Türkiyədə yaşamaq istəyən xarici investorlar üçün yeni qaydalar tətbiq olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qanun imzalayıb.
Yeni Qanuna əsasən, yaşayış icazəsinin müddəti investisiyanın məbləğindən asılı olacaq.
Belə ki, ən azı 150 000 ABŞ dolları (255 000 AZN) investisiya yatıran əcnəbilər 3 illik, ən azı 200 000 ABŞ dolları (340 000 AZN) investisiya yatıranlar isə 5 illik yaşayış icazəsi üçün müraciət edə biləcək.
Qeyd olunub ki, investisiyanın yalnız ABŞ dolları ilə həyata keçirilməsi tələb olunmur. Digər xarici valyutalarla ödənilən vəsaitlər də qəbul ediləcək. Lakin investisiyanın məbləği müəyyən edilmiş minimum həddə uyğun olmalıdır.
Xarici investorlar bank depozitləri, dövlət istiqrazları, müəyyən edilmiş investisiya fondları və fərdi pensiya sistemi vasitəsilə sərmayə qoya biləcəklər. Həmçinin investisiya məbləğinin tələb olunan müddət ərzində qorunub saxlanılması şərti də nəzərdə tutulur. Belə ki, 3 illik yaşayış icazəsi üçün investisiya ən azı 18 ay, 5 illik icazə üçün isə minimum 30 ay qorunmalıdır.
.png)
Bildirilir ki, müəyyən edilmiş məbləğdə investisiya yatırmaq yaşayış icazəsinin avtomatik verilməsi demək deyil. Müraciət edən şəxslər müvafiq qanunvericilikdə və Prezident qərarında nəzərdə tutulan digər tələblərə də cavab verməlidirlər.
Yeni Qanuna əsasən, onlar yaşayış icazəsi üçün müraciət edərkən Türkiyədə fəaliyyət göstərən banklarda depozit yerləşdirə biləcək, depozit yerləşdirən xarici vətəndaşlar digər şərtlərə də əməl etməklə yaşayış icazəsi üçün müraciət edə biləcəklər.
Yaşayış icazəsi verilməsini nəzərdə tutan yeni qaydalar investorların müəyyən ailə üzvləri - həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladlarına da şamil olunacaq.
Həmçinin müəyyən edilmiş məbləğdə investisiya yatıraraq 3 və ya 5 illik yaşayış icazəsi əldə edən əcnəbilər avtomatik olaraq Türkiyə vətəndaşlığı hüququ qazanmayacaq.
Qeyd olunub ki, Türkiyə vətəndaşlığının investisiya əsasında əldə olunması isə ayrıca qanunvericiliklə tənzimlənir.
Türkiyədə investisiya əsasında yaşayış icazəsi verilməsi ilə bağlı prosedur və şərtlərin müəyyənləşdirilməsi Daxili İşlər Nazirliyinə həvalə olunub.
Xatırladaq ki, 3 il əvvəl Türkiyədə yaşayış icazəsi əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiymətinin artırılacağı ilə bağlı məlumat yayılmışdı. Vətəndaşlıq əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiymətinin 600 min dollar təşkil edəcəyi qeyd olunmuşdu. Türkiyədə daşınmaz əmlak alaraq vətəndaşlıq əldə etmək imkanı 2017-ci ildən mümkündür.
Son xəbərlər
Son Xəbərlər