
Onların üstündə belə yazılmışdı: “38 ildir bir yerdə içirlər...”
Maraqlıdır ki, aradan illər keçsə də, nə vaxt Türkiyə mətbuatından söz düşürsə, o manşeti xatırlayıram.
***
2014, ya da 15-ci il idi. Ukraynada idim. İndiki kimi o vaxt da iki ölkə arasında müharibə gedirdi. Tərəflər atəşkəsə razılaşmışdılar. Sabah saat 12:00-da atəşkəs elan olunacaqdı. Səhəri gün köşkdə Kiyevdə çıxan qəzetlərdən birini gördüm. Manşetdə yalnız “12:00” yazılmışdı, başqa heç nə. Hər hansı bir foto və əlavə söz yox idi. Sadəcə, ağ səhifə üzərində 12:00 rəqəmi...
Həmin vaxt bu manşet məni xeyli təsirləndirdi. Qəribədir, aradan illər keçib, ancaq həmin saat yetişməyib. Bu arada Rusiya Prezidenti Vladimir Putin ötən gün yenidən Ukrayna ilə atəşkəsin sabah saat 12:00-dan qüvvəyə mincəyini elan edib. Yenə 12:00...
***
Jurnalistikaya təzə gəlmişdim, 2003-cü il idi. “Xalq cəbhəsi” qəzetində işə başlamışdım. O vaxt bu qəzetdə işləyən və dövrümüzün ən istedadlı söz oyunçularından biri saydığım, mənim ustadlarımdan olan Qulu Ağsəs belə bir manşet yazmışdı: “Ay Abdal, vay Gülablı...” Altından isə bu cümlə gedirdi: "Bu gün Ağdamın Abdal-Gülablı kəndinin işğalından 10 il ötür".
O vaxt bu manşet məni çox ciddi zədələmişdi. Hətta Ağdam işğaldan azad olunandan sonra ora səfərə gedəndə, gözüm o kəndi axtarırdı, Abdal Gülablının hansı istiqamətdə olduğunu səfər yoldaşım olan ağdamlılardan belə soruşmuşdum.
***
2007-ci il idi. Prezident müxbiri kimi dövlət tədbirinə qatılmışdım. Hansısa rayonda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı keçirilirdi. O vaxt DSX-nin rəisi açılışdan öncə dövlət başçısına nümayiş etdiriləcək silahları sərgiləyirdi. Bu zaman tədbirdə iştirak edən sabiq nəqliyyat naziri Ziya Məmmədov əsgərlikdə qrantamyotdan istifadə etdiyini dedi və onu yoxlamaq üçün çiyninə aldı. Dərhal cibimdəki telefonu çıxarıb nazirin qrantamyotla nişan alarkən şəklini çəkdim. Və Bakıya qayıdandan sonra telefonumdakı bu fotonu həmin vaxtın ən populyar qəzeti olan “Реальный Азербайджан”a 200 dollara satdım. Səhəri gün həmin foto qəzetdə bu manşetlə çıxmışdı: “Война против народа...”
***
Daha bir manşet KİVDF yeni yaradılanda diqqətimi çəkmişdi. O vaxt “Bizimyol” qəzeti yeni yaradılan qurum üçün ayrılan 800 min manatın hara xərclənəcəyi ilə bağlı Vüqar Səfərliyə sual vermişdi. Onun cavabı isə belə idi: “İlk növbədə biz bu 800 min manatı mənimsəməliyik”
Həmin vaxt qeyri-ixtiyarı verilən bu cavab illər sonra ironik nəticəyə çevrildi. Sonralar həbs olunan Vüqar Səfərli hələ də bu mənimsəmələrə görə içəridədir.
***
Qoy bir neçəsini də, doğma “Qafqazinfo”dan xatırlayım. Kür daşqınları baş vermişdi. Biz onda yeni yaranmışdıq. İndi yataq xəstəsi olan hüquq müdafiəçisi Oqtay Gülalıyev o vaxt Kür daşqınlarından əziyyət çəkənlər haqqında hesabatlar yayırdı. Buna görə onu tutmuşdular da. Həmin vaxt “Qafqazinfo”da belə bir manşet vermişdik: “Kür Oqtayı “apardı”...”

***
2015-ci ildə Xəzər dənizində “Günəşli faciəsi” baş vermiş, 17 neftçi həyatını itirmişdi. Bu hadisədən heç bir il keçməmiş Xəzərdə növbəti faciə yaşandı. Estakada dənizə aşdı. Bu dəfə isə 10 neftçi hadisənin qurbanı oldu.
Hadisədən təsirlənən uşaqlar redaksiyada belə bir başlıq vermişdilər: Xəzər Neftçini yenə uddu... - 10:0.

Burada kifayətlənirəm və rubrikanı davam etdirmək üçün estafeti dəyərli həmkarım Eynulla Fətullayevə ötürürəm.