“Sabunçu rayonu, Balaxanı qəsəbəsində bəzi küçələrdə çoxsaylı çuxurlar, asfalt örtüyünün dağılması və digər problemlər gündəlik hərəkətdə problem yaradır”.
Bu şikayətlə “Qafqazinfo”ya sözügedən ərazidə yaşayan Mehman Əsgərov müraciət edib.
Onun sözlərinə görə, vətəndaşlar dəfələrlə öz şəxsi vəsaitləri hesabına təmir işləri aparıb: “Səməndər Rzayev, İsrafil Hüseynov, Həsən Əliyev, Hüseyn Əjdərov, Baba Pirməmmədov, Sadiq Rəhimov, Pirhüseyn Hüseynov və Sara Aşurbəyli küçələrinin sakinləri adından dəfələrlə müraciət etmişik. Lakin bu cür fərdi təşəbbüslər problemin köklü həllini təmin etmir və qısa müddət sonra yollar yenidən əvvəlki vəziyyətinə qayıdır.
Bununla yanaşı, məsələnin digər mühüm tərəfi qəsəbənin girişində yaranan tıxacdır. Xüsusilə səhər saatlarında insanların işə və məktəbə getdiyi, axşam saatlarında isə qayıtdığı vaxtlarda qəsəbənin girişində həddindən artıq avtomobil sıxlığı müşahidə olunur”.
Vətəndaş həmçinin qeyd edib ki, bir il əvvəl sakinlər nəqliyyat sıxlığı ilə bağlı konkret təklif irəli sürüb: “Biz tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa, problem həll olunar. Müraciətimizin əsas mahiyyəti Böyükşor-Pirşağı avtomobil yolunun təxminən 6-7 kilometrlik hissəsindən Sara Aşurbəyli küçəsinə birbaşa çıxışın yaradılmasıdır. Bununla da sakinlərin yol infrastrukturuna əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.
Hazırda sözügedən əraziyə qəsəbənin daxili yolları vasitəsilə çatmaq sakinlər üçün ciddi çətinliklər yaradır. Mövcud marşrutun uzun olması, daxili yolların lazımi səviyyədə təmir edilməməsi və yol infrastrukturuna kifayət qədər diqqət ayrılmaması nəticəsində küçələrin vəziyyəti qənaətbəxş deyil. Hesab edirik ki, təklif etdiyimiz alternativ yol bağlantısının yaradılması yalnız sadalanan küçələrin sakinlərinin problemini həll etməyəcək, eyni zamanda mövcud nəqliyyat axınının müəyyən hissəsinin alternativ istiqamətə yönləndirilməsinə kömək edəcək”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş təkliflə bağlı rəsmi müraciət etməlidir: “Böyükşor-Pirşağı avtomobil yolundan Sara Aşurbəyli küçəsinə birbaşa çıxışın yaradılması ilə bağlı sakinlərin təklifinin araşdırılması və qiymətləndirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi qaydada müraciət edilməsi xahiş olunur.
Bunun üçün Agentliyin [email protected] elektron poçt ünvanına rəsmi müraciət ünvanlanmalıdır. Müraciət daxil olduqdan sonra qeyd olunan təklifə və məsələyə aidiyyəti üzrə baxılaraq müvafiq cavab verilə bilər.
Həmçinin qeyd edirik ki, Sabunçu rayonu üzrə Agentliyin balansında olan avtomobil yollarında təmir işləri mütəmadi olaraq həyata keçirilir. Bununla yanaşı, qeyd olunan küçələr Agentliyin balansında deyil. Qəsəbədaxili yollarla bağlı məsələlərin araşdırılması və həlli üçün aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunur”.
İddia olunan yol problemi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin cavabı isə belə oldu: “Rayonun digər qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Vətəndaşların müraciətində qeyd olunan küçələrdə yol örtüyünün təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına daxil edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər